Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Dövlət Proqramı üzrə xaricdə  təhsil alacaq gənclər onlar üçün yaradılmış bu imkanı yüksək qiymətləndirirlər

 

Artıq yeddinci ildir ki, əsas məqsədi azərbaycanlı tələbələrin ölkəmizin davamlı inkişafına töhfə verəcək yüksək ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət olan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" həyata keçirilir. 2015-ci ilədək 5000 gəncin dünyanın inkişaf etmiş ölkələrinin ən aparıcı universitetlərində təhsil almasını nəzərdə tutan proqrama maraq ildən-ilə artır. Bu il də Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün yüzlərlə gənc müraciət etmişdir. Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 22 may-16 avqust tarixlərini əhatə etmişdir.

Azərbaycan  Respublikası  Prezidenti  yanında  Təhsil  üzrə  Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin  təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərin 152-si barədə  müsbət qərar qəbul edilmişdir. Sənədləri qəbul olunmuş digər namizədlərlə Təhsil Nazirliyində müsahibələr davam edir. Redaksiyamızın əməkdaşı barələrində müsbət qərar verilmiş namizədlərin bir neçəsi ilə əlaqə saxlayaraq aparılmış seçim  proseduru  haqqında  fikirlərini   oxucularımızla  bölüşmələrini xahiş etmişdir.    


"Sevincimin həddi-hüdudu yox idi"

- 1993-cü il noyabrın 30-da Bakı şəhərində anadan olmuşam. 2000-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 nömrəli tam  orta məktəbdə I sinfə getmişəm. 2011-ci ildə həmin məktəbdən məzun olmuşam. Həmin il TQDK-nın I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 625 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının proseslərin avtomatlaşdırılması (tempus) mühəndisliyi ixtisasına qəbul olmuşam. I semestrin sonlarında artıq ixtisasımla bağlı İnternetdən davamlı şəkildə məlumatlar əldə etməyə başlamışdım. Hər dəfə yeni bir şey öyrəndikcə bu ixtisasa olan marağım daha da artmağa başlayırdı. Lakin hər dəfə yeni bir şey öyrəndikcə bakalavr təhsilimi xaricdə almağın mənim üçün nə qədər vacib olduğunu anlayırdım. Buna görə də I kursun sonunda təhsilimi xaricdə davam etdirmək qərarına gəldim.

Əksər xarici universitetlərə qəbul olmaq üçün əsasən, attestat, universitet qiymətləri (transkript) və ən əsası IELTS sertifikatı tələb olunur. Hər bir universitetin özünün ixtisasdan asılı olaraq minimum tələbləri və müraciət qaydası olur. Məsələn, İngiltərədə bakalavr üzrə təhsil almaq istəyənlər universitetlərə mütləq UCAS vasitəsilə müraciət etməlidirlər. UCAS universitetlərə mərkəzləşdirilimiş onlayn müraciət sistemidir. UCAS vasitəsilə eyni anda maksimum 5 universitetə müraciət etmək mümkündür. IELTS sertifikatımı alandan sonra mart ayında 4 universitetə müraciət etdim. Artıq aprel ayının sonuna kimi Şeffild, Nyukasl və Nottingam universitetlərindən müsbət cavab almışdım. Həm digər universitetlərlə müqayisədə daha reytinqli olduğu, həm də buradakı ixtisas oxuduğum ixtisasla demək olar ki, eyniyyət təşkil etdiyi üçün Şeffild  Universitetini (avtomatik idarəetmə və sistemlər mühəndisliyi) seçdim.

Növbəti mərhələdə universitetə qəbul olduğumu göstərən məktubu, universitetdə kafedramızın dosent və professorundan aldığım 2 ədəd zəmanət məktubunu, transkript və s. tələb olunan sənədləri topladıqdan sonra iyun ayının sonlarında Təhsil Nazirliyinə müraciət etdim və 5-6 gün sonra müsahibəyə çağırıldım. Seçdiyim universitetin üstünlükləri və ixtisasım haqqında, onun tətbiq sahələri barədə kifayət qədər ümumi bilgilərə sahib olduğum üçün müsahibə nisbətən rahat keçdi, amma təbii ki, həyəcan da var idi. Qeyd edim ki, müsahibə çox şəffaf və yaxşı təşkil olunmuşdu. Müsahibədən təxminən bir ay sonra isə nazirlikdən gələn zənglə proqrama qəbul olduğum barəsində çoxdan gözlədiyim şad xəbəri aldım. Sevincimin həddi-hüdudu yox idi.

Gələcək üçün kifayət qədər böyük planlarım var. İlk öncə onu qeyd edim ki, təhsil alacağım ixtisasın neft-qaz sektoru ilə yanaşı, həm də qeyri-neft sektorunda kifayət qədər geniş tətbiqləri var. Zaman keçdikcə ölkədə qeyri-neft sektorunun inkişafı, alternativ enerji mənbələrinin tətbiqi və getdikcə insan əli dəyməyən avtomatik idarəolunan zavodların inkişafı ilə əlaqədar gələcəkdə avtomatika   mühəndislərinə olan tələbatın artacağına şübhə yoxdur. Təhsilimi bitirdikdən sonra geri qayıdaraq ölkədə BP, SOCAR, Schlumberger, Halliburton, Emerson və s. bu kimi böyük şirkətlərdə karyera qurmağı düşünürəm.

İngiltərədə təhsil aldığım müddətdə elmi cəmiyyətlərin üzvü olmaq, universitet daxilində və     xaricində təşkil olunan robot yarışlarında iştirak   etmək və beləcə robototexnika biliklərimi artırmaq istəyirəm. Yay tətillərində isə İngiltərədə təhsil alacağım müddətdə əldə edəcəyim bilikləri burada təhsil alan tələbələrlə bölüşmək üçün seminarlar keçirməyi, bu sahə üzrə əldə etdiyim ən son yeniliklərdən onları da xəbərdar etməyi düşünürəm. Hətta yaxın gələcəkdə ölkə daxilində avtomatika və elektronika mühəndisləri cəmiyyətini də qurmağa və beləcə daim universitetdə təhsil alan tələbələrin bu sahəyə maraq göstərməsinə və universitetdə əldə edə bilmədiyi praktiki bilikləri əldə etməsinə yardımçı olmağa çalışacağam.

Hazırda gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar var. Onu deyə bilərəm ki, xaricdə təhsil almaq üçün hər kəsin əlində kifayət qədər şans var. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və SOCAR-ın xarici təqaüd proqramı vasitəsilə  Amerika, Kanada, İngiltərə, Almaniya kimi ölkələrdə dünyanın ən qabaqcıl təhsil ocaqlarında təhsil almaq artıq reallıqdır. Digər tərəfdən, gənclərin magistr dərəcəsi üzrə təhsil almaq istədiyi universitetlərdən də təqaüd və ya endirimlər əldə etməsi üçün kifayət qədər proqramlar mövcuddur.  Biz gənclərə  xaricdə təhsil almaq üçün bu qədər geniş şəraitin yaradılmasına görə, əlbəttə, ilk növbədə, dövlətimizə, gənclərə daim böyük qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Dərslərim sentyabr ayının sonunda başlayacağı üçün hələ ki, Azərbaycandayam. Amma təxminən 1 aydan sonra ixtisasım üzrə Avropada ən böyük kafedraya sahib, Siemens, Rols-Roys, British Airways, Avropa Kosmik Agentliyi və s. bu kimi dünyaca məşhur şirkət və təşkilatlarla əlaqəsi olan bir  universitetdə təhsil alacağımı düşündükcə keçirdiyim sevinc hissini sözlə ifadə edə bilmirəm. Düzdür, İngiltərə kimi bir ölkədə xüsusilə də mühəndislik üzrə təhsil almağın kifayət qədər çətin olduğunu başa düşürəm. Amma ixtisasa olan marağım çox böyükdür, ona görə də bütün çətinlikləri aşa biləcəyimə inanıram. Bu il mənimlə yanaşı Dövlət Proqramı ilə xaricdə təhsil alacaq və gələcəkdə təhsil almağı düşünən bütün gənclərə və abituriyentlərə uğurlar arzulayıram.  

Nicat İBRAHİMOV,
Böyük Britaniyanın Şeffild Universitetinin tələbəsi
 


"Seçim mərhələsi şəffaf və ədalətli keçirilmişdir" 

 - Mən, Fuad Arif oğlu Hacıyev 1986-cı ildə Bakıda anadan olmuşam. 1992-ci ildə Bakı şəhərinin Suraxanı rayonundakı 104 nömrəli tam orta məktəbdə təhsilə başlamışam. Ailəmizdə təhsilə olan maraq 7-ci sinifdə mənim Bakı Özəl Türk Liseyinə imtahan verib qəbul olmağıma səbəb oldu. Lakin o dövr üçün çox yüksək olan təhsil haqqı mənə liseydə yalnız bir il təhsil almaq imkanı verdi. Daha sonra mən yenə əvvəlki məktəbimə qayıtmalı oldum. Artıq qarşımda yeni hədəfim var idi: təhsil haqqının olmadığı, amma seçim imtahanının çox çətin olduğu Bakı Türk Anadolu Liseyi. İmtahan verərək bu liseyə qəbul oldum. Qəbul siyahısında 5-ci olmağım əvvəlki ruh düşkünlüyünü aradan qaldırmışdı. Liseydə oxuduğum müddətdə bakalavr təhsilimi xarici universitetdə almaq arzusunda idim. Lakin ailəmizin maddi imkanının məhdudluğu məni hələ hədəfimdən çox uzaqda saxlayırdı.

2005-ci ildə Bakı Türk Anadolu Liseyindən məktəb birincisi kimi məzun olub 637 balla Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul oldum. Oxuduğum dövrdə kompüter proqramlaşdırmasına olan böyük marağım dəyərli müəllimlərimin diqqətindən yayınmadı. Qafqaz Universiteti daxilində qurulan proqramlaşdırma üzrə qrupun fəal üzvlərindən oldum. Dəfələrlə universitetdaxili müsabiqələrdə uğur qazandım. Daha sonra qrup şəklində tələbələrin beynəlxalq ACM proqramlaşdırma olimpiadalarına qatılmağa başladım. Regionlar üzrə keçirilən bu olimpiadaların birində 2-ci yeri tutaraq yarımfinala vəsiqə qazandım. 2006-ci ildə Tehran və Batumi, 2007-ci ildə Tbilisi şəhərlərində olimpiadalarda iştirak hüququ qazanaraq fəxri fərmanlar əldə etmişdim. Olimpiada hazırlıqlarımla bərabər digər dərslərimə də həvəslə davam edirdim. Nəticədə qiymət ortalamasına görə 2010-cu ildə Qafqaz Universitetindən bölmə və fakültə birincisi kimi məzun oldum.

Hələ buraxılış işini bitirməmiş qəbul olduğum Azərfon şirkətində (Nar Mobile) 2010-cu ildən praktik təcrübə qazanmağa başladım. İşlədiyim müddətdə artıq xaricdə təhsil üzrə Dövlət Proqramının mövcudluğundan xəbərdar idim. Xaricdə ən reytinqli universitetlərdə təhsil almaq hədəfim daha mənə uzaq görünmürdü. 2012-ci ildə sənədlərimi Böyük Britaniyanın  London İmperial Kollecinə yolladım və şərtli qəbul aldım. Şərtsiz qəbul üçün IELTS imtahanından yüksək bal yığmalı idim. Lazımı balı yığdım. Fəqət imtahan və nəticələrin açıqlanma proseduru çox vaxt aldığından sənədlərimi yalnız avqustun ilk həftəsində Təhsil Nazirliyinə təqdim edə bildim. Təqribən iki ay sonra - oktyabr ayının ikinci həftəsində proqramın qalibi olduğumu bildirdilər. Ancaq universitetdə qeydiyyata gecikdiyim üçün sonrakı ildə yenidən müraciət etmək qərarına gəldim.

Beləliklə, bu il iyun ayının 6-da Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirilən elektron ərizə vasitəsilə  təqaüd üçün yenidən müraciət etdim. Qəbul olunduğum Böyük Britaniyanın London İmperial Kolleci dünya universitetləri içərisində reytinqinə görə ilk onluğa daxil olan ali məktəb idi. Təyin olunmuş vaxtda sənədlərimi yenidən təqdim etdim. Sənədlərimi qəbul etdikdən sonra mənə müsabiqədə iştirakımın qeydiyyatı ilə əlaqədar bildiriş verdilər. Digər tələbələr kimi mən də bizim müvəffəqiyyətimiz naminə bu cür həssas münasibəti yüksək qiymətləndirirəm. Hətta müşahidə edirdim ki, elektron ərizənin doldurulması zamanı səhvə yol vermiş iştirakçılar geri qaytarılmır, tam əksinə, oradaca ərizələrin düzgün şəkildə redaktə olunmasına kömək göstərilirdi.

Sənədlərimi təqdim etdikdən təqribən iki həftə sonra - iyun ayının 13-də məni telefon vasitəsilə növbəti mərhələyə - müsahibəyə dəvət etdilər. Müsahibə nazirliyin Təhsil Muzeyində təşkil olunmuşdu. Burada tələbələri tək-tək qəbul edirdilər. Hamı kimi məni də üç  nəfərdən ibarət qrup qəbul etdi. Xaricdə təhsilimi ingiliscə alacağımdan müsahibəyə də elə bu dildə başladıq. Özümü təqdim etdikdən sonra indiyə qədər aldığım təhsilin keyfiyyətini və gələcək ixtisasımla əlaqəsini əhatə edən dialoqlarımız başladı. Onlar proqram çərçivəsində maraqlı olduqları bütün  nüanslarla bağlı suallarını verirdilər, mən də onları cavablandırırdım. Daha sonra müsahibəni ana dilimizdə davam etdirdik. Təqribən 12-15 dəqiqə davam edən müsahibənin ardından nəticəm barədə daha sonra məlumat veriləcəyi bildirildi.

Nəhayət, iyulun 29-da mənə telefonla zəng edib proqramın qalibi olduğumu bildirdilər və avqust ayının  3-də təhsil naziri cənab Mikayıl Cabbarovla görüşə dəvət etdilər. Mən çox sevindim, təkcə ona görə yox ki, təqaüd qazanmışdım, həm də ona görə ki, çoxdan arzusunda olduğum və maddi cəhətdən əldə edə bilmədiyim hədəfimə dövlətimizin dəstəyi ilə nail olacaqdım.

Gözlənilən gün gəlib çatdı. Cənab nazir bizi təbrik etdi, builki proqramın ilk qalibləri olaraq bizə uğur və müvəffəqiyyət arzuladı. Bizə böyük ümidlər bəsləndiyini və hər birimizin Azərbaycanı təmsil etdiyini vurğuladı. Daha sonra Təhsil Nazirliyi ilə tələbələr arasında müqavilə imzalanaraq bizlərə sponsorluq məktublarımız təqdim edildi.

Həqiqətən cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Təhsil Nazirliyi tərəfindən layiqincə həyata keçirilir. Seçim mərhələsinin şəffaf və ədalətli keçirilməsini yüksək qiymətləndirirəm və bu işdə əməyi olan Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvlərinə öz təşəkkürümü bildirirəm.

Azərbaycan gəncləri üçün yaradılan bu şəraitə, böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı ifadə edir, bu etimadı doğruldacağıma söz verirəm.  

Fuad HACIYEV,
Böyük Britaniyadakı London İmperial Kollecinin magistrantı


"Azərbaycanı dünyada layiqincə təmsil edəcəyik"  

- Mən, Məmmədov Şahlar Şahmar oğlu 1994-cü ildə Samux rayonunda anadan olmuşam. 2011-ci ildə Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin məzunu olub TQDK-nın keçirdiyi qəbul imtahanlarında 660 bal toplayaraq Xəzər Universitetinə qəbul olmuşam.  2011-2012-ci illərdə ABŞ dövləti tərəfindən maliyyələşən FLEX mədəniyyətlərarası mübadilə proqramı ilə 1 il Amerikada təhsil almışam. 2013-cü ildə Kanadanın Toronto Universitetinə qəbul olmuşam və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində növbəti 4 ili Toronto Universitetində təhsil alacağam.

"Zəkalar" liseyində təhsil aldığım müddətdə müəllimlərim məni daim yarışlarda, olimpiadalarda və müxtəlif turnirlərdə iştirak etməyə həvəsləndirirdi. Məhz onların sayəsində hələ məktəbdə oxuyarkən dil biliklərimi inkişaf etdirmişdim. Eyni zamanda sinfimizdəki rəqabət mühiti və özümün qalib olmaq istəyim məni məqsədinə can atan bir insan kimi formalaşdırırdı. Bu, eyni zamanda özlüyündə xaricdə təhsil almaq, yeni insanlarla tanış olmaq və Azərbaycanı xaricdə təmsil etmək kimi istəklərimi daha da artırırdı.

Məktəbi bitirdikdən sonra ABŞ-da keçirdiyim bir ilin həyatımda çox müsbət təsirləri oldu və ailədən uzaqda yaşamağı, problemləri təkbaşına həll etməyi və digər mənsubiyyətə malik insanlarla münasibət yaratmağı öyrətdi. Düşünürəm ki, hazırda Kanadada təhsil almaq üçün tam hazır vəziyyətdəyəm və özümü inkişaf etdirmək, əldə olan imkanlardan maksimum yararlanmaq üçün çalışacağam.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bir çox azərbaycanlı gənc kimi mənim də arzularımın yerinə yetməsində əsas rol oynayır. Hələ məktəb illərindən formalaşan xaricdə təhsil almaq arzumu yerinə yetirmək və dünyanın ən yaxşı universitetlərindən birində təhsil almaq imkanı yaradan bu proqramdan öncəki illərdə tanıdığım bir neçə adam da yararlanmışdır. Xaricdə təhsil üzrə dövlət proqramı xarici universitetlərin təhsil haqqı və orta statistik Azərbaycan ailəsinin gəlirləri arasındakı fərqi əhəmiyyətsizləşdirir və layiqli gənclərin yüksək səviyyədə təhsil almasını təmin edir. Bu proqram dövlətin yürütdüyü gənclər siyasətinin uğurlu nümunəsidir. Biz gənclərə göstərdiyi bu  qayğıya görə dövlətimizə, proqramın reallaşmasında əməyi olan bütün insanlara minnətdarlığımı bildirirəm.

Xaricdə təhsil üzrə dövlət proqramının seçim prosesi sənədlərin qəbulu və müsahibədən ibarətdir. Bu proqram haqda bir neçə il öncə maraqlandığımdan sənəd qəbulu başlayan kimi ərizəmi təqdim etdim və təxminən 2 həftə sonra müsahibəyə dəvət olundum. Müsahibə həm ingilis, həm də Azərbaycan dillərində keçirildi və müsahibədən uğurla çıxdım. Təxminən 1 ay sonra cavablar elan olundu.

Sonda mənim bu uğurumda zəhməti olan hər kəsə - valideynlərimə, müəllimlərimə və bizə bu imkanı yaradan Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Dövlət proqramının iştirakçısı seçilmiş hər kəsi təbrik edir və təhsillərində uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycanı dünyada layiqincə təmsil edəcəyik. Gələcəkdə ən böyük arzum iqtisadiyyat üzrə magistratura təhsili də alıb yüksək ixtisaslı mütəxəssis kimi yetişmək, Vətənimə layiqincə xidmət etməkdir. 

Şahlar MƏMMƏDOV,
Kanadanın Toronto Universitetinin tələbəsi


"Dövlət Proqramı gənclərə göstərilən qayğını əks etdirir"

 
 

- Mən, Fərhad Aydın oğlu Pənahov 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Bakıdakı 214 nömrəli  tam orta məktəbdə almışam. Hələ erkən yaşlarımdan məndə oxumağa böyük həvəs var idi. Xüsusilə də  riyaziyyat fənninə güclü maraq göstərirdim. Çox sevdiyim müəllimim Səidə Qasımova məndə bu istedadı aşkar etmiş, riyaziyyatla  ciddi məşğul olmağımın əsasını qoymuşdu. Bir çox fənn olimpiadalarında uğurlu iştirakımın  səbəbkarı da məhz o olmuşdur. Məktəb illərində  məndə şahmata da böyük həvəs var idi və bu müdrik oyunla  müntəzəm məşğul olurdum. Bu sahədə kifayət qədər nailiyyətlərim də var idi. Belə ki, bir neçə dəfə respublika səviyyəli yarışlarda iştirak edərək  qaliblər sırasına çıxmışdım.  Hamı mənim perspektivli idmançı olduğumu deyirdi. Lakin sonralar  prioritetlərimi nəzərə aldım və təhsilimi mükəmməlləşdirməyə daha çox önəm verdim. Nəticədə 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında 652 bal toplayaraq Qafqaz Universitetinin tələbəsi oldum. Son zamanlar  iqtisadiyyatla daha çox maraqlandığım üçün fakültə seçimində çətinlik çəkmədim.

Yeri gəlmişkən qeyd edim ki, Qafqaz Universiteti tələbələrə yüksək keyfiyyətli kadr olmaq şəraiti yaratmışdır və mən bacardığım qədər bu imkandan yararlandım. Lakin mən burada oxuya-oxuya  xarici ölkələrin birində təhsilimi davam etdirmək  barədə də  fikirləşməyə başladım. Elə hər şey də  bundan başlandı. Xarici ölkələrin universitetləri ilə maraqlananda gördüm ki, onlara daxilolma  proseduru  kənardan göründüyü qədər də  mürəkkəb deyil. Tez bir zaman ərzində  seçim edib Kanadanın  Britaniya Kolumbiyası Universitetinin üzərində dayandım. Seçim mərhələsindən  uğurla keçdim. Bundan sonra lazım olan sənədləri toplayıb  Təhsil Nazirliyinə verdim. Ən çox həyəcanım  sənədlərimi Dövlət Proqramına təhvil  verdikdən  sonra başladı. Düzdür, sənədlərimlə bağlı bəzi problemlər yaşansa da Təhsil Nazirliyinin əməkdaşları öz köməklərini əsirgəmədilər və qısa zamanda bu sıxıntılar  aradan qalxdı. Müsahibəyə çağırıldım. Mənə ixtisasımı necə seçməyim, niyə məhz Britaniya Kolumbiyası Universitetində  oxumaq istəməyimlə, eləcə də  ümumi dünyagörüşümü müəyyənləşdirməklə bağlı suallar verildi. Cavablarımdan razı qaldılar.

Müsbət cavab alanda isə  sevincimin həddi-hüdudu yox idi. Çünki bu, gələcək həyatımda çox böyük, bəlkə də həlledici rol oynayacaq bir hadisədir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" dövlətimizin gənclərin təhsilinə göstərdiyi böyük qayğını əks etdirir. Mən bu proqramla bizə xaricdə təhsil almaq imkanı verdiyi üçün dövlətimizə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına  minnətdarlığımı bildirirəm.

Təbii ki,  bakalavriatura təhsili ilə kifayətlənməyəcəyəm. Gələcəkdə təhsilimi magistraturada davam etdirəcəyəm. Bu arzumu  imkan  olsa elə oxuduğum  universitetdə, bu alınmasa,  digər xarici universitetlərin birində reallaşdırmağa çalışacağam. Çünki hazırda  ölkəmiz yüksək sürətlə inkişaf edir. Bu inkişaf sürətini gələcəkdə də saxlamaq üçün  ölkəmizin  güclü iqtisadçılara  ehtiyacı olacaq.  Mən məhz belə bir mütəxəssis olub  Vətənimə xidmət etmək istəyirəm. 

Fərhad PƏNAHOV,
Kanadanın Britaniya Kolumbiyası Universitetinin tələbəsi

Səhifəni hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov