Azərbaycan Diplomatik Akademiyasında (ADA) Koreya
Respublikasının və Niderland Krallığının müxtəlif
universitet və məktəblərinin tələbə və şagirdləri ilə
görüş keçirilmişdir.
ADA-dan AzərTAc-a bildirmişlər ki, akademiyanın icraçı
prorektoru Fariz İsmayılzadə bu ali təhsil ocağının
Koreya Respublikasının Hankuk və Koreya universitetləri,
Niderlandın Klingendael və Maastrixt universitetləri ilə
əlaqələrindən, tələbə mübadiləsi sahəsində əməkdaşlığın
əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, bu cür
görüşlər xalqlararası dostluq əlaqələrinin
gücləndirilməsində mühüm rol oynayır.
Görüşdə qonaqlara ölkəmizin geosiyasi vəziyyəti, keçdiyi
inkişaf yolu, o cümlədən ADA-nın bu inkişafa verdiyi
töhfələrlə bağlı məlumat verilmiş, Koreya Respublikası
və Azərbaycan arasında həm tarixən, həm də hazırkı
inkişaf yolunda nəzərəçarpan oxşarlıqlar ətrafında
müzakirələr aparılmışdır.
Sonra tələbə və şagirdlərə ADA-nın tarixi, strukturu,
akademiyada təhsil almağın yolları, xarici tələbələr
üçün yaradılmış şərait, təhsili başa vurduqdan sonra
tələbələrin karyeralarının qurulmasında göstərilən
yardım və digər bu kimi əhəmiyyətli mövzular barədə
məlumat verilmişdir.
Sonda görüş iştirakçıları üçün kampus tur təşkil
edilmişdir.
Qeyd edək ki, ADA-nın qonaqları 2010-cu ildə başladılmış
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin
qalibləridir. Bu layihənin məqsədi gəncləri Azərbaycan
haqqında məlumatlandırmaq, tələbələri və gənc elm
xadimlərini ölkəmizi daha yaxından tanıtmaq və
respublikamız barədə gələcək elmi-tədqiqat fəaliyyətinə
həvəsləndirməkdir. |