Avqustun 23-də 2013-2014-cü tədris ilində ümumi təhsil
və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin
işə qəbulu üzrə müsabiqə başa çatmışdır.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə 3286
vakant yer müəyyənləşdirilmişdir. Onlardan 2999-u
Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrə
olmuşdur. Azərbaycan bölməsi üzrə ən çox vakant yer
biologiya, kimya, coğrafiya, Azərbaycan dili və
ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika
fənlərini, rus bölməsi üzrə isə ən çox vakant yer
ibtidai sinif müəllimi ixtisasını əhatə etmişdir. Vakant
yerlərə 18782 nəfər elektron ərizə versə də,
imtahanlarda 15030 nəfər iştirak etmişdir.
Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu
üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə
16195 olmuşdur.
Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili
və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını
seçənlərin sayı daha çox olmuşdur. Belə ki, Bakıda
yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi
yerinə 1000-dən artıq müraciət qeydə alınmışdır.
İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan
bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla,
ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə
buraxılmışdır. Müsahibənin nəticələrinə əsasən 1245
müəllim işə qəbul edilmişdir.
Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin
nəticələrinə görə, boş qalan vakant yerlərə aparılmış
əlavə yerləşdirmədə iştirak etmiş 2443 nəfərdən 400-ü
müsahibəyə buraxılmış və onların 229 nəfəri işə qəbul
edilmişdir. Beləliklə, müəllimlərin işə qəbulu üzrə
müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474
nəfər işə qəbul olunmuşdur.
Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin
işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid
balı aşağı salınmamışdır. İşə qəbul olunacaq
müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək
olması müsabiqənin əsas meyarı kimi qəbul olunmuşdur.
Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs
yükünün digər müvafiq fənn müəllimləri arasında
bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas
müəllimlərinə verilməsi nəzərdə tutulmuşdur. |