Avqustun 23-də Təhsil Nazirliyi tərəfindən keçirilmiş IV
"Elektron təhsil" və "1 şagird: 1 kompüter" Respublika
müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi
olmuşdur.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov
müasir dövrdə informasiya-kommunikasiya
texnologiyalarının təhsil sistemində tətbiqinin
əhəmiyyətini qeyd etmiş, bu məsələnin Azərbaycan
dövlətinin təhsil siyasətində önəmli yer tutduğunu, bu
məqsədlə son illər iki Dövlət Proqramının qəbul olunaraq
reallaşdırıldığını diqqətə çatdırmışdır. Təhsil
Nazirliyi tərəfindən artıq dördüncü ildir ki, keçirilən
hər iki müsabiqənin müəllimlərdə dərin maraq
yaratdığını söyləyən təhsil nazirinin müavini builki
müsabiqənin də onların böyük fəallığı ilə keçdiyini
bildirmiş və qalibləri təbrik etmişdir.
Qeyd olunmuşdur ki, hər iki müsabiqə üzrə bütün
layihələr onlayn qaydada təqdim edilmişdir. Belə ki,
iştirakçılar www.musabiqe.edu.az səhifəsindən
qeydiyyatdan keçərək öz işlərini müsabiqəyə
göndərmişlər. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər
heyəti tərəfindən onlayn qaydada qiymətləndirilmişdir.
"Elektron təhsil" müsabiqəsinin məqsədi Azərbaycanın
təhsil sistemində informasiya texnologiyalarının daha
geniş istifadəsini stimullaşdırmaq və müəllimlərin bu
sahəyə marağını artırmaqdır. "Elektron tədris
vəsaitlərindən istifadə edilməklə qurulan tədris
prosesinin ən yaxşı modeli", "Təhsildə İnternet
resursları" və "Müəllimlərin bloqları" nominasiyaları
üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunmuşdur.
Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə
diplomlar, noutbuklar, netbuklar, printerlər və digər
xüsusi mükafatlar təqdim olunmuşdur. Qaliblərlə yanaşı,
müsabiqədə fərqlənmiş 24 iştirakçıya da müxtəlif
hədiyyələr verilmişdir.
"1 şagird: 1 kompüter" müsabiqəsinin əsas məqsədi Təhsil
Nazirliyi tərəfindən alınmış 200 ədəd netbukun daha
səmərəli istifadə etməyə hazır olan müəllimlər və
məktəblər arasında bölüşdürülməsini təmin etməkdən
ibarətdir. Yalnız II-VI siniflərdə dərs deyən
müəllimlərin qatıldığı müsabiqəyə 206 layihə təqdim
edilmişdir. Müsabiqənin I mərhələsinə 140 iştirakçının
layihəsi qəbul edilmişdir. Ekspert komissiyasının seçimi
əsasında ikinci mərhələyə buraxılmış 30 layihədən 9-u
qalib gəlmişdir.
Müsabiqədə qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil
Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulacaq, noutbukla, proyektorlarla, elektron lövhə və
şagirdlərin sayına uyğun netbuklarla təchiz
ediləcəkdir.
Yusif ƏLİYEV |