Avqustun
27-də Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi
keçirilmişdir. Təhsil Nazirliyi, Şəki Şəhər İcra
Hakimiyyəti və Yaponiya hökumətinin birgə maliyyə
dəstəyi ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant
Proqramı" çərçivəsində təhsil müəssisəsində əsaslı təmir
işləri aparılmış, tədris ocağının maddi-texniki bazası
yenilənmişdir. Belə ki, peşə məktəbində turizm, xidmət,
kompüter, tikiş sahələri üzrə yeni kabinetlər istifadəyə
verilmiş və müvafiq avadanlıqlarla təchiz edilmişdir.
Açılış mərasimində Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov, Yaponiyanın Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab
Şusuke Vatanabe, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov və rayon ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən
hazırkı binada fəaliyyət göstərən Peşə Məktəbində bu
günə qədər əsaslı təmir işləri aparılmamışdır. Müasir
avadanlıqlarla təchiz edilən Peşə Məktəbində növbəti
tədris ilindən başlayaraq bir sıra yeni ixtisaslar üzrə
kadr hazırlığına başlanılması planlaşdırılır. Belə ki,
Şəki rayonunun turizm potensialı nəzərə alınaraq, təhsil
müəssisəsində turizm və xidmət sahələri üzrə yeni
ixtisasların tədris edilməsi üçün müvafiq şərait
yaradılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti
sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun
artırılması istiqamətində son illər bir sıra mühüm
qərarlar qəbul edilmişdir. Ölkə iqtisadiyyatının
sürətli
inkişafı ixtisaslı kadrlara olan tələbatı artırmışdır.
Odur ki, peşə təhsili sahəsində islahatların sistemli
şəkildə davam etdirilməsi qarşımızda duran əsas
vəzifələrdən biridir.
Peşə təhsili sisteminin əhatə dairəsinin
genişləndirilməsi və kadr hazırlığı prosesinin
keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi
Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına
başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot
peşə təhsili komplekslərinin yaradılması nəzərdə
tutulmuşdur.
Sentyabr ayında 14 nömrəli Bakı Peşə Məktəbində KNAUF
şirkətinin dəstəyi ilə "Quru inşaat ustası", 18 nömrəli
Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə
"Dülgər, xarrat-parket ustası" və "Eldar studio"
şirkətinin dəstəyi ilə "Bərbər" ixtisası üzrə siniflər,
4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin
dəstəyi ilə "Elektrik-qaz qaynaqçısı" ixtisası üzrə
Resurs Mərkəzi açılacaqdır.
İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti
sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri
sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani)
şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs
Mərkəzinin açılması nəzərdə tutulmuşdur. Resurs
Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin
quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə
kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili
sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi
veriləcəkdir. Qeyd olunan mərkəzdə təhsil prosesinin
təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər.
Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatların
əsas məqsədi peşə məktəblərinin fəaliyyətini
canlandırmaqdan ibarətdir. Həyata keçirilən pilot
layihələrin nəticələrinin digər peşə məktəblərində bir
model kimi tətbiq olunması nəzərdə tutulmuşdur. |