Yeni tədris ilindən başlayaraq "Avropa Tələbələr Forumu
- Sumqayıt" İctimai Birliyi ekoloji problemlərin
həllində yeniyetmə və gənclərin iştirakı ilə bağlı
Sumqayıtda yerləşən 20-yə yaxın orta məktəbdə
maarifləndirmə işləri həyata keçirəcək. Maarifləndirmə
tədbirləri Ekoloji Şəbəkə işçi qrupu tərəfindən
aparılacaq. Qeyd edək ki, Ekoloji Şəbəkə may ayında
keçirilmiş "Gənclərin ekoloji yaz düşərgəsi" layihəsinin
seçilmiş üzvlərindən ibarət heyətdən yaradılmışdır.
Sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılmışdır.
Məlumat üçün bildirək ki, Avropa Tələbələr Forumu
Avropada ən böyük tələbə assosiasiyasıdır. Bu təşkilat
Avropanın 43 ölkəsinin 243 şəhərindən olan müxtəlif
mədəniyyətlərə malik 20000-dək tələbəni özündə
birləşdirir. Onun həyata keçirdiyi bütün layihə və
fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri
əsasındadır. "Avropa Tələbələr Forumu - Sumqayıt"
İctimai Birliyi həmin assosiasiyanın Sumqayıt şəhərində
nümayəndəliyidir. Birliyin əsas məqsədi Azərbaycan və
Avropa gəncləri arasında elm, təhsil, mədəniyyət
sahəsində əməkdaşlığın inkişafına kömək etməkdir.
Samirə KƏRİMOVA |