Avqustun
26-da Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının əyləncə
mərkəzlərindən birində uşaq evləri və internat
məktəblərinin sakinləri üçün xeyriyyə aksiyası
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə paytaxtımızın üç uşaq
müəssisəsindən 150 uşaq iştirak etmişdir.
Tədbirdə iştirak edən uşaqların sevinclərinin
həddi-hüdudu yox idi. Meydançada sürüşənlərin, oyuncaq
atlar üzərində, yelləncəklərdə əylənənlərin, maşın
sürənlərin, su hövzəsindəki oyuncaqları idarə edənlərin,
cəngəlliyə düşənlərin, hədiyyə udmaq istəyənlərin və bu
kimi digər əyləncələrlə məşğul olanların səsləri
bir-birinə qarışmışdı. Hamı şən, coşqun əhvali-ruhiyyədə
idi. Hər kəsin üzündən sevinc yağırdı.
Xətai rayonundakı 3 nömrəli uşaq evindən gəlmiş Leyla
Qədirova doyunca oynadığını, hər şeyin çox yaxşı,
maraqlı olduğunu bildirmişdir. Bir neçə əyləncəyə
qatıldığını deyən Leyla qorxulu tuneli xüsusilə
vurğulamış, orada həyəcan anlarını yaşasa da, tuneldən
uğurla keçdiyini demişdir. Bu bacarıqlı qız maşını da
cəsarətlə sürmüşdür. Leyla Qədirova Heydər Əliyev Fondu
tərəfindən belə tədbirlərin mütəmadi keçirildiyini demiş
və göstərilən böyük diqqət və qayğıya görə
minnətdarlığını bildirmişdir.
Uşaqlar deyir, gülür, əylənir, oyun məkanlarını tez-tez
dəyişirdilər. "Uddum, mən hədiyyə qazandım!" deyən 2
nömrəli uşaq evindən Nadir Qurbanov isə "Stinky feet"də
hədəfə düşmüşdü. Onun sevinci yerə-göyə sığmırdı.
Tramplindən sürüşən uşaqlar isə məkana çatanda
ağızdolusu "hər şey yaxşıdır" deyə sevinclərini
ətrafdakılarla bölüşürdülər.
Bolluca əylənən uşaqlar vaxtın necə keçdiyini hiss
etmədiklərini bildirirdilər.
Mərasimin sonunda uşaqlar nahar etmiş və onlara Heydər
Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur. |