Prezident təqaüdçüsü Nəriman Əmiraslanov Bakıdakı
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin
şagirdidir. O, Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Avstriyanın paytaxtı
Vyananın Motsart konsert zalında keçirilmiş "Afrikanın
uşaqlarını xilas edək" adlı xeyriyyə konsertində
iştirak etmişdir. "Panmusica Austria" Musiqi
Assosiasiyası tərəfindən təşkil olunmuş konsertdə gənc
azərbaycanlı pianoçu V.A.Motsartın fortepiano və
simfonik orkestr üçün "A-dur" konsertini vermişdir. On
dörd yaşlı Nəriman Əmiraslanov 2011-2013-cü illərdə
Almaniya, Avstriya, Estoniya, Fransa, İsveç, İtaliya və
Polşada keçirilmiş ondan çox beynəlxalq müsabiqənin
laureatı və diplomantı olmuşdur. Moskvanın Böyük Kreml
Sarayında keçirilmiş gənc klassik musiqi ifaçılarının
III və Vladimir Spivakov Beynəlxalq Xeyriyyə Fondunun
dəvətinə əsasən "Moskva dostları qarşılayır" adlı IX
beynəlxalq festivallarında uğurla çıxış etmişdir. |