Xəbər
verdiyimiz kimi, ötən il Naxçıvan Özəl Universitetinin
rektoru, professor İsmayıl Əliyev və universitetin bir
qrup əməkdaşı Şimali Kipr Türk Cümhuriyyətinin Doğu
Ağdəniz Universitetində olmuşlar. Hər iki universitetin
rektoru qarşılıqlı əməkdaşlığın əhəmiyyətinin mühüm
olduğunu vurğulamış, aparılmış danışıqlarda, bir çox
sahələrdə ikitərəfli elmi əlaqələr və digər məsələlər
barədə razılığa gəlinmişdir. Əldə olunmuş razılaşmalara
əsasən universitetlər arasında tələbə mübadiləsi həyata
keçiriləcək, univerıitetin professor-müəllim heyəti Doğu
Ağdəniz Universitetində müntəzəm şəkildə keçirilən
ixtisasartırma kurslarında iştirak edərək beynəlxalq
dərəcəli sertifikat alacaqdır.
Bununla əlaqədar olaraq bu yaxınlarda universitetin
tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə
doktoru, dosent İbrahim Kazımbəylinin rəhbərliyi ilə
universitetin bir qrup əməkdaşı bir neçə istiqamət üzrə
Doğu Ağdəniz Universitetində ixtisasartırma kurslarında
iştirak etmişdir. İxtisasartırma kurslarında "Kurikulum
və akkreditasiya", "İKT-dən istifadənin yeni
istiqamətləri", "İngilis dilinin tədrisi metodikası"
mövzularında seminarlar keçirilmişdir.
Səfər zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Dərviş Əroğlu Naxçıvan Özəl Universitetinin və Bakı
Dövlət Universitetinin nümayəndələrini qəbul etmişdir.
Prezident Dərviş Əroğlu öz çıxışında ölkəsində mövcud
yeganə dövlət universiteti olan Doğu Ağdəniz
Universiteti ilə Naxçıvan Özəl Universitetinin
hərtərəfli əlaqələr qurmasından məmnunluğunu dilə
gətirmişdir. O, həmçinin Azərbaycandan gələn Naxçıvan
Özəl Universiteti ilə Bakı Dövlət Universitetinin
müəllim və tələbələrinin onu ziyarət etməsini də yüksək
qiymətləndirmiş və Azərbaycanla əlaqələrin çox uzun
illərə söykəndiyini qeyd edərək mövcud əlaqələrin zaman
keçdikcə daha da artacağını bildirmişdir.
Görüş zamanı Naxçıvan Özəl Universitetinin prorektoru,
dosent İbrahim Kazımbəyli çıxış edərək Azərbaycanla
Şimali Kipr Türk Cümhuriyyəti arasında önəmli əlaqələrin
olduğunu qeyd etmişdir. Bundan başqa, Naxçıvan Muxtar
Respublikasının tarixi, coğrafi, strateji əhəmiyyətinin
Azərbaycan və Türkiyə dövlətləri üçün nə qədər önəmli
olduğunu vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən, ermənilərin işğalçılıq
siyasətindən ətraflı bəhs edən İ.Kazımbəyli çıxışının
sonunda Naxçıvanın tarixini əks etdirən hədiyyəni
Dərviş Əroğluya təqdim etmiş, xatirə şəkilləri
çəkdirilmişdir.
Qeyd edək ki, Naxçıvan Özəl Universitetinin tədris və
elmi işlər üzrə prorektoru İ.Kazımbəylinin Doğu Ağdəniz
Universitetinin rektoru, professor Abdullah Öztopraq
ilə görüşündə iki universitet arasında olan mövcud
əlaqələr, bu əlaqələrin daha da inkişafı, tələbə
mübadiləsi, ikili diplom verilməsi, birgə elmi
konfransların keçirilməsi ilə bağlı məsələlər ətraflı
müzakirə olunmuşdur. Keçirilən ixtisasartırma
kurslarının gedişi və əhəmiyyətindən də geniş bəhs
olunmuşdur.
İxtisasartırma kursunda iştirak edən 9 nəfərə beynəlxalq
dərəcəli sertifikatlar təqdim olunmuşdur.
Nuray ƏSGƏROVA |