AĞDAŞ.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına
uyğun olaraq Ağdaş rayonunda orta məktəblər üçün yeni
binaların inşası və onların əsaslı təmiri,
maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
işlər davam etdirilir.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, hazırda
rayonun Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx,
Eymur kəndlərində 180, Qaroğlan kəndində isə 80 şagird
yerlik məktəb binaları tikilir. Hər birində son
tamamlama işləri görülən binaların yeni dərs ilində
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
RTŞ-dan onu da bildirmişlər ki, cari ildə daha beş
məktəb üçün yeni binaların tikilməsinə başlanacaq. Belə
ki, rayonun Aralbir və Tofiqi kəndlərinin hər birində
220, Qülbəndə və Qarağan-Şıxlar kəndlərinin hər birində
180, Ərəbşəki kəndində isə 80 şagird yerlik yeni məktəb
binalarının inşası üçün layihə-smeta sənədləri artıq
hazırlanmışdır.
QAZAX.
Rayon təhsil şöbəsindən verilən məlumata görə, bu il
rayonda 4 məktəb üçün yeni binalar tikilib təhvil
verilməlidir. Bunlar Çaylı kənd 2 nömrəli, Daş Salahlı
kənd 2 nömrəli, Ürkməzli və Xanlıqlar kənd tam orta
məktəbləridir. Çaylı və Daş Salahlı kənd tam orta
məktəblərinin yeni binaları 640, Ürkməzli və Xanlıqlar
kənd tam orta məktəblərinin yeni binaları isə 180 şagird
yerlikdir. Binaların dördündə də tikinti işləri hazırda
davam etdirilir. Bunlarla yanaşı, daha üç məktəb üçün də
yeni binaların tikilməsi planlaşdırılmışdır. Belə ki,
180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80
şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai
məktəblərin tikintisi və Qarapapaq kənd ümumi orta
məktəbində aparılacaq əsaslı təmirlə əlaqədar
layihə-smeta sənədləri hazırlanır.
Y.ƏLİYEV |