Azərbaycanda səfərdə olan ABŞ Konqresinin doqquz
nəfərlik nümayəndə heyəti Azərbaycan Diplomatik
Akademiyasına (ADA) baş çəkmişdir.
ADA-nın kommunikasiya departamentindən AzərTAc-a
bildirmişlər ki, Konqresdə Pensilvaniya, Cənubi
Karolina, Kaliforniya, Tenessi, Texas, Corciya, Miçiqan
və Nyu-York ştatlarını təmsil edən aparat rəhbərləri
Azərbaycan Diplomatik Akademiyasının yeni kampusu ilə
tanış olduqdan sonra akademiyanın professor və idarə
heyəti ilə görüşmüşlər.
ADA-nın yaranma tarixi, strukturu, missiyası, təklif
etdiyi proqram və ixtisaslar barədə məlumatlandırılan
amerikalı qonaqlara daha sonra akademiyadakı tələbə
həyatı və tələbələrin asudə vaxtlarının planlaşdırılması
haqqında məlumat verilmişdir.
Akademiyanın dünyanın bir çox universitetləri, xüsusilə
də ABŞ-ın ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq
etdiyini vurğulayan icraçı prorektor Fariz İsmayılzadə
gələcəkdə bu tipli əlaqələrin genişləndiriləcəyini
bildirmişdir. |