Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də
Zaqatala rayonuna səfəri çərçivəsində "Tumurcuq" uşaq
bağçasının açılışında iştirak etmişdir.
Hazırda uşaqların keyfiyyətli təhsil və dünya
standartlarına cavab verən tibbi xidmətlərlə təmin
edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar
üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin
layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət
uşaq siyasətinin başlıca prinsiplərindəndir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq
körpələr evləri, uşaq bağçaları, internat və orta
məktəblərin əsaslı şəkildə yenidən qurulması bu
istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını
göstərir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin
fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev
Fondunun fəaliyyətində də əsas yer tutur. Zaqatala
rayonundakı "Tumurcuq" uşaq bağçası da Fondun dəstəyi
ilə inşa edilmişdir.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən
lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, uşaq bağçası binasının inşasına ötən
ilin mayında başlanılmışdır. Bağçanın ümumi sahəsi 785
kvadratmetr, həyətyanı sahəsi isə yarım hektardır. Yüz
yerlik bağçada altı qrup fəaliyyət göstərəcəkdir. Burada
tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir.
Binanı daimi isti su ilə təchiz etmək üçün əlavə
qazanxana inşa olunmuşdur. Burada yanğın əleyhinə xüsusi
sistem, təhlükəsizlik kameraları quraşdırılmışdır.
Bildirildi ki, uşaqların təlim-tərbiyəsi, əyləncələri
üçün hər cür şəraitin yaradıldığı bağçanın həyətyanı
sahəsində də abadlıq və quruculuq işləri görülmüş,
xüsusi istirahət guşələri yaradılmışdır. Binanın və
ərazinin işıqlandırma sistemi müasir səviyyədə
qurulmuşdur.
Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc |