Azərbaycan Texniki Universitetinin idman sarayında
sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr
(1999-2000-ci illər təvəllüdlü) arasında "Gənc
olimpiyaçılar" yarışı keçiriləcəkdir. Yarış avqust
ayının 20-dən 23-dək davam edəcək. Bu yarışın
keçirilməsində əsas məqsəd Azərbaycan Güləş
Federasiyasının 1 nömrəli nümayəndəliyinin tərkibində
fəaliyyət göstərən güləş klublarında sərbəst və
yunan-Roma güləşi üzrə perspektivli idmançıların
aşkarlanması, klub məşqçilərinin işinin
qiymətləndirilməsidir. Yarışlar 10 çəki dərəcəsində
keçiriləcəkdir. Yarışda 1 nömrəli nümayəndəlikdə
fəaliyyət göstərən "Azəri", "Müşfiqabad", "Nardaran",
"Cəngi", "Pirallahı", "Hövsan", "Bakı", "Həyat" və
"Xəzri" güləş klubları ilə yanaşı, əlavə komandaların
da iştirakı nəzərdə tutulmuşdur. Avqustun 20-21-də
sərbəst, 22-23-də isə yunan-Roma güləşi yarışları baş
tutacaq.
Yarışlarda ilk üç yeri tutan komandalar Azərbaycan Güləş
Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə
mükafatlandırılacaqlar. |