Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Ədəbiyyat dərslərində interaktiv təlim metodlarının tətbiqi

 

Vətənini, xalqını, millətini dəyərləndirmək, sevmək, qorumaq, dilini, adət-ənənəsini yaşatmaq kimi müqəddəs hissləri şagirdlərə aşılayarkən məhz Milli Kurikulumun tərkib hissəsi olan fəal təlim metodlarından istifadəyə üstünlük verilməlidir. Təlim həmişə fəallığa əsaslanmışdır. O, qeyri-fəal ola bilməz. Əgər dərsdə sual-cavab, axtarıb-tapma, düşünmək, fikirləşmək, fəaliyyətə qoşulma, nəticə çıxarma vardırsa, deməli fəallıq da vardır.  

Müasir, yeni dövrün tələblərinə cavab verən dərs müstəqil və məsuliyyətli pedaqoji ustalığa əsaslanır. Pedaqoji ustalığa gedən yol isə olduqca gərgin iş, yeni pedaqoji təfəkkür, yeniliyə meyil etmə, təlim prosesinə novator yanaşma tərzi tələb edir.  "Pedaqoji innovasiya" adı ilə pedaqogikaya daxil olan yeniliklər pedaqoji prosesin gedişini və nəticəsini yaxşılaşdırmaq, keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yenilik  kimi məktəbin və müəllimlərin qarşısında durur. Belə dərsləri təşkil etmək müəllimdən ciddi elmi-metodik hazırlıq və böyük zəhmət tələb edir.

Son illərdə məktəbimizdə qabaqcıl müəllimlərin "açıq dərs"ləri videolentə alınır, müsbət və səmərəli tərəfləri dəyərləndirilib müəllimlər arasında yayılmasını təşkil edirik.

Məktəbin fəal (interaktiv) təlim metodlarından istifadə edən qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Qəmbərovanın  IX sinifdə X.R.Ulutürkün "Mənim dilim" şeirinin təhlili üzrə təşkil etdiyi "açıq dərs" inin nümunəsinə nəzər yetirək:

Mətnin növü: Bədii

Məqsəd: şagird

1.  Ana dilinin xalqın taleyindəki rolunu dərk edir      

2. Onun əbədiliyinə dair inamını ifadə edir                               

3. Bədii təsvir və ifadə vasitələrini seçir                                               

4. Lüğət tərkibini zənginləşdirir

İnteqrasiya: Musiqi, tarix, Azərbaycan dili, coğrafiya

Standartlar: 2.1.2, 1.2.3

Resurslar: Dərslik, proyektor,  kompüter, iş vərəqləri, Azərbaycan dilinin izahlı lüğəti, marker, flipçat 

Dərsin gedişi

Motivasiya

Müəllim şagirdlərə Cənubi Azərbaycanla Şimali Azərbaycan əks olunmuş xəritə nümayiş etdirir və şagirdlərin fərziyyələrini almaq üçün aşağıdakı suallarla sinfə müraciət edir.                                   

M: Şimali Azərbaycanla Cənubi Azərbaycanın ortaq xüsusiyyətlərindən hansını qeyd edə bilərsiniz? 

Ş: Adət-ənənələrimiz,dilimiz, milli mənsubluğumuz.

M: Bunlardan hansı unudularsa, əlaqəmiz zəifləyər?

Ş: Sözsüz ki, dilimiz.

M: Dil haqqında hansı şeirlərlə tanışıq?

Ş: B.Vahabzadənin "Latın dili", X.R.Ulutürkün "Mənim dilim" şeirləri ilə.

M: "Mənim dilim" şeirini kim ifadəli şəkildə söyləyər? 

Şeir dinlənir. Mövzu üzrə 2-ci dərs olduğunu nəzərə alan müəllim şagirdləri təhlilə istiqamətləndirmək üçün dilimizi sevib qorumağın vacibliyini vurğulayır. Daha sonra tədqiqat sualı lövhədə nümayiş etdirilir.  

Tədqiqat sualı: Şair şeirdə öz dilinin qüdrətini necə izah edir?Dilimizi nə üçün sevib qorumalıyıq? 

Daha sonra əvvəlcədən bölünmüş qruplara suallar yazılmış  iş vərəqləri paylanır.

İşçi vərəqi 1

1. Əsərdə M.Füzuli, M.Ə.Sabirlə bağlı hansı fikir söylənir?

2. Şairin şanlı keçmişimizi xatırlaması təsadüfüdürmü? (Cavabınızı əsaslandırın)

3.  "Mənim  dilim" şeirini şair hansı dövrdə qələmə alıb?

4. Sizcə, şairi bu şeiri yazmağa vadar edən nə ola bilərdi?

İşçi vərəqi №2

1. Qərbə, Şərqə işıq saçan

Füzulini sən qala bil! - cümləsində şairin çatdırmaq istədiyi fikri necə izah edə bilərsiniz?

2. Lirik qəhrəman dilim-dilim doğransa da, dilinə xəyanət etməyəcəyini söyləyir. Bunun səbəbini əsərdən çıxış edərək əsaslandırın.

3. Əsərdəki hansı sözün mənasını anlamaqda çətinlik çəkirsiniz?

İşçi vərəqi 3

1. Şeirdə şairin fəxarət hissi əks olunub, bunun səbəbini həmin misralardan nümunə gətirməklə izah edin.

2. Hansı misralarda inversiya  işlənmişdir?

İşçi vərəqi 4

1. "Öz dilini sən qala bil! "-misrasında şair nə üçün dilimizi qalaya bənzədir?

2. Bu qala kimdən və nədən qorunmalıdır?

3. İkiyə bölünmüş Vətən üçün ana dilinin əhəmiyyətini siz necə izah edə bilərsiniz?

4. Şeirdə neçə yerdə bədii sual işlənib?

İşçi vərəqi 5

1. Şair öz dilinə xor baxanlara, onu sevməyənlərə necə münasibət bildirir?

2. İndi də belə hallarla qarşılaşırıqmı?

3. "O sahili bu sahilə birləşdirən

Polad körpüm,qılıncımdır, Günəşimdir mənim dilim!"  misraları özündə hansı fikri cəmləyib? 

Tədqiqat işi bitdikdən sonra təqdimat zamanı fikir mübadiləsi aparılır. Zəif bəndlərə digər qruplar əlavələr edirlər. Dərs boyu qiymətləndirmə davam etdirilir. Daha sonra böyük qruplarla işə başlanır. Bu zaman əsərdə işlənən bədii təsvir və ifadə vasitələri seçilir, işlənmə məqsədinə izahat verilir. Böyük qruplarla iş aşağıdakı suallar əsasında qurulur:

 Şeirdə işlənən  bədii təsvir və ifadə  vasitəsini müəyyənləşdirin.  

Anladım ki, sinəmdəki sözlər deyil,

Babaların nəfəsidir.

Dizlərimə taqət, qüvvət ,

Gözlərimə işıq verən,

Çənlibeldə at oynadıb,

Şimşəklərlə qoşa gedən

İgidlərin nərəsidir.

 Cavab: metafora, epitet, mübaliğə.

Misralarda işlənən bədii təsvir və ifadə vasitələrini tapaq.

 Layla axır, cocuq baxır.-?

Düzgün cavab: metafora, bədii sual.

Yelləndikcə kiçik yürük

Gedib dəyir bu ulduzdan o ulduza.    

Düzgün cavab: mübaliğə, inversiya.

Böyük qrupların işi təqdim olunur, səhvlər təshih edilir.

M: Bədii təsvir və ifadə vasitələrindən dilimizdə nə məqsədlə istifadə edilir və hansı üslublarda daha çox rast gəlinir?

Mənası çətin anlaşılan bəzi sözlər "Azərbaycan dilinin izahlı lüğəti"nin köməyi ilə aydınlaşdırılır.

Əsərdə çətin anlaşılan sözlərin izahı Kəhkəşan -is.(fars.) Gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar şəkli Şəhd-is.(ərəb) Şan balı, şirə          

Kəhkəşan şəkli nümayiş etdirilir. 

Daha sonra akvarium üsulu ilə şagirdlər Venn diaqramı üzrə işlədilir. 

"Mənim dilim" şeiri ilə "Latın dili" şeirinin müqayisəsi

Venn diaqramı üzrə iş zamanı şagirdlərin verdiyi cavablar:  

X.Rza şeirini rəmzi məna daşıyan səhnə ilə başlayır. Əsərdəki rəmzi məna ana ruhunun körpənin özünüdərkini təmin etməsidir.

B.Vahabzadə öz əsərində hiss və düşüncələrini  oxucuya müxtəlif taleli dilləri müqayisə edərək çatdırır.

Hər iki əsərdə ana dilinin qorunmasına milli qeyrət və vətəndaşlıq borcu kimi yanaşılıb. Hər iki əsərdə ana dilinin taleyi ilə Vətənin  və xalqın taleyi  qoşa təqdim olunub.

Dərsin ümumiləşdirici hissəsində əsərin sovet hakimiyyəti dövründə yazıldığı qeyd edilir. Keçmiş ittifaqın bütün ərazisində, o cümlədən Azərbaycanda da milli dilə ögey münasibət bəsləndiyi, sıxışdırıldığı vurğulanır. Şeirin lirik qəhrəmanı kimi şair təəssübkeş, milli dəyərlərə bağlı ziyalı obrazı kimi təqdim olunur. Sonda tarixi haqsızlıq üzündən ikiyə bölünmüş xalqın Vətən dərdi yaşaması, bu dərdə özünəməxsus çılğınlıq ilə yanaşan şairin dilimizi polad körpü ilə müqayisə etməsi, Günəşə bənzətməsi onun əbədiliyinə və xalqımızın ayrılıq dərdinə son qoyacağına inamının əks olunduğu açıqlanır. Bir xalqın taleyində dilin əhəmiyyətinin böyüklüyü göstərilir. "Mənim dilim " şeiri bitkin hissələrə bölünərək bir neçə şagirdin ifasında dinlənilir. İfa zamanı orfoepik norma pozuntuları qeyd edilir.

Ardınca müəllim  aşağıdakı sualla sinfə müraciət edir:

- Sizcə, biz hamımız ana dilində ilk dəfə nə eşitmişik?

Bunun ardınca laylanın xüsusiyyətləri sadalanır. Daha sonra Zeynəb Xanlarovanın ifasında layla dinlənilir.

Dərsdə inteqrasiya məqsədilə şəkillər əks olunmuş slayd təqdim olunur.

Əziz şagirdlər, söhbət nədən gedir?

 Dil sözünün həm omonim, həm də çoxmənalı söz qrupuna aidliyi xatırlanır. Yekun olaraq dil haqda aşağıdakı suallar təqdim olunur: 

Dünyada ən şirin və ən  acı şey ?  

Bütün elmlərin açarı riyaziyyat, bəs bütün elmləri öyrənməyin açarı nədir?

Sonra aşağıdakı cədvəl əsasında qiymətləndirmə aparılır.

Təhlil zamanı Günay müəllimin "açıq dərs"ində nümayiş etdirdiyi yüksək yaradıcılıq, pedaqoji və psixoloji  metodik ustalıq, müasir dərsə verilən tələblərin tam nəzərə alındığı, İKT-dən böyük məharətlə istifadə olunduğu olduqca maraqlı bir dərs nümunəsi kimi qeyd edildi. 

O.MƏMMƏDOV,
Saatlı şəhər S.Vurğun adına 1 nömrəli
 tam orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov