Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

"Nəticələrimdən tam razı olmasam da medal aldığım üçün sevincliyəm"

 

Məlum olduğu kimi, bu ilin iyulunda Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilmiş 45-ci Beynəlxalq Kimya Olimpiadasında Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Sona Quluzadə bürünc medal almışdır.

Sona Adəm qızı Quluzadə 1996-cı il yanvarın 23-də Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakıdakı 30 nömrəli tam orta məktəbdə I sinfə qəbul olunmuşdur. VII sinfədək burada oxumuş, sonra isə təhsilini BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyində davam etdirmişdir. Oxuduğu müddətdə digər fənlərə nisbətən kimyaya daha çox maraq göstərmiş və IX sinifdən kimya ilə dərindən məşğul olmağa başlamışdır. Həmin vaxtdan həm də kimya olimpiadalarında iştirak etmişdir. 3 dəfə respublika fənn olimpiadasında kimya üzrə birinci yeri tutmuşdur. İki dəfə Beynəlxalq Mendeleyev Olimpiadasına qatılan (2012-ci il 23-30 aprel tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində və 2013-cü il 24-30 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində) Sona bu il həmin yarışmada bürünc medal qazanmışdır. Bunlardan əlavə, 2012-ci il 21-30 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən 44-cü Beynəlxalq Kimya Olimpiadasında da iştirak etmişdir.

Qələbə sevincini və olimpiada təəssüratlarını bizimlə bölüşməyə həvəslə razılıq verən Sona söhbətə qələbənin qazanılmasında mühüm amil olan olimpiadaya hazırlıqdan başladı.

Bildirdi ki, Azərbaycan komandasının hazırlığında ən böyük rolu Moskva Dövlət Universitetinin nəzdində yaradılmış "Olimpiada  Resursları Məktəbi" (ORM) oynamışdır. 2012-ci ildən fəaliyyətə başlayan mərkəz elə ilk ilindən olimpiada sahəsində uğurlara imza atmışdır. Bu il komandamızın yüksək səviyyəli hazırlığı nəticəsində 15-24 iyul tarixlərində Moskvada keçirilmiş Beynəlxalq Kimya Olimpiadasından Azərbaycan bir gümüş və bir bürünc medal əldə etmişdir. Komandanın hazırlığı bir neçə mərhələdə Rusiyadan gəlmiş mütəxəssislər tərəfindən ingilis və rus dillərində aparılır. Hazırlıq noyabr ayından başlayır, belə ki, noyabrda seçim keçirilir və yüksək nəticə toplamış şagirdlər dərslərə dəvət olunur. Dərslər planlı şəkildə deyil, müəyyən tarixlərdə intensiv formada keçilir. Məsələn, fiziki-kimya bu il ORM-də iki dəfə iki həftəlik dərslər şəklində keçirilmişdir. Kimyanın digər bölmələri də həmin qaydada tədris olunur. Hardasa aprel ayında Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak üçün yığma komandaya seçim keçirilir və Mendeleyev Olimpiadasında ən yüksək nəticə göstərən şagirdlər Beynəlxalq Kimya Olimpiadasında da iştirak etməyə haqq qazanır.

Böyütmək üçün şəkili seçinOlimpiadaya demək olar ki, mümkün olduğu qədər yaxşı hazırlaşmış və zəruri praktik işləri tədris prosesi müddətində yerinə yetirmişdik. Yəni, olimpiadada bizə sadəcə öyrəndiklərimizi yaxşı qaydada tətbiq etmək qalırdı. Mənim olimpiadaya qatılmağım təsadüf nəticəsində oldu. Respublika fənn olimpiadasının təşkilində mühüm rol oynayan Xamməd Əsədovun bizim liseydə olimpiada üçün uşaq seçməsi və "bu uşaq  hazırlaşsa dünya olimpiadasında medal ala bilər" deməsi ilə olimpiada həyatım başladı. O, habelə mənə ORM-dəki seçimə qədər və ondan sonra olimpiada kimyasının incəliklərini öyrətdi. İndi əldə etdiyim hər şey, eləcə də gələcək üçün düzgün hədəfləri tapmağım, həyatımın ən gözəl anlarını yaşamaq şansı və ən əsası medalım üçün Xamməd müəllimə minnətdaram.

Olimpiada məsələlərinə gəldikdə isə onlar kifayət qədər çətin idi. Belə ki, keçən il bürünc medal 65 baldan başlayırdısa, bu il həmin baldan qızıl başlayırdı. Olimpiada şərtlərinə görə iştirakçılardan 10%-i qızıl, 20 %-i gümüş, 30%-i isə bürünc medal alır. Amma bu il məsələlərin çətinliyi nəzərə alınaraq 291 iştirakçıdan 192-nə medal verildi.

Eksperimental tur mənim üçün nəzəri turdan daha uğurlu keçdi. Bu, olimpiadada birinci imtahan olduğu üçün daha rahat işləmək olur. İkinci imtahanda isə həyəcan artır. Eksperimental turda isə həyəcan hiss eləmirdim. Hər il bu turda iki məsələ olmasına baxmayaraq bu il onların sayı üç idi. Ona görə də bir çox iştirakçının onları tamamlamağa vaxtı çatmadı. Eləcə də mənim. Əgər vaxt 20 dəqiqə çox verilsə idi, yarımçıq olanları tamamlayıb daha yuxarı bal almaq olardı. Olimpiada iştirakçılarının hamısı pis yazdıqlarını iddia edirdilər. Çünki məsələlər həqiqətən çox çətin idi. Bunu əslində açılış mərasimindən də hiss etmək olardı. Çünki açılışda danışan üç təşkilatçı da bizi böyük sürprizin gözlədiyindən xəbər vermişdi. Elə də oldu.

Qeyd etmək lazımdır ki, nəzəri tur da praktikdən heç geri qalmırdı. Öz nəticələrim haqqında fikrimə gəldikdə isə gümüş medalı 4,7 bal ilə əldən buraxdım və daha çox diqqət yetirsəydim bu balı nəzəriyyədən ala bilərdim. Nəticələrimdən tam razı olmasam da medal aldığım üçün sevincliyəm.

Əlbəttə, beynəlxalq olimpiadalar təkcə bilik yarışları deyil, olimpiada proqramı digər tədbirlərlə də zəngin olur. İmtahan sadəcə olimpiadanın iki günüdür, qalan vaxtlar isə ekskursiyalara, oyunlara, bir sözlə, əyləncəyə sərf olundu. Sona sonra bu haqda da danışdı:

- Orada qaldığımız yer şəhərdən bir az uzaq, yaşıllıqların içində olan "Planernoye" hoteli idi. Olimpiadanın zəngin mədəni-kütləvi tədbirlər proqramı var idi. Olimpiadaçılar müxtəlif oyunlar oynayır, birlikdə gecə gəzintilərinə çıxırdılar. Bizim üçün iki dəfə diskoteka, iki dəfə isə yüksək səviyyədə gəzinti hazırlanmışdı. Bunlardan biri gəmidə keçirilmişdi. Müəllimlər və şagirdlər tamamilə ayrı yerlərdə qalırdılar və onların görüşməsi 9 gün içərisində 3 dəfə mümkün oldu: açılış, bağlanış və gəmi gəzintisi zamanı. Ekskursiyalar isə demək olar bütün şəhəri əhatə edirdi.

Olimpiadada dostluq atmosferi müşahidə etmək olardı. Mən keçən il də BKO-da iştirak etmişdim. Düzdür, orada təşkilatçılıq daha yaxşı idi. (Moskvada tıxac hər şeyi korlayırdı). Amma bu olimpiadada daha çox dost qazandım. Mənim bu olimpiadada imtahanlardan çox yadımda qalan video təşkilatçılığım oldu. Belə ki, bu BKO mənim şagird kimi iştirak edə biləcəyim son olimpiada idi və buna görə də hamıdan bir xatirə qalmasını istəyirdim. Bu məqsədlə elan hazırlayıb bütün iştirakçılara payladım. Onlara lobbidə video çəkilişi olacağını bildirir və gəlmələrini xahiş edirdim. Olimpiada iştirakçılarının yarısı dəvətimi qəbul etmişdi, hətta bəziləri öz milli  paltarlarını geyinərək, komandalar isə bayraq götürərək həmin saatda lobbiyə yığışmışdı. Axırda mən hamıya gəldikləri üçün təşəkkürümü bildirdim. Bu video mənim üçün olimpiadanın ən yaddaqalan hissəsi oldu. Hamının gəlməsi, bəzilərinin ürək sözlərini deməsi, bəzilərinin mahnı oxuması - bunlar o gecəni unudulmaz etdi. Hamının bir yerə yığışmasını fürsət bilən olimpiadaçılar gecə yarışına qədər BKO-nun xatirəsinə şəkil çəkdirib bir-birlərinə öz ölkələrindən suvenirlər hədiyyə etdilər. Olimpiadadan qayıdanda bir çanta suvenir və olimpiadaçılar tərəfindən yazılmış xalat gətirdim.

Olimpiadadan bir çox təkliflərlə geri qayıtdım, çox dostlarım məni ölkələrinə ziyarətə dəvət etdilər. Bütün bunlar olimpiadanı mənim üçün unudulmaz etdi, artıq bilirəm ki, hansı ölkəyə getsəm məni qarşılayacaq dostlarım var və bu məni çox sevindirir.

Sona bizimlə söhbətində gələcək planlarından da söz açdı: "Gələcək üçün planlarıma olimpiadalarda observer kimi iştirak etmək və Azərbaycanda keçiriləcək BKO-47 üçün əlimdən gələ biləcək maksimum dəstəyi göstərmək də daxildir. Xəyallarımdan biri də olimpiadalarda məsələ müəllifi kimi iştirak edə bilməkdir. Oxuyacağım universitet artıq müəyyənləşib: Türkiyədə Orta Doğu Texniki Universiteti. I kurs təhsilim üçün bu yaxınlarda Türkiyəyə gedəcəyəm. Gələcək üçün ən böyük arzularımdan bəziləri isə MİT-də (Massachsusetts İnstitute of Texnology) təhsil almaq və bir gün Nobel mükafatçısı adını qazanmaq, həmçinin də dünyanın bütün ölkələrinə səyahət edib oradakı dostlarımı ziyarət etməkdir". 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov