Azərbaycan Diplomatik Akademiyasının (ADA)
İxtisasartırma Proqramları (ADA Executive Programme)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və AFAZ-ın
(Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi
ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin
nümayəndələri üçün "Azərbaycanşünaslıq" adlı təlim
proqramı həyata keçirmişdir.
ADA-nın kommunikasiya departamentindən AzərTAc-a
bildirmişlər ki, proqramda Texas Universiteti (Austin,
Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyuston
Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət
Universiteti və Texas A&M Universitetinin professor,
tələbə və administrativ heyəti iştirak etmişdir.
Avqustun 12-dən 15-dək davam etmiş proqram çərçivəsində
iştirakçılar Azərbaycanın iqtisadi, siyasi və ictimai
vəziyyəti, o cümlədən tarix və mədəniyyəti ilə tanış
olmaq imkanı əldə etmişlər.
Proqramın təlimçiləri arasında ADA-nın professor heyəti,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək
rütbəli nümayəndələri və parlament üzvləri olmuşdur.
Kifayət qədər zəngin və hərtərəfli proqramın gündəliyinə
Azərbaycanın regional və xarici siyasət prioritetləri,
Dağlıq Qarabağ münaqişəsi, Avroatlantik inteqrasiya,
enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə əldə
etdiyi uğurlar mövzularında seminarlar da daxildir.
Təlim çərçivəsində iştirakçılar, eyni zamanda
Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından
tanış olmaq üçün müxtəlif şəhər və muzey turlarında
iştirak etmişlər.
Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma
Proqramının rəhbəri Aygün Hacıyevanın verdiyi məlumata
görə, 2007-ci ildən fəaliyyətə başlayan ADA-nın
İxtisasartırma Proqramları bu günədək 700 azərbaycanlı
dövlət qulluqçusu və diplomata, o cümlədən 120 xarici
dövlət rəsmisinə və Bakıda fəaliyyət göstərən 60
şirkətdən 260-dək orta və baş menecerə təlim keçmişdir.
|