Yay aylarında müəllimlərin yeni fənn kurikulumlarının
tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin
etmək məqsədilə Bakı şəhərində, eləcə də bölgələrdə
təlim kursları təşkil edilmişdir.
Bu kurslara Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin (TSİİL) "Pedaqoji kadrların
əlavə təhsil sisteminin
müasirləşdirilməsi"
adlı ikinci komponentinin
icra planına uyğun olaraq 2013-2014-cü dərs ilində
respublikanın ümumi təhsil məktəblərinin V-Vl
siniflərində dərs deyəcək və indiyədək təlimlərdən
keçməyən müəllimlər cəlb olunmuşlar. Fənn
kurikulumlarının tətbiqi üzrə təşkil edilən təlimlər 10
gün müddətində (60 saatlıq) keçirilir.
Astara şəhərindəki 1 nömrəli orta məktəbdə təşkil
edilmiş kurslara Dünya Bankı tərəfindən keçirilən
tenderdə qalib gəlmiş "Unikal-1" MMC və "İdrak ML"
təşkilatlarının təcrübəli təlimçiləri cəlb edilmişlər.
Məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş otaqlarda
lazımi şərait yaradılmış, hər bir təlim otağı zəruri
texniki vasitələrlə təchiz edilmişdir.
Kurslarda coğrafiya fənni üzrə 3, fiziki tərbiyə üzrə 3,
texnologiya fənni üzrə 2, xarici dil fənni üzrə 5 qrup
fəaliyyət göstərmişdir.
Təlimlərdə müəllimlərə fənlər üzrə yeni təhsil
proqramının (kurikulumun) strukturu və əsas
xüsusiyyətləri, onun məzmununun tərkib hissələri,
biliyin kateqoriyaları, fəaliyyət növləri,
alt-standartlara əsasən təlim məqsədlərinin müəyyən
edilməsi, yeni təlim strategiyaları, yeni qiymətləndirmə
mexanizmləri öyrədilmişdir.
Müəllimlərə nəzəri biliklərin mənimsədilməsi ilə
yanaşı, həm də öyrəndiklərini təcrübədə tətbiq etmək
məqsədilə tapşırıqlar verilmişdir. Hər günün sonunda
müəllimlər təqdim olunan mövzu ilə bağlı formativ
testlər həll etmiş və həmin testlərin qiymətləndirilməsi
aparılmışdır.
Təlim kursları avqustun 15-də başa çatmışdır. Kursları
müvəffəqiyyətlə başa vuran müəllimlərə əldə etdikləri
ballara əsasən Təhsil Nazirliyi tərəfindən müəyyən
edilmiş formada sertifikatlar verilmişdir.
Hicran ƏKBƏROVA |