Naxçıvan Dövlət Universitetində "Nəqşicahan" VII
Liderlik məktəbi" layihəsində iştirak edəcək universitet
tələbələri ilə görüş keçirilmişdir. Görüşdə
universitetin rektoru, biologiya elmləri doktoru,
professor Saleh Məhərrəmov çıxış edərək bildirmişdir ki,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə
birgə Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının silsilə şəkildə həyata keçirdiyi "Liderlik
məktəbi" layihəsi gənclərin innovativ potensialı və
təşəbbüskarlığının dəstəklənməsi, onların dövlət gənclər
siyasətinin həyata keçirilməsində səmərəli iştirakını
təmin edir. Builki "Liderlik məktəbi" layihəsinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi Naxçıvan və
Azərbaycanın digər regionlarıının gəncləri arasında
sağlam əlaqələrin inkişafına, bilik və dünyagörüşlərinin
formalaşmasına xidmət edəcək. Rektor layihədə iştirak
etmək üçün qeydiyyatdan keçən 70 nəfər naxçıvanlı tələbə
gəncdən 30 nəfərin seçildiyini, onlardan 19 nəfərin isə
məhz Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu
diqqətə çatdırdı, bunu muxtar respublikada gəncliyə
göstərilən hərtərəfli qayğının təzahürü kimi
qiymətləndirmişdir.
ATGTİ-nin sədr müavini, Naxçıvan Dövlət Universiteti
Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev
məlumat verdi ki, 7 gün davam edəcək layihədə Bakı,
Naxçıvan və digər regionlardan ümumilikdə 110 nəfər
tələbə iştirak edəcək. İştirakçılar 25 nəfərdən ibarət 4
komandaya bölünəcək. Layihə çərçivəsində iştirakçılara
"Liderlik bacarıqlarının inkişafı", "Layihələrin
yazılması və idarə olunması", "Ünsiyyət bacarıqları" və
"Komanda işi" mövzularında təlimlər keçiriləcək.
Layihədə məqsəd istedadlı gənclərdə komanda şəklində
işləmək, liderlik bacarıqlarını inkişaf etdirmək, onları
gələcək ictimai-sosial mühitə hazırlamaqdır.
"Liderlik məktəbi" layihəsinin sonunda fərqlənən
tələbələr mükafatlandırılacaq.
Mehriban SULTAN |