| 
								
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da 
						Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil 
						məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri 
						ilə tanış olmuşdur. 
						
						Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil 
						islahatlarının genişləndirilməsi və bu sahədə keyfiyyət 
						dəyişikliklərinə nail olunması istiqamətində görülən 
						işlər artıq öz bəhrəsini verir. Bunun nəticəsidir ki, 
						indiyə qədər ölkədə 2200-dən çox məktəb binası tikilmiş, 
						Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik 
						təhsil infrastrukturu yaradılmışdır. Yeni təhsil 
						ocaqlarının inşası ilə yanaşı, mövcud məktəblər üçün 
						əlavə tədris korpuslarının tikintisi geniş vüsət 
						almışdır. Son illərdə 2000-ə yaxın məktəb üçün əlavə 
						korpus inşa olunmuşdur. Təkcə 2011-ci ildə Bakıda 60-dan 
						çox məktəbin binası əsaslı təmir edilmişdir. 2012-ci 
						ildə 81 məktəbin binası təmir olunmuş, yeni korpuslar 
						tikilmişdir. Bu il ərzində isə 120 məktəbdə yenidənqurma 
						işlərinin aparılması nəzərdə tutulmuşdur ki, indi bu 
						proses uğurla aparılır. Yasamal rayonundakı 31 nömrəli 
						orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və 
						yenidənqurma işləri də bu sırada mühüm yer tutur. 
						
						Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin 
						əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə 
						oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət 
						göstərmişdir. 1941-1945-ci illərdə təxliyə hospitalına 
						çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan 
						sonra yenidən öz qapılarını şagirdlərin üzünə açmışdır. 
						Uzun illər ərzində əsaslı təmir olunmayan məktəbdə 
						yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını 
						zərurətə çevirmişdi. Azərbaycan Prezidentinin diqqət və 
						qayğısı sayəsində digər təhsil ocaqlarında olduğu kimi, 
						bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa 
						çatmışdır. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr 
						olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri 
						baza yaradılmışdır. 
						
						Bildirildi ki, tədrisin bir növbədə aparılacağı məktəbdə 
						bütün siniflər yüksək səviyyədə təmir olunmuş və onların 
						hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə 
						təchiz edilmişdir. Üç fənn laboratoriyasından başqa 
						yaradılan iki informatika sinfində şagirdlərin 
						informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür 
						şərait yaradılmışdır. 
						
						Onu da qeyd edək ki, digər məktəblərdə olduğu kimi, bu 
						təhsil ocağında da siniflərin istilik sistemi ilə təchiz 
						olunmasına xüsusi diqqət göstərilmişdir. Bundan əlavə, 
						məktəbdəki idman zalı da yenidən qurulmuş, burada 
						şagirdlərin idmanla məşğul olmaları üçün zəruri 
						avadanlıq quraşdırılmışdır. Akt zalında isə məktəb 
						həyatı ilə bağlı tədbirlərin keçirilməsi üçün bütün 
						imkanlar vardır. Gələcəkdə məktəbin ətrafında geniş 
						abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və 
						bu çərçivədə idman meydançasının, həmçinin akt zalının 
						daha da genişləndirilməsi planlaşdırılır. 
						
						Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham 
						Əliyev tapşırıq və tövsiyələrini verdi.   
						
						
						AzərTAc |