Bakı
şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 317
nömrəli uşaq bağçasında uşaqların məktəbə yola salınması
mərasimi keçirildi. Tədbirdə fəallıq göstərən
altıyaşlılar məktəbə yaxşı hazırlaşdıqlarını nümayiş
etdirdilər.
Qeyd edək ki, 317 nömrəli uşaq bağçası 1964-cü ildən
fəaliyyət göstərir. 4 qruplu bağça hazırda 80 uşağı
əhatə edir. Bağçanın binası 2012-ci ildə dövlət vəsaiti
hesabına əsaslı təmir edilmişdir. Müəssisənin hasara
alınaraq yaşıllaşdırılan həyətyanı sahəsində uşaqların
oynaması üçün rahat və yeni köşklər qurulmuşdur. Tədris
bazasının möhkəmləndirilməsi ilə əlaqədar bağçada
təlim-tərbiyə proqramına uyğun olaraq qruplar müxtəlif
oyuncaqlar, ana dili, riyaziyyat üzrə metodik və eyni
zamanda müasir tədris vasitələrilə təmin edilmişdir.
Valideynlər tərbiyəçilərin fəaliyyəti ilə müntəzəm tanış
olur, uşaqların inkişafı prosesində yaxından iştirak
edirlər. Valideyn komitəsinin üzvləri bağçadakı
şəraitdən tam razıdırlar. Belə ki, burada uşaqların
düzgün inkişafı və xəstəliklərdən mühafizəsi üçün
davamlı tədbirlər həyata keçirilir. Qəsəbədə yerləşən 29
nömrəli poliklinikanın həkimləri müntəzəm olaraq
uşaqları profilaktik müayinədən keçirirlər. Bağçada
həmçinin uşaq orqanizminin möhkəmləndirilməsində
rasional qidanın əhəmiyyətinə və onun kalorilik
məsələsinə də ciddi fikir verilir. Bağça təlim, tərbiyə
prosesində istifadə olunan zəruri əyani, texniki
vasitələrlə tam təmin olunub. Müəssisəyə Təhsil
Nazirliyinin xətti ilə "Çaşıoğlu" firması tərəfindən
hazırlanmış əyani vəsaitlər, kompüter və s. verilmişdir.
Artıq neçə illərdir ki, 317 nömrəli uşaq bağçası ilə
yaxınlıqda yerləşən 121 nömrəli tam orta məktəb arasında
sıx əlaqə yaradılmışdır. Həmin məktəbin ibtidai sinif
müəllimləri və bağçanın tərbiyəçiləri qarşılıqlı olaraq
həm məktəb, həm də bağçanın tədbirlərində fəal iştirak
edirlər. Məktəbin müəllimləri "Əlvida, bağça, salam,
məktəb" tədbirinin də qonaqları idilər. Bu il bağçanın
20 yetirməsi məhz sözügedən məktəbdə I sinfə gedəcək.
Tədbirdə çıxış edən bağçanın müdiri Nəzakət Məcidzadə
müəssisələrindən pərvazlandırdıqları uşaqları təbrik
etdi, onlara məktəb təhsilində uğurlar arzuladı.
Bağçanın son illər əldə etdiyi uğurlardan bəhs edən
müdir rəhbərlik etdiyi təhsil müəssisəsində yaradılmış
nümunəvi şəraitə, bağçalara, burada tərbiyə alan
uşaqlara göstərilən böyük diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya
minnətdarlığını bildirdi. Qeyd olundu ki, bağça
ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş Gül bayramında fəal iştirakına görə Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə
təltif olunmuşdur.
Yusif ƏLİYEV |