Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

İsmayıllı məktəbliləri yaşıl və sağlam dünyamız uğrunda

 

Müasir dövrdə qloballaşma prosesinin  və inteqrasiya meyillərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri ingilis dilinin daha kommunikativ yollarla tədrisini ön plana cəkir.  İngilis dili daha qlobal əhəmiyyət  kəsb etdikcə ölkəmizdə ona olan maraq və öyrənmə həvəsi də günü-gündən  artır.  Bu dili şagirdlərə sevdirmək, yüksək səviyyədə tədrisinə nail olmaq,  onların dil bacarıqlarını hərtərəfli inkişaf etdirərək  ölkəmizin və xalqımızın milli mənəvi dəyərlərini beynəlxalq arenada  layiqincə təmsil edə biləcək bir vətəndaş kimi yetişdirmək missiyasi isə biz müəllimlərin üzərinə düşür.

Dərsə verilmiş vaxtın hər dəqiqəsindən və məktəbimizin tədris şəraitindən səmərəli istifadə edərək çalışıram ki, şagirdlərim maksimum səviyyədə ingilis dili bacarıqlarına yiyələnsinlər. Çünki sabaha daha ümidli və nikbin baxaraq inanıram ki, bu dil onların dünya mədəniyyəti xəzinəsinə yol taparaq  yeni mədəniyyətlərlə tanışlıq, müxtəlif xalqlarla ünsiyyət,  qazandığı nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq bacarığına yiyələnmək üçün vasitə olmaqla  yanaşı, şagirdin yüksək səviyyəli layiqli vətəndaş, yaradıcı və tənqidi düşünən şəxsiyyət kimi yetişməsində mühüm rol oynayacaq.

İngilis dilinin tədrisində qənaətbəxş nəticəyə nail olmaq üçün şagirdlərə sərbəst atmosferin, etibarlı və dəstəkləyici mühitin yaradılmasını vacib hesab edirəm. Bu halda şagirdlər öyrəndikləri sözləri nəinki sinifdə, hətta sinifdən kənarda da müstəqil və şüurlu şəkildə işlədərək uğurlu ünsiyyətqurma bacarığına nail olacaqlar. Şagirdə verilən dil bacarıqlarını yalnız dərsliklər və sinif otaqları ilə məhdudlaşdırmamaq və dil bacarıqlarının inkişafına təkan verən ünsiyyətqurma meylini artırmaq  məqsədilə onların beynəlxalq layihələrdə iştirakına geniş səy göstərirəm. Ümumiyyətlə, mən beynəlxalq layihələrdə iştirakı ingilis dilinin tədrisinin bir hissəsi hesab edirəm. Düşünürəm ki, layihənin məqsədinə uyğun olaraq şagirdin tərbiyəsinə daha asanlıqla təsir edərək onun geniş dünyagörüşlü, hərtərəfli bir şəxsiyyət kimi formalaşmasında daha qənaətbəxş nəticələr əldə etməklə bu layihələr şagirdin dünyəvi biliklərlə silahlanması, maariflənməsi, əmək, ekoloji, iqtisadi tərbiyəsi və həyata hazırlanmasında bir yardımçımız olur. Qazanılmış uğurlar isə bizi hər il daha yeni-yeni layihələrə, ideyalara, daha geniş əməkdaşlığa və daha sıx ünsiyyətə həvəsləndirir.

Müasir dünyamızın aktual problemləri sayılan ətraf mühitin çirklənməsi, təbiətin mühafizəsi, qlobal iqlim dəyişikliyi kimi problemlərin çözülməsində böyükdən-kiçiyə bütün bəşəriyyətin bir olmasını və bunun üçün də şagirdlərin belə biliklərlə təlimatlandırılmasında məhz məktəbin rolunu daha vacib sayaraq son illərdə ekoloji layihələrə daha çox üstünlük vermişik.

32 ölkə  məktəblisinin  ekoloji tərbiyəsində xüsusi rol oynamış beynəlxalq  "Orqanik bağ" layihəsi ilə bizim 55 ölkənin iştirak etdiyi ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş  Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının ("İNEPO-Euroasia") final mərhələsində iştirakımız da şagirdlərimiz üçün daha bir  böyük  təcrübə idi. Tədbirin təşkilatçılarından "Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq" İDEA-nın rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, hökumət nümayəndələri və nazirlərin tədbirə qatılması tədbirin böyük önəm daşıdığını sübut edirdi. 

2012-ci ildən bəri iştirak etdiyimiz "350.org" layihəsinin məhz iqlim dəyişiklikləri üzərində qurulması isə təsadüfi deyil. Son illərdə dünyada baş verən iqlim dəyişiklikləri bu layihənin meydana gəlməsini zərurətə çevirdi. İqlim dəyişiklikləri yer kürəsində həyat şəraitini ağırlaşdıran, insan sağlamlığını ciddi şəkildə təhlükə altına alan və insan ömrünün qısalmasını tezləşdirən əsas amillərdən biridir. Son zamanlar baş verən sel, daşqınlar, qlobal istiləşmə və ya soyuqlaşma, torpaq sürüşmələrinə təkan verən meşələrin qırılması faktı və ya meşə yanğınları, ətraf mühitin çirklənməsi sayəsində atmosferdə olan karbon qazının normal emissiyasinin 350-dən 382-yə qalxması və zəncirvari şəkildə temperaturun qalxması nəticəsində qütb buzlarının əriməsi, suyun turşuluğunun artması ilə müşahidə olunan dəniz səviyyəsinin qalxması, adaların yoxa çıxması, yer kürəsinin müxtəlif hissələrində baş verən səhralaşma və daşqınlar kimi ciddi iqlim dəyişiklikləri alimləri düşündürən əsas məsələlərdən birinə çevrilib.  Bəşəriyyəti iqlim dəyişikliklərinə qarşı mübarizəyə səsləmək və karbon qazının emissiyasının yenidən normal vəziyyətinə gətirilməsi sahəsində konkret nailiyyətlər əldə etmək  "350.org" layihəsinin əsas prinsipidir. Layihənin ideyası qlobal istiləşmə haqqında ilk və təbiət haqqında yüzlərlə kitabın müəllifi, amerikalı iqlimşünas Bill Makkibenə məxsusdur.

Ötən il layihə çərçivəsində keçirilən İqlim Dəyişiklikləri gününü biz İsmayıllı şəhər 1 nömrəli orta məktəbin şagirdləri ilə rayon səviyyəsində qeyd etdik. 5-11-ci sinif şagirdləri və təbiət fənlərini tədris edən müəllimlərin iştirakı ilə məktəbin həyətində təşkil etdiyimiz tədbirdə şagirdlərə son illərdə ölkəmizdə baş vermiş iqlim dəyişiklikləri, onların səbəbləri və törətdiyi fəsadlar, məqsədyönlü olaraq təşkil edilmiş "350.org" aksiyasının məramı və gedişi haqqında məlumat verildi. Təbiəti qorumağın sirlərini və bunun nə dərəcədə vacib olduğunu şagirdlərə daha dolğun şəkildə çatdırmaq üçün tədbirə bu işlə bilavasitə əlaqəsi olan təşkilatlar  11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və Təhsil Şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları, eləcə də media nümayəndələri də dəvət olunmuşdu. Ekoloji maarifləndirmə aksiyası rayon mərkəzində və Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində də davam etdirildi, mərkəzin kollektivi ilə birlikdə ağaclar əkildi. Azərbaycanda müxtəlif səbəblərdən baş verən torpaq sürüşmələri ilə təzahür edən iqlim dəyişikliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün şagirdlər layihənin moderatorları amerikalı Bill Makkiben, Mey Boiv və ukraynalı Yuliya Makliyuk tərəfindən yönləndirilən və 67 ölkənin nümayəndələrinin eyni zamanda onlayn iştirak etdiyi videokonfransa qoşuldular. Həm konfrans zamanı, həm də layihənin elektron səhifəsində şagirdlər Azərbaycanda baş verən torpaq sürüşmələrini fotoşəkillər vasitəsilə nümayiş etdirərək ingilis dilində onların şərhini verdilər, İnternet vasitəsilə iştirak edən ölkələrin nümayəndələri ilə fikirlərini bölüşdülər və yaranmış ekoloji problemlərdən çıxmaq üçün cəmiyyəti birliyə çağırdılar. Bizim bu layihədə iştirakımız "350.org" layihəsinin davamı olan "Global Power Shift"  (GPS) layihəsinin birinci mərhələsinə -  2013-cü il 24-30 iyun tarixində İstanbulda keçirilən GPS Phase-1 sammitinə iştirakçı kimi seçilməyimizə əsas oldu. Sammit üçün məkan  Türkiyənin aparıcı təhsil ocaqlarından olan İstanbul Texniki Universitetinin (İTU) kampusu seçilmişdi. "Global Power Shift" sammiti  dünyanın 138 ölkəsindən seçilmiş 500 iştirakçı, 29 ölkədən olan 60 fasilitator və 40 könüllü mütəxəssis - bir sözlə, təqribən  600 iqlimşünas və ekoloqun  planetimizi iqlim böhranlarından xilas etmək, iqlim dəyişikliklərinə qarşı mübarizə və insan həyatını təhlükədən qorumaq məqsədilə yeni bacarıqlar, müxtəlif təcrübələr və gələcək planların həyata keçirilməsi üçün  yeni strategiyaların öyrənilməsi və mübadiləsi məqsədilə bir araya gəldikləri çox böyük və möhtəşəm bir toplantı idi. Hər gün keçirilən səhər və axşam plenar sessiyalarında məruzəçilərin - iqlimşünas alimlərin, beynəlxalq ekspertlərin, ekoloqların və iqlim böhranlarına məruz qalmış ölkələrin nümayəndələrinin təqdimatları ilə tanışlıq, əlbəttə ki, bizim bu sahədə daha çox bilgi əldə etməyimizə xidmət edirdi.

"350.org" hərəkatının çağırışıyla qlobal iqlim dəyişikliklərinə diqqət çəkmək üçün iyunun 29-da iştirakçılar müxtəlif dillərdə səsləndirdikləri "Başqa bir dünya mümkün", "Diren Gezegen" kimi şüarlar altında Kadıköyə yürüş etdi. Sammit iştirakçılarına Türkiyədə fəaliyyət göstərən əhəmiyyətli ekoloji qurumlardan  "Greenpeace Akdeniz",  "TEMA",  "Küresel Eylem Grupu"  daxil olmaqla 45 dövlət müəssisəsi dəstək verdi. Təqribən  2 min insanın iştirak etdiyi və türk xalqının bugünkü tələbləri  ilə həmrəy olan bu yürüş Türkiyədə böyük əks-səda doğurdu  və Türkiyənin, eləcə də dünyanın bir  çox ölkəsinin  mediası tərəfindən çox geniş səviyyədə işıqlandırıldı. 

GPS sammitinin bir-birini tamamlayan ikinci  mərhələsi iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirlərini nəzərdə tutan aksiyaların yerlərdə təşkil edilməsindən ibarətdir. 7 günlük sammit boyunca keçirilən düşərgə və panel sessiyaları, kampaniyaların təşkili kursları iştirakçıları ikinci mərhələni öz ölkələrində daha effektiv və məhsuldar şəkildə təşkil etmək üçün hazırlayırdı. Qaydaya görə hər bir iştirakçıya yalnız bir kursu bitirmək hüququ verilirdi və mən kampaniyaların rəqəmsal təşkili (Digital Campaining) kursunu bitirdim.  İnanıram ki, kurs müddətində əldə etdiyimiz bilikləri səfərbər edərək  sərhəd və məkan bilməyən, eyni zamanda çoxlu sayda insanın cəlb edilməsi mümkün olan,  son dərəcə ucuz və sürətli,  amma çox yaradıcı bir kampaniyalaşdırma vasitəsi olan rəqəmsal və onlayn təşkilatçılıq vasitəsilə planetimizin qorunması yolunda GPS layihəsinin 2-ci mərhələsini öz ölkəmizdə daha maraqlı və faydalı şəkildə təşkil edəcəyik.  Ümumiyyətlə, bu layihənin 2-ci mərhələsinin 2013-2014-cü illərdə dünyanın bütün ölkələrində keçirilməsi nəzərdə tutulur. Biz də Azərbaycanda bu aksiyaların təşkil edilməsi üçün müəyyən fəaliyyət planı hazırlamışıq. Ölkəmizdə mövcud olan iqlim böhranları və onların həlli yollarını aradan qaldırmaq üçün "Global Power Shift Phase 2 - Azerbaijan" facebook səhifəsi fəaliyyət göstərir. Ölkəmizi həqiqətən "yaşıl cənnət" görmək istəyən bütün könüllüləri sıralarımızda görməkdən  məmnun  olarıq. 

Ruhiyyə MAHMUDOVA,
İsmayıllı şəhər İsrayıl Həsənov adına
1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov