Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Beynəlxalq fənn olimpiadalarında

 

44-cü Beynəlxalq Fizika Olimpiadası 

İyulun 7-dən 15-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində 44-cü Beynəlxalq Fizika Olimpiadası keçirilmişdir. Nils Bor İnstitutu və Danimarka Texniki Universitetinin bazasında keçirilən olimpiadada  dünyanın 83 ölkəsindən 380-dən çox məktəbli iştirak etmişdir. Rusiya olimpiadada 5 şagirddən ibarət komanda ilə təmsil olunmuş və onlardan 4-ü qızıl, biri isə gümüş medal almışdır.

Balların cəminə görə qalib macar məktəblisi Attila hesab olunmuşdur. Qeyri-rəsmi komanda hesabında I yeri Çin qazanmışdır. Cənubi Koreya II, Rusiya isə III olmuşdur. 1967-ci ildən bəri keçirilən bu beynəlxalq bilik yarışmasında Çin və Macarıstan komandaları daha çox qələbə qazanmışlar.

2014-cü ildə məktəblilərin fizika üzrə beynəlxalq yarışması Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.


 24-cü Beynəlxalq Biologiya Olimpiadası 

İyulun 14-dən 21-dək İsveçrənin paytaxtı Bern şəhərində məktəblilərin 24-cü Beynəlxalq Biologiya Olimpiadası keçirilmişdir. Olimpiadada 62 ölkədən 241 məktəbli iştirak etmişdir.

Olimpiadanın yekunlarına əsasən, komanda zaçotunda ilk beş yeri müvafiq olaraq ABŞ, Sinqapur, Tailand, Almaniya və Rusiya tutmuşlar.

15 yaşdan yuxarı məktəblilərin qatıldığı bu beynəlxalq yarışmada iştirakçılar nəzəri və praktik sınaqların keçirilməsini nəzərdə tutan fərdi zaçot nəticələri üzrə qiymətləndirilirlər. Nəzəri və praktik turlar biologiyanın əsas sahələrinə, o cümlədən hüceyrə biologiyası, molekulyar biologiya, bitkilərin anatomiya və fiziologiyası, heyvanların anatomiya və fiziologiyası, etologiya, genetika və təkamül, ekologiyaya aid tapşırıqları əhatə edir.

Qızıl medallar ən yaxşı 10 faiz iştirakçıya, gümüş və bürünc medallar isə müvafiq olaraq 20 və 30% iştirakçıya verilir.

Biologiya üzrə növbəti beynəlxalq olimpiadaların İndoneziyada (2014-cü ildə), Danimarkada (2015), Vyetnamda (2016), Böyük Britaniyada (2017), İranda (2018) keçirilməsi nəzərdə tutulub. 


54-cü Beynəlxalq Riyaziyyat Olimpiadası 

Beynəlxalq Riyaziyyat Olimpiadası hər il yuxarı sinif şagirdləri arasında riyaziyyat üzrə keçirilən dünya çempionatıdır.

Sayca 54-cü olan builki çempionat iyulun 18-29-u tarixlərində Kolumbiya Respublikasının Santa-Mart şəhərində keçirilmişdir. Olimpiadaya dünyanın 97 ölkəsi öz komandasını göndərmişdir. Bir qayda olaraq yarış 2 gün davam edir və onun gedişində iştirakçılar 6 məsələ həll etməlidirlər. Hər məsələ üçün maksimum qiymət 7 bal təşkil edir. Bu baxımdan hər bir iştirakçı maksimum 42 bal yığa bilər.

54-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında qeyri-rəsmi komanda zaçotunda Çin komandası birinci olmuşdur. Çin komandasının üzvləri toplam 208 bal yığmışdır. Cənubi Koreya komandası 204 balla II, ABŞ komandası 190 balla III olmuşdur. 187 bal yığan Rusiya komandası olimpiadada 4-cü nəticə göstərmişdir. Ruslar 4 qızıl medal əldə etmişlər.

 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov