İdman
bioqrafiyasından
İlk uğuru 1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq
turnirində qazanmışdır.
1989-cu ildə SSRİ birinciliyində II yer;
1990-cı ildə SSRİ çempionatında III yer;
1990-cı ildə Kanadada keçirilən Dünya
Kubokunun sahibi yarışında I yer;
1991-ci ildə SSRİ çempionu kimi I yer;
1992-ci ildə MDB çempionu;
1994-cü ildə Dünya çempionatında II yer;
1994-cü ildə İtaliyada keçirilən Avropa çempionatında
I yer;
1995-ci
ildə İsveçrədə keçirilən Avropa çempionatında I yer;
1996-cı ildə Budapeştdə keçirilən Avropa çempionatında
III yer;
1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında (ABŞ)
gümüş medal və II yer;
1996-cı ildə İvan Yarıginin xatirəsinə həsr edilmiş
Qran-Pri seriyasından beynəlxalq turnirin qalibi;
1997-ci ildə Varşavada keçirilən Avropa çempionatında
II yer;
1998-ci ildə İranda keçirilən Dünya çempionatında II
yer;
2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən
XXVII Yay Olimpiya Oyunlarında qızıl medal;
2002-ci ildə Dünya çempionatının gümüş medalçısı;
2003-cü ildə Avropa çempionu;
2004-cü ildə Dünya Kubokunun qalibi, qızıl medal;
2006-cı ildə Dünya çempionatının bürünc medalçısı;
2006-cı ildə Avropa çempionatının gümüş medalçısı;
2008-ci
ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş "Qızıl Qran-Pri" beynəlxalq turnirinin gümüş
medalçısı.
Əslində bu səhifəni aylar öncə hazırlamağı
planlaşdırmışdıq. Olimpiya çempionunun vaxt qıtlığı
səbəbindən yazını bir neçə nömrə təxirə salsaq da,
sonda müsahibəmiz baş tutdu. "Şöhrət" ordenli
güləşçimizin - Namiq Abdullayevin iş otağında oturub
müxtəlif ölkələrdə, müxtəlif yarışlarda çəkilmiş
şəkillərə baxdıqca müsahibimin idmanın güləş növündə
qazandığı qələbələrin sevincinə mən də şərik oldum.
Kimlər vardı bu fotoşəkillərdə?! Üçqat Avropa
çempionu, Olimpiya oyunlarının gümüş və qızıl medalçısı
Namiq Abdullayev söhbətə bir qədər uzaqdan başladı:
- 1971-ci il yanvarın 4-də anadan olmuşam. Əslən
Xızıdanıq. Mən çoxuşaqlı ailədə böyümüşəm. Dörd bacı,
beş qardaş idik. 1978-ci ildə Bakının Nəsimi rayonunda
yerləşən 19 nömrəli orta məktəbin I sinfinə getmişəm.
Təbii ki, bütün uşaqların, xüsusən də oğlanların uşaqlıq
illəri əslində dəcəllik dövrü kimi yadda qalır. İndi
detallarını xatırlamasam da, yəqin ki, mənim də
dəcəlliyim az olmayıb. O yadımdadır ki, futbola, bir də
qaçmağa çox həvəs göstərirdim. İdman sahəsində ilk
seçimim də futbol olmuşdu. Hələ üçüncü sinifdə oxuyanda
bir müddət futbol məşqlərinə getmişəm.
Məktəbimiz
üçüncü mikrorayonun ərazisindəydi. Geniş stadionumuz
vardı. Orada bacarıqlı məşqçilər biz məktəblilərlə
məşğul olurdu. İndi səbəbini özüm də bilmirəm, amma o
vaxt valideynlərim futbolla məşğul olmağıma nədənsə
qəti etiraz etmişdilər. Məktəbdə futbol, evə qayıdandan
sonra həyətdə futbol... dərs kitablarını oxumağa lap az
vaxt qalırdı. Yəqin ki, valideynlərimi də narazı salan
məhz elə bu amil idi. İndinin özündə də futbola marağım
qalır. Vaxt tapanda hərdən oynayıram.
- Nəsildə idman sahəsindəki estafet kimdən keçib sizə?
- Şübhəsiz ki, bu sahədə qabiliyyət irsən dayımdan
keçib. Eldə- obada tanınan pəhləvanlardan olub dayım.
Əmioğlum Elxan Abdullayev də güləşlə məşğul olurdu.
Düzdür, idmanla məşğul olan qohumlarım da yarışlara
qatılıblar, Azərbaycan çempionu olublar, beynəlxalq
turnirlərdə iştirak ediblər. Onlardan məşqçi olanları da
var. Ancaq konkret ailəmizdən söhbət gedirsə, məndən üç
yaş böyük qardaşım Arif Abdullayevlə arada cəmi bir ay
fərqlə güləş məşqlərinə bərabər gəlmişik. Güləşlə
məşgul olmağı bizə əmim oğlu Elxan təklif etdi və onun
məsləhəti ilə hər ikimiz eyni məşqçinin- Vahid
Məmmədovun rəhbərliyi altında güləşin fəndlərini,
texnikasını öyrənməyə başladıq.
1983-cü
ildə, artıq mən beşinci sinifdə oxuyanda gəldim "Spartak"
cəmiyyətinə - idmanın sərbəst güləş növünə. Onu da
vurğulayım ki, idmana ilk qədəm basdığımdan, idmanla
vidalaşanacan mənim cəmi iki nəfər məşqçim olub: Vahid
Məmmədov və qardaşım Arif Abdullayev.
Vahid müəllim hazırda yeniyetmələr üzrə komandanın
məşqçisidir. Hər zaman uca tutduğum, uzun ömür
arzuladığım Vahid müəllim bizim ailəmizlə də yaxın olub.
Həmişə - məşqlərdə də, yarışlarda da bir böyük kimi onun
diqqətini, qayğısını üzərimdə hiss etmişəm. Bircə gün
məşqə getməsəydim, Vahid müəllim o saat durub evə
gələrdi ki, görsün nə baş verib, məşqdən niyə
yayınmışam, bəlkə xəstələnmişəm... Vahid müəllimlə bizim
münasibətlərimiz həmişə qarşılıqlı olub, səmimi,
hörmətli-izzətli. Həm sərbəst güləşin fəndlərini
öyrətməkdə, həm də beynəlxalq yarışlara hazırlaşmağımda
müəllimimin əməyi əvəzsizdir. Tək mənim deyil, bütün
yetirmələrinin üzərində Vahid müəllimin diqqəti, qayğısı
həmişə hiss olunur.
- İlk yarışmanız?
- Sovet dövründə Zaqafqaziya üzrə beynəlxalq turnir
olurdu, orada həm azərbaycanlı, həm gürcü, həm də
erməni idmançıları yarışırdı. Mən 1985-ci ildə Bakıda
keçirilən turnirin qalibi oldum. Bundan sonra güləşlə
məşğul olmağıma daha evdən etiraz etmədilər. Artıq
8-ci, 9-cu siniflərdə oxuyarkən bəzən təlim-məşq
yarışları olurdu. Federasiyalardan, idman
cəmiyyətlərindən məktəbimizə məktublar, dəvətnamələr
gəlirdi, onda məni dərslərdən azad edirdilər ki, məşq
edə bilim.
İlk
qələbəm Ukraynanın Dnepropetrovsk şəhərində 1987-ci
ildə yeniyetmələr arasında keçirilən turnirdə olub.
Diplomlarımı, fərqlənmələrimi gətirəndə məktəbdə də,
evdə də hamı inandı ki, mən məşqlərdə əbəs yerə vaxt
itirmirəm.
- Məktəb illərində kiməsə qolunuzun zorunu göstərmisiniz?
- Bircə dəfə. Onda da əlimi toxundurduğum şagird erməni
balası olduğundan valideynləri xeyli vaxt bizə problem
yaratdılar. Əslində, ortada ciddi bir hadisə də yox idi.
Mən beşinci sinifdən qonşuluğumuzdakı yeni tikilmiş 266
nömrəli məktəbdə təhsilimi davam etdirməyə başladım.
Məktəbdə həm rus, həm də Azərbaycan bölməsi fəaliyyət
göstərirdi. Tənəffüsün bitməyinə az qalmışdı. Bufetdən
çıxanda qayda beləydi ki, gərək gəldiyimiz yoldan yox,
əks istiqamətdən qayıdaq. Biz də istəmədik ki, dərsə
gecikək. Gəldiyimiz yoldan qayıtmaq istəyəndə rus
bölməsindən bir uşaq digər uşaqları buraxdı, mənim
qarşımı kəsdi ki, olmaz. Mübahisə düşdü. O, əl-qol
atanda mən yüngülcə onu itələdim. Heç demə bu uşaq da
himə bəndmiş, düşdü döşəməyə... Sonra məlum oldu ki,
erməniymiş... Onu da dedilər ki, guya onun ürəkkeçməsi
var, nə isə min cür bəhanə... həm valideynlərimi, həm
müəllimlərimi, məktəb direktorumuzu , bir sözlə, hamını
məsələyə qatmışdılar. Ancaq məktəb kollektivimiz,
məşqçim axıra kimi məni müdafiə etdilər ki, idmançıdır,
əli ağırdır..
- İdmançı və aqressiya...
- İdmançının hər zaman qollarında gücü var. Bu gücü isə
təyinatı olmayan yerdə sərf etmək suçdur. Biz idmançılar
hər kəsdən daha çox səbrli olmalıyıq. Səbr uca Yaradanın
ən ilk adıdır.
- İdmanın milliyyəti varmı?
- Olimpiya oyunlarının əslində mahiyyəti nədir? Xalqlar,
millətlər arasında dostluq körpüsü salmaq, barışıq
yaratmaq, insanları, xalqları birləşdirmək, bir-birinə
dost etmək. İdman belədir ki, müxtəlif millətlərin
nümayəndələri ilə görüşürsən, ünsiyyətə qatılırsan.
Məsələn, xalçaya qədəm basanda güləşəcəyin adamla əl
verib görüşməlisən. Bu, beynəlxalq etiket qaydasıdır.
Əməl etməsən, ən azı yarışdan məhrum edilərsən.
- Qalibiyyətin dadı bəllidir. Bəs məğlub olanda hansı
nəticəyə gəlmisiniz?
- Heç vaxt məğlubiyyətlə barışa bilən adam olmamışam.
İlk növbədə etdiyim yanlışlıqları, texniki səhvləri
düzəltmək, yeni yarışlara daha əzmlə qatılmaq barədə
düşünmüşəm. Fikirləşmişəm ki, əgər bu yolu seçmişəmsə,
yalnız qələbəyə doğru irəliləməliyəm. Qalib gəlmək bir
vəzifədir, biz idmançıların boyuna biçilib.
- Siz idmançılar Azərbaycanın dünyada eşidilən
səsisiniz.
- Elə ona görə də çalışırıq ki, yarışlarda qələbə çalaq,
bayrağımız qaldırılsın, himnimiz səsləndirilsin,
Azərbaycanımız tanınsın.
- Zərərli vərdişlər və idman?
- İdman sağlamlıq mənbəyi olduğu kimi, o həm də insandan
özünə sağlam münasibət tələb edir. Heç vaxt zərərli
vərdişlərim olmayıb. İçkini, siqareti özümə yaxın
buraxmamışam. Mənim üçün çayın yerini heç nə vermir.
- Adətən 55 kiloqram çəki dərəcəsində güləşmisiniz.
Xüsusi pəhriziniz olub?
- Yox, olmayıb. Milli yeməklərimizin hamısını, xüsusilə
milli bayramımız olan Novruzda bişirilən şirniyyatları,
təamları xoşlayıram. Ancaq xüsusi pəhriz saxlamasam da,
çəkimi də nəzarətsiz buraxmamışam.
- Hansı ali məktəbi bitirmisiniz?
- Orta məktəbi bitirən kimi, yəni 1988-ci ildə İdman
Akademiyasına daxil oldum. 1992-ci ildə ali təhsilimi
bitirib hərbi xidmətə yollandım. 1992-1994-cü illərdə
öz respublikamızın hüdudlarında Daxili Qoşunların
tərkibində əsgər kimi xidmət etdim. Yeri gəlmişkən,
Daxili Qoşunlarda xidmət edəndə də, ondan sonra da
"Dinamo" və "Neftçi" idman cəmiyyətlərində məşqlərimi
davam etdirirdim.
2000-ci ildə Sidney Olimpiya oyunlarına getməmişdən bir
qədər əvvəl Bakı Dövlət Universitetinin hüquq
fakültəsinə qəbul oldum, 2004-cü ildə təhsilimi başa
vurdum.
- Hüquq sahəsində ali təhsiliniz, diplomunuz var.
O sahə cəlb edirmi sizi?
- Səmimi deyirəm, idmanın mənim həyatımda yeri, mövqeyi
elədir ki, orada başqa bir sənətə, başqa məşğuliyyətə
əsla yer yoxdur.
Harada idman varsa, harada yarış varsa, mən də orada
varam, özümü orada hiss edirəm. Bəlkə də orta məktəbi
bitirən kimi hüquq təhsili alsaydım, o sahədə işləməyə
gedərdim. İndi idman və yenə də idman...
- Qardaşınız Arif Abdullayevin idman karyerası haqqında
nə deyə bilərsiniz?
- Qardaşımın da nailiyyətləri göz qabağındadır. Üç dəfə
Avropa mükafatçısıdır, Dünya çempionudur, üç dəfə
Olimpiya Oyunlarının iştirakçısıdır. Azərbaycan Güləş
Federasiyasının gənclərdən ibarət yığma komandasının baş
məşqçisidir.
- Hansı ölkə daha çox yadınızda qalıb?
- "Yaşıl ada"- Sidney. Doğrudan gözəl yerdi... Hara
getsəm, harda olsam Vətən çəkir məni... Adətən xarici
ölkələrdə təlim məşqlərimizin iki-üç ay çəkən vaxtları
olub, onda da darıxmışam, Vətən çağırıb...
- Adınıza olan poçt markasını əlinizə götürəndə hansı
hissləri keçirdiniz?
- Qürur hissi yaşadım. 1995-ci ildə "Tərəqqi" medalı
ilə, 2000-ci ildə Sidneydə Olimpiya çempionu adını
qazanandan sonra vətəndə ulu öndərimiz Heydər Əliyevin
öz əli ilə təqdim etdiyi "Şöhrət" ordeni ilə təltif
olunmuşam. 2012-ci ildə "Əməkdar bədən tərbiyəsi və
idman xadimi" fəxri adına layiq görülmüşəm. Şərəfli bir
qiymətdir.
- Qarşıda hansı beynəlxalq oyunların Bakıda keçirilməsi
planlaşdırılır?
- 2015-ci ildə ilk dəfə Bakıda Avropa Oyunları, daha
sonra Bakı-2017 İslam Həmrəyliyi Oyunları
respublikamızda keçiriləcək. Bu tədbirlərin Bakıda
keçirilməsinin ən böyük önəmi odur ki, beynəlxalq
aləmdə Azərbaycanı bir daha yaxından tanıyacaqlar. Bizə
önəm verəcəklər. Yeri gəlmişkən, "Avrovision"un Bakıda
keçirilməsi bütün dünyaya səs salmışdı. Güman edirəm ki,
yaxın gələcəkdə Olimpiya oyunları da Bakıda keçiriləcək.
Bu bir faktdır ki, cənab Prezidentimiz idmana böyük
diqqət göstərir, idman kompleksləri inşa etdirib
idmançıların ixtiyarına verir. Gələn qonaqlar -
jurnalistlər də, azarkeşlər də ölkəmizdən razılıqla geri
dönürlər.
- Qələbə sevincini bölüşdüyünüz ilk doğmanız?
- Təbii ki, hər zaman, həmçinin xalçadan kənara qalib
kimi çıxanda da ilk əvvəl yanımda müəllimim- məşqçim
olur. O sevincli dəqiqələrimin ilk şahidi də, şəriki
də elə müəllimim olur. Hakim əlimi tutub yuxarı
qaldıranda, bayrağımız mənim qələbəmə görə
dalğalandırılanda, ilk öncə müəllimimə "sağ ol" deyirəm.
- Böyük idman nədir?
- Böyük idman öz böyüklüyü ilə yanaşı, həm də böyük
məsuliyyət, gərgin zəhmət deməkdir. İdmana həyatını
bağlamısansa, hamı kimi yaşaya bilməzsən.
- Gənc idmançılara məsləhətləriniz?
- Əvvəla hamı kimi həyatını, asudə vaxtlarını öz
istədiyin kimi keçirə bilməzsən. İdmanın öz tələbləri,
öz məhdudiyyətləri var. Üstəgəl əzilmələr, sınmalar,
çatlar, zədələr hər zaman mümkündür və biz idmançılar
buna da hər zaman hazır olmalıyıq. Əgər dünya, olimpiya,
Avropa çempionu olmaq barədə fikirləşirsənsə, digər
yaşıdlarından fərqli olaraq günlərini, saatlarını
məşqlər üçün səmərəli surətdə bölməlisən. Ən azı gündə
iki dəfə məşq minimumdur. Fikrin - zikrin öz üzərində
işləmək olmalıdır.
- Ən ağır zədəniz?
- 1995-ci ildə Atlantada qayçı fəndini işlədərkən
biləyimdə - daraq deyilən nahiyədən zədə aldım. ABŞ-ın
özündəcə ilk yardım göstərildi, əlimə gipsdən sarğı
qoyuldu. Artıq ay yarımdan sonra sağlamlığım bərpa
olundu. Hərbiçilər arasında keçirilən Oimpiya Oyunları
yarışmasına qatıldım və II yeri tutdum.
- Yarışlardan dönəndə ananız sizi necə qarşılayır?
- İlk sözü "can" kəlməsi olur. Sonra soruşur: "Can bala,
necə oldu?" Deyirəm, narahat olma ay ana, idmandı da,
bir dəfə belə olur, bir dəfə elə... Ana ürəyidi də...
- Ulu öndərlə görüşləri necə xatırlayırsınız?
- Ümummilli liderimizlə ilk görüşümüz 1995-ci ilin
sonunda oldu. Bu bir ənənəyə çevrilmişdi ki, hər ilin
axırında cənab Heydər Əliyev qələbə qazanan idmançılarla
özü görüşür, isti sözlərlə hər bir idmançını özü şəxsən
təbrik edirdi. Bu da idmançıya gələcək qələbələr üçün
çox böyük ruh verir, inam aşılayırdı. 1996-cı ildə
Atlantada hakimlərin haqsızlığı ucbatından mən gümüş
medala layiq görüldüm. Bu haqsızlığı bütün dünya,
cənab Heydər Əliyev də efirdə izləmişdi. Mən Bakıya
döndükdən sonra olimpiyaçılarla görüşündə o, gümüş medal
almağıma baxmayaraq məni qızıl medalçı kimi qarşıladı.
Təbrik etdi və dəyərləndirdi.
- Beynəlxalq yarışlarda haqsızlıqların çoxmu şahidi
olmusunuz?
- Əvvəllər belə hallar çox olurdu. O da ondan irəli
gəlirdi ki, gənc respublika kimi bizi hələ yaxşı
tanımırdılar. Get-gedə Azərbaycanı daha yaxından
tanıdıqca münasibətlər də dəyişməyə başladı. 1997-ci
ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK)
prezidenti seçildiyi gündən idmanımızda da böyük dönüş
yarandı. İlham Əliyev kənara getmiş idmançılarımızı
respublikaya topladı, onları məşqlərə, yarışmalara cəlb
etdi, problemləri ilə maraqlandı. Biz idmançıların ən
böyük dayağı olan Prezidentimizin sərəncamı ilə 38 idman
kompleksi tikilib istifadəyə verilib, 67 min nəfərlik
olimpiya stadionu isə hazırda tikilməkdədir.
2000-ci ildə Sidney olimpiadasında iki qızıl və bir
bürünc medalı olan Azərbaycan medal almış 80 ölkə
arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü
yeri tutdu. Bu, əsl qələbəydi. Azərbaycan idmanı Sidney
sınağından qalibiyyətlə çıxdı. Sentyabrın 6-da Sidneydə
- Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılan
anlarda Azərbaycan nümayəndə heyətinin keçirdiyi qürur
hissi ölçüyəgəlməz idi.
- Son yarışınız?
- Mənim son yarışmam 2008-ci ildə 55 kiloqram çəki
dərəcəsində oldu. 1995-ci ildə, bir də 2001-ci ildə
bədənimin müxtəlif nahiyələrindən - çiynimdən, dizimdən
möhkəm zədə almışdım. Bu zədələrimin sağalması xeyli
vaxt sürdü.
- İndi təkrar yarışlara qatılsanız...
- Köhnə zədələr-sınıqlar, çıxıqlar ki, var, yenidən
güləşsəm, onlar təkrar problem yarada bilər. Bir də ki,
yarışlara qatılmamağım o demək deyil ki, mən
fəaliyyətdən kənardayam. Qətiyyən. Mənim həyatım hər
zaman idmanla əhatə olunub.
Milli Olimpiya Komitəsində icraiyyə komitəsinin, Gənclər
və İdman Nazirliyində fəxri adlarla bağlı komissiyanın
üzvüyəm.
Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Daxili
Qoşunların İdman Komandasının rəisi vəzifəsində
çalışıram. Polkovnik rütbəsindəyəm. İşim bilavasitə
əsgərlərlə bağlı olduğundan onları öz yetirməm sayıram.
Həmçinin Azərbaycan Güləş Federasiyasının
vitse-prezidentiyəm. Əməkdar idman ustası, əməkdar
məşqçiyəm. Gənclərə və yeniyetmələrə öz təcrübəmi,
bildiyim fəndləri öyrətməkdən yorulmuram.
- Ən böyük arzunuz?
- İşğal olunmuş torpaqlarımızın azad olunmasına nail
olmaq bugünkü gündə həm bir idmançı, həm də daxili
qoşunların bir zabiti kimi mənim də ən böyük arzumdur.
Bu yolda gücüm çatan heç nəyi əsirgəmərəm. Mən inanıram
ki, bu çətin məsələ öz həllini tapacaq və zaman gələcək
ki, möhtəşəm idman yarışlarını azad olunmuş
torpaqlarımızda - Şuşada, Cıdır düzündə keçirəcəyik.
- Amin.
Müsahibəni yazdı: Ellada UMUDLU |