Son
illər respublikamızda fəaliyyət göstərən ali təhsil
müəssisələrində əlavə təhsil sahəsində bir sıra işlər
həyata keçirilmişdir. Qısa müddət ərzində öz
potensialından səmərəli istifadə edərək bu sahənin
inkişafına xüsusi tohfə verən ali təhsil
müəssisələrindən biri də Azərbaycan Müəllimlər
İnstitutudur. Respublikamızda təhsilin sürətlə inkişaf
etdiyi bir dövrdə institutun 8 mərtəbəli iki binası
tamamilə yenidən qurularaq əsaslı təmir edilmiş,
maddi-texniki bazası və kadr potensialı
gücləndirilmişdir. Belə ki, yeni avadanlıqlarla təchiz
edilərək kompüter, vizual texnikalarla
zənginləşdirilmiş, müasir təlimləri keçmək üçün ən yeni
qurğu və avadanlıqlarla təchiz edilmiş auditoriyalar
təşkil olunmuşdur. Əlavə təhsil sahəsində respublikanın
müxtəlif rayon və şəhərlərindən ixtisasartırma təhsilinə
gələn müəllimlərin təsəvvürlərində formalaşan çox
primitiv təlimlərə son qoyulmuşdur. Görülən işlərin
məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Müəllimlər
İnstitutu ilkin müəllim hazırlığı və əlavə təhsil
sahəsində fəaliyyət göstərən qabaqcıl ali təhsil
müəssisələrindən birinə çevrilmişdir.
İnstitut Azərbaycan təhsilində baş verən yenilikləri
öyrənmək və öyrətmək istiqamətində xeyli uğurlar
qazanıb. 2007-2008-ci dərs ilindən başlayaraq yeni
proqramların (kurikulum) tətbiqini reallaşdırmaq üçün
institut əməkdaşlarının bu məsələyə cəlbi diqqət
mərkəzində saxlanmışdır. Hər dərs ilində respublikamızın
müxtəlif ümumi təhsil məktəblərindən göndərilən ibtidai
sinif müəllimləri və digər fənn müəllimlərinin
ehtiyacını nəzərə alaraq onlara 10 günlük treninqlər
təşkil edilir və yeni proqramların (kurikulum) tətbiqi
öyrədilir. Təkcə 2012-2013-cü dərs ilində 200 nəfər
müəllim kurikulumların tətbiqi ilə əlaqədar təşkil
edilmiş təlimlərdən keçmiş və sertifikat almışdır.
Təqdimat etmək bacarığı olmayan dinləyicilərə
"dinləyici" statusu verilir.
Onu da qeyd edək ki, 2006-2007-ci dərs ilindən bəri
ixtisasartırma təhsilinə gələn müəllimlərin təlimi
zamanı çevik proqramlar tətbiq edilməklə 8-10 saat
həcmində kurikulumların tətbiqi və fəal interaktiv
təlim dərsləri təşkil olunur.
2012-2013-cü dərs ilində institutda əlavə təhsil
sahəsində ali, orta ixtisas və ilk peşə-ixtisas
məktəbləri, rayon (şəhər) təhsil şöbələri, məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələri ilə bağlanmış
müqavilələrə əsasən 3284 nəfər pedaqoji işçi
ixtisasartırma təhsilinə cəlb edilmiş, dərs ili ərzində
dərsə davamiyyəti və institutun daxili intizam
qaydalarına əməl etməyən 25 nəfər təlimlərdən
kənarlaşdırılmış, 3259 nəfərə sertifikat verilmişdir.
Cari dərs ilində yenidənhazırlanma təhsilində 4 ixtisas
(Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və
informatika, sosial psixoloji xidmət, məktəbəqədər təlim
və tərbiyə) üzrə təhsil alan 63 nəfər dinləyicidən Yekun
Dövlət Attestasiya imtahanlarının nəticələrinə əsasən 54
nəfəri müvəffəq qiymət almışdır.
İstər ixtisasartırma, istərsə də yenidənhazırlanma
təhsili sahəsində təlimlərin müasirləşdirilməsi, zamanın
tələblərinə uyğun əlavə təhsil məşğələlərinin təşkili
olduqca vacibdir. Bütün bunlar nəzərə alınaraq
institutda mövcud qaydalara görə 10, 12, 24 günlük və 2,
3 aylıq ixtisasartırma təhsili yüksək səviyyədə təşkil
edilmişdir. Bu məqsədlə institutda yüksək elmi-nəzəri,
pedaqoji-psixoloji hazırlığa malik zəngin dünyagörüşlü,
metodik və təcrübi hazırlığı yüksək olan, təhsildə
innovasiyaları tətbiq edə bilən alimlər, metodistlər və
müəllimlər çalışırlar. İxtisasartırma təhsilinə
AMEA-nın, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin, Azərbaycan Dillər
Universitetinin, Azərbaycan Təhsil Problemləri
İnstitutunun alimləri, Milli Məclisin deputatları cəlb
olunmuşdur. Ölkənin tanınmış ədəbiyyat və mədəniyyət
xadimləri vaxtaşırı instituta dəvət olunur və onlar
auditoriyada hüquqi, ədəbi, pedaqoji, etik mövzularda
mühazirələr oxuyaraq dinləyicilərlə maraqlı debatlar
aparırlar.
Hazırda institut dünyanın bir sıra inkişaf etmiş
ölkələri ilə, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya,
Almaniya, Avstraliya, Türkiyə, Rusiya, Ukrayna kimi
ölkələrdə fəaliyyət göstərən bu tipli ali məktəblərlə
qarşılıqlı anlaşma müqavilələri imzalamışdır.
Azərbaycan Müəllimlər İnstitutunda geniş tədbirlər
müəyyənləşdirilib və mərhələlər üzrə 300-dən çox proqram
hazırlanmışdır. Həmin proqramların bir qismi
akkreditasiya olunmuşdur. İnstitutun əməkdaşları
tərəfindən tərtib edilmiş proqramlar müasirliyi tam əks
etdirir.
Hər dərs ilində institutda və filiallarında onların
dislokasiyasına daxil olan rayon (şəhər) təhsil
şöbələrində müxtəlif məzmunda təlimlər, seminarlar və
treninqlər keçirilir. Yerlərdə keçirilən təlimlər əsasən
pedaqoji kadrların tələb və ehtiyaclarına görə təşkil
edilir. Ötən dərs ilində Şəki, Gəncə, Mingəçevir,
Salyan və Sumqayıt filiallarında "İxtisasartırma
təhsilindən əvvəl müəllim özünüqiymətləndirmə
kriteriyaları və onların ixtisasının artırılmasında
fərdi tələbatın müəyyənləşdirilməsi", "İxtisasartırma
təhsilində çevik proqramların tətbiqi", "Fənn
kurikulumlarının tətbiqi", "Yeni qiymətləndirmə
mexanizmi", "Təhsildə fəlakət riskinin azaldılması",
"Fəal interaktiv təlim", "Yeni proqramların tətbiqi
mexanizmi", "Yeni qiymətləndirmə strategiyaları",
"İKT-nin tədrisə tətbiqi" və s. mövzularda seminarlar,
treninqlər təşkil edilmiş və "dəyirmi masa" ətrafında
müzakirələr aparılmışdır.
İnstitutda tədrisin məzmununu təkmilləşdirmək,
dinləyicilərin tələbatına uyğun çevik proqramlar
hazırlamaq, maddi-texniki bazanı, kadr potensialının
səviyyəsini yaxşılaşdırmaq üçün məqsədyönlü işlər
görülür. Belə ki, hər dərs ili üçün bütün kateqoriyalar
üzrə tədris-tematik planlar hazırlanır, mövcud planlar
yeniləşdirilir və institutun Elmi Şurasında müzakirə
olunur.
Təhsil müəssisələrində tədris prosesinin səmərəliliyinin
artırılmasında, təlim keyfiyyətlərinin yüksəldilməsində,
müəllimin yaradıcı fəaliyyətinin təmin olunmasında, yeni
pedaqoji ideyaların formalaşmasında fəal təlim
texnologiyalarının tətbiqinin mühüm əhəmiyyəti vardır.
Bu prosesin reallaşması əsas etibarı ilə əlavə təhsil
şəbəkəsində baş verdiyi üçün institutda məqsədyönlü
tədbirlər həyata keçirilir və praktik olaraq yerinə
yetirilir. Belə təlimlərin təşkili üçün institutun
əməkdaşları tərəfindən həm nəzəri, həm də praktik
məsələləri özündə əks etditrən kifayət qədər vəsait və
tövsiyələr hazırlanmışdır.
Hər bir müəllimin öz pedaqoji fəaliyyəti dövründə
mütəmadi olaraq professional və metodik səviyyəsini
yüksəltmək, peşə ustalığını, elmi-nəzəri biliklərini
artırmaq məqsədilə şəxsi tələbatlarına, ehtiyaclarına
uyğun gələn tədris plan və proqramları əsasında əlavə
təhsil alması təhsilin effektliliyini artırır. Bunun
üçün ən yaxşı vasitə dayaq məntəqələri mexanizmidir.
Dayaq məntəqələrinə nəzarəti və yardımı gücləndirmək
üçün institutda bir sıra tədbirlər həyata keçirilir. 3
mərhələdə "Öyrədənlərin öyrədəni" təlimləri aparılır.
Birinci mərhələdə (30 saat) təlimin ümumi məzmunu, 2-ci
mərhələdə (30 saat) fəal interaktiv təlim, kurikulumlar,
3-cü mərhələdə (30 saat) İKT-nin tədrisə tətbiqi
mövzuları öyrədilir və yekunda dinləyicilərə sertifikat
verilir. 2012-2013-cü dərs ilinin yekununa görə 160
nəfər dinləyici "Öyrədənlərin öyrədəni" təlimindən
keçmişdir.
Niyazi RƏHİMOV |