Geniş iftar süfrələrinin təşkil edilməsi müqəddəs
Ramazan ayının ən mühüm ənənələrindən biri hesab edilir.
İftar mərasimlərinə daha çox müsəlmanın qatılması
Ramazanın həmrəylik, sevgi, mərhəmət və ruzi ayı
olduğunu bir daha təsdiq edir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun Türkiyə
nümayəndəliyi bu ənənələrə sadiq qalaraq qardaş ölkədə
təhsil alan azərbaycanlı tələbələr üçün İzmir şəhərində
iftar süfrəsi təşkil etmişdir.
Tədbirdə tələbələrlə yanaşı, İzmirdəki nüfuzlu
universitetlərin müəllimləri, qeyri-hökumət
təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun
təmsilçiləri də iştirak etmişlər.
Çıxış edənlər tələbələrin iftar süfrəsi arxasında bir
yerə toplanmasını milli mənəvi dəyərlərimizə, təhsilə və
gənclərə daim böyük diqqət və qayğı ilə yanaşan Heydər
Əliyev Fondunun növbəti nəcib təşəbbüsü kimi
qiymətləndirmişlər.
Mərasimdə ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun
Azərbaycanda və hüdudlarımızdan kənarda həyata keçirdiyi
genişmiqyaslı layihələrin əhəmiyyəti qeyd edilmişdir. |