Yeniyetmə
və gənclərin asudə vaxtlarının, eyni zamanda
istirahətlərinin səmərəli və mənalı təşkili Səbail Rayon
İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır.
Belə ki, ilk növbədə rayondakı aztəminatlı, imkansız
ailələrdən olan uşaqlar üçün "Park Bulvar" Ticarət və
İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında
pulsuz 3 D həcmli uşaq filmlərinə baxışlar təşkil
olunmuş, 1200-dən artıq uşaq bu seanslarda iştirak
etmişdir. Bundan başqa, Uşaq-Gənclər İdman Məktəbinin,
yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından
istifadə olunmaqla idman yarışları, müxtəlif müsabiqə və
intellektual oyunlar keçirilir, yeniyetmələrin rayondakı
muzey və teatrlara ekskursiyaları təşkil olunur. Bu
istiqamətdə keçirilən növbəti tədbirlərdən biri də
yeniyetmələr üçün ənənəvi olaraq Quba rayonunda
"Şahinlər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət
düşərgəsinin yaradılmasıdır.
Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, DİN Daxili
Qoşunlar Komandanlığı, "Çağ" Öyrətim İşlətmələri və
"Azercell" şirkətlərinin birgə layihəsi əsasında rayonun
Qarabağ müharibəsi veteranları və əlillərinin,
aztəminatlı ailələrin övladları, həmçinin "SOS -
Azərbaycan" uşaq kəndində və müxtəlif uşaq evlərində
tərbiyə alan ümumilikdə 200 uşaq bu günlərdə Quba
şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Özəl Türk
Liseyinin Quba filialının ərazisində artıq 8-ci dəfə
təşkil olunmuş hərbi vətənpərvərlik təmayüllü "Şahinlər"
adlı yay düşərgəsinə yola salınmışdır.
Uşaqların düşərgəyə yola salınması münasibəti ilə təşkil
olunan tədbir Daxili Qoşunların hərbi orkestri
tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin
ifası ilə başlanmışdır. "Sahil bağı"nda keçirilən
yolasalma mərasimində Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov çıxış edərək ölkə başçısı cənab
İlham Əliyev tərəfindən yeniyetmə və gənclərimizin
sağlam böyüməsi, gənc nəslin Azərbaycan dövlətçiliyinə
sədaqət, vətənə məhəbbət ruhunda tərbiyə olunması
istiqamətində görülən işlərdən, həyata keçirilən
tədbirlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan
danışmışdır. Asif Əsgərov məktəblilərə şən və yaddaqalan
istirahət arzulayaraq onu da qeyd etmişdir ki,
düşərgənin fəaliyyəti rayon icra hakimiyyəti və digər
təşkilatçıların daim diqqət mərkəzində olacaq və burada
uşaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Məlumat üçün bildirək ki, düşərgənin hərbi
vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail
Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra təşkilati
işlər həyata keçirilmişdir. Belə ki, uşaqlar üçün xüsusi
geyim və forma, lazımi idman ləvazimatları alınmış,
Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi
hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra
çadırları, Daxili Qoşunlar, onun yaranması, vəzifələri,
döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı
ilə bağlı, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimova, "Şahinlər" düşərgəsinin əvvəlki illərinə
həsr olunan stendlər quraşdırılmışdır.
Uşaqlar üçün təşkil olunmuş düşərgə Daxili Qoşunlar
Komandanlığı və Bakı Özəl Türk Liseyinin Quba filialı
tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin
olunmuşdur.
Düşərgədə uşaqların istirahətinin daha maraqlı və
yaddaqalan olması üçün ötən illərdə olduğu kimi bu il də
məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə rayonun orta
məktəblərində çalışan fiziki tərbiyə müəllimləri və
gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə
yanaşı, Daxili Qoşunlar tərəfindən xüsusi olaraq
düşərgəyə təhkim olunmuş zabit və çavuşlar tərəfindən
keçiriləcəkdir.
Bundan başqa, yay istirahəti dövründə şagirdlərin
Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi
guşələrinə gəzintiləri, Daxili Qoşunların Qubadakı hərbi
hissəsi ilə yaxından tanışlığı da nəzərdə tutulmuşdur.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın
tarixindən bəhs edən "Vətən sevgisi" dərsləri
çərçivəsində "Azərbaycanın tarixi və siyasi
coğrafiyası", "Azərbaycanın bu günü və gələcəyi",
"Müasir Azərbaycan ulu öndərimiz Heydər Əliyevin şah
əsəridir", həmçinin yeniyetmələrin hərbi vətənpərvərlik
tərbiyəsi istiqamətində "Azərbaycan ordusu:
nizam-intizam hərbiçilərə xas olan vacib xüsusiyyətdir",
"Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında
məşğələlərin keçirilməsi və hərbiçilərin bilavasitə
iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və
ilk tibbi yardım təlimlərinin də təşkil olunması
planlaşdırılmışdır.
Qeyd edək ki, Qubaya yola düşməzdən əvvəl gənc
"şahinlər" ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Yolasalma mərasimində DİN Daxili Qoşunlar
Komandanlığının, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
təmsilçiləri, düşərgəyə yollanan yeniyetmələr və onların
valideynləri, rayon ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
Samirə KƏRİMOVA |