Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Azərbaycan Diplomatik Akademiyası Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutu açır

 

Cari tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi birinci qrup üzrə bakalavr pilləsinə imtahan verən abituriyentlər Azərbaycan Diplomatik Akademiyasının (ADA) təklif etdiyi yeni ixtisasları - kompüter elmləri, eləcə də informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisaslarını seçmək imkanı qazanacaqlar.

ADA-dan AzərTAc-a bildirmişlər ki, əlavə edilən yeni ixtisaslar bu ali məktəbin akademik proqramlarının genişləndirilməsi prosesinin bir hissəsidir.

Akademiyanın strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynovun sözlərinə görə, cəmi yeddi il əvvəl yaradılan ali təhsil ocağı Xarici İşlər Nazirliyi əməkdaşları üçün qısamüddətli təlim proqramları keçirən mərkəzdən altı bakalavr və üç magistr dərəcəsi üzrə təhsil verən çoxprofilli ali məktəbə çevrilmişdir.

Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutunun (MİTİ) yaradılması prosesində ADA dünyanın bu sahə üzrə aparıcı universitetləri ilə əməkdaşlıq edəcəkdir. Koreya Elm və Texnologiya Araşdırmaları İnstitutu (Korean Advanced İnstitute of Science and Technology-KAİST) belə tərəfdaşlardan biridir. İki ali məktəb arasında əldə edilən ilkin razılaşmaya görə, KAİST yeni institutun kafedraları, o cümlədən kompüter, mexaniki, elektrik, mülki mühəndislik, informasiya texnologiyaları sistemləri kafedralarının planlaşdırılması, tədris proqramlarının işlənməsi, tanınmış xarici mütəxəssislərin dekan və professor heyətinə cəlb edilməsi istiqamətində ADA ilə birgə iş aparacaqdır. KAİST, həmçinin dərsliklərin müəyyən edilməsi, laboratoriyalar və avadanlığın qurulması, informasiya texnologiyaları sahəsində yerli, regional və qlobal məşğulluq bazarının hazırkı və gələcək meyillərinin öyrənilməsi üzrə akademiya ilə əməkdaşlıq edəcəkdir.

E.Hüseynov bildirmişdir ki, MİTİ-nin formalaşmasında KAİST kimi tərəfdaşların cəlb edilməsi ADA-nın akademik sahələrini genişləndirməklə yanaşı, Azərbaycanda bu sahə üzrə mükəmməl və dünyanın aparıcı ali məktəbləri ilə ayaqlaşa biləcək institutun yaradılmasına imkan verəcəkdir.

2013-2014-cü tədris ilində bakalavrlar ADA-da kompüter və informasiya texnologiyaları ixtisasları ilə yanaşı, ikinci və üçüncü qruplar üzrə beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, iqtisadiyyat, dövlət və ictimai münasibətlər ixtisasları arasında da seçim edə bilərlər.

ADA magistr pilləsinə qəbulu uğurla başa çatdırmış, diplomatiya və beynəlxalq münasibətlər, dövlət və ictimai siyasət, Executive MBA ixtisasları üzrə 100-dək tələbə yığmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov