Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Avqustun 3-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya
tərəfindən təsdiq olunmuş ilk 41 tələbə ilə görüşmüşdür.

 

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulamış və dövlətimizin gənclərə göstərdiyi etimadı tam şəkildə doğruldacaqlarına ümidvar olduğunu bildirmişdir. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan təhsil naziri onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

Mikayıl Cabbarov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulmuşdur. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan təhsil naziri hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir qeyd etmişdir ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk 41 tələbə təhsilini Böyük  Britaniya  (14  nəfər),   Türkiyə (9 nəfər), Kanada (6 nəfər), İsveçrə (6 nəfər), Avstraliya (2 nəfər), Fransa (1 nəfər), Litva (1 nəfər), İsveç (1 nəfər)  və  Niderlandda  (1  nəfər)  bakalavriat (16 nəfər),  magistratura (16 nəfər), rezidentura (8 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində davam etdirəcəklər.

Onu da qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 15 avqust tarixlərini əhatə edir. Avqustun 2-ə qədər 828 nəfər elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan keçmişdir. Sənədləri qaydasında olmadığı üçün qəbul olunmayan 80 nəfər sənədlərini müvafiq qaydada tamamladıqdan sonra 15 avqust tarixinə qədər yenidən Təhsil Nazirliyinə müraciət edə bilərlər. Artıq 374 namizədlə müsahibələr aparılmış və onlardan 93-ü müsahibə zamanı müsbət rəy ala bilməmişdir. Sənədləri qəbul olunmuş namizədlərlə müsahibələr davam etməkdədir.

Ötən illərdən fərqli olaraq, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur.

Dövlət Proqramına sənəd vermiş digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə də mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov