2020-ci ildə ən azı 5 Rusiya universiteti 100
dünya universiteti arasında olacaq
Rusiyanın baş naziri Dmitri Medvedev ölkə ali
məktəblərinin rəqabət qabiliyyətinin
möhkəmləndirilməsi üzrə şuranın yaradılması
haqqında sərəncam imzalamışdır.
Bundan əlavə, 2013-cü ildə ölkənin aparıcı ali
məktəblərinin dəstəklənməsi üçün 9 milyard rubl
vəsaitin ayrılması barədə qərar qəbul
edilmişdir. Baş nazir universitetlərin
idarəçilik sisteminin yenidən qurulması və
xaricdən mütəxəssislərin cəlb olunmasının
zəruriliyini bildirmişdir. Rusiyanın aparıcı
ali məktəblərinin dünyanın qabaqcıl elmi-təhsil
mərkəzləri arasında rəqabət qabiliyyətinin
möhkəmləndirilməsi zəruriliyindən danışan baş
nazir universitetlərin idarə olunmasının daha
müasir sisteminin yaradılması tərəfdarı olduğunu
demişdir. "Təhsil proqramlarını yeniləşdirməklə
yanaşı, universitetlərin daha müasir
idarəolunma sistemini yaratmaq, menecmentə
müasir və effektiv mütəxəssisləri cəlb etmək
lazımdır",- deyə baş nazir bildirmişdir. Hökumət
başçısı beynəlxalq aləmdə Rusiya ali
məktəblərinin rəqabət qabiliyyətinin
yüksəldilməsi məqsədilə digər ölkələrdən gənc
alimlərin və müəllimlərin dəvət olunmasını
təklif etmişdir. "Müxtəlif universitetlərdə
işləmiş insanların dünyagörüşü tamamilə
fərqlidir, onlar qlobal elmə daha yaxşı
inteqrasiya etmişlər, bütün dünyada mövcud olan
ən qabaqcıl texnologiya və metodlarla
tanışdırlar".
Öz növbəsində Rusiyanın təhsil və elm naziri
Dmitri Livanov qeyd etmişdir ki, 2020-ci ildə
Rusiyanın 15 ali məktəbi dünya
universitetlərinin top-200-lüyünə daxil olacaq.
Nazir əlavə etmişdir ki, o vaxta qədər
universitet alimlərinin məqalələrinin sayı 3
minə çatacaq və tələbələrin 15 faizi xarici ölkə
vətəndaşları olacaq.
Qeyd edək ki, prezident Vladimir Putinin
imzaladığı sərəncama müvafiq olaraq 2020-ci
ildə ən azı 5 Rusiya universiteti reytinq
cədvəlində 100 dünya universiteti arasında
olacaq. |
|
Fransada ali təhsil qanunu dəyişmişdir
Fransanın Milli Assambleyası ölkənin ali təhsil
və tədqiqatçılıq fəaliyyəti haqqında son qanun
layihəsini qəbul etmişdir.
Yeni qanunla texniki peşə təhsili üzrə
bakalavrlar üçün kvotalar müəyyən edilmişdir.
Ali təhsil haqqında qanunda dəyişikliklərin
qəbul edilməsini şərtləndirən əsas məqam ondan
ibarətdir ki, ümumtəhsil ixtisasları üzrə
tələbələrin əksəriyyəti universitet
divarlarından kənarda qalırlar. Digər tərəfdən
yeni qanunda ölkənin ali məktəblərində ingilis
dilində tədrisin mümkünlüyü nəzərdə tutulmuşdur.
Qanuna edilmiş dəyişikliklər Avropa Birliyinin
maliyyə dəstəyi və xarici instututlarla həyata
keçirilən birgə proqramlara da təsir edir.
Tələbələr kursların seçimində daha çox
müstəqillik əldə etmiş olurlar. İndi psixologiya
fakültəsinin tələbəsi öz seçiminə uyğun olaraq
tarixi və digər fənni öyrənə bilər. Yeni
qanunun qüvvəyə minməsi ilə dövlət tərəfindən
ali məktəblərin maliyyələşdirilməsi üçün ayrılan
vəsaitlərin həcmi də artırılacaq. |
|
"Məktəb uşaqların həyatında sabitliyi təmin edən
rol oynamalıdır"
Böyük Britaniyanın təhsil naziri Maykl Qouv
hesab edir ki, məktəb uğursuz, daha yoxsul
ailələrdə böyüyən uşaqlar üçün daha artıq
dərəcədə sabitlik mənbəyidir.
"Təhsil və bizim gələcəyimiz" mövzusunda
keçirilmiş seminarda çıxış edən nazir qeyd
etmişdir ki, Britaniyada daha çox uşağın
həyatında nizam-intizam yoxdur. "Uşaqlar
getdikcə daha artıq dərəcədə ailə başçısının
nüfuzunun olmadığı mühitdə böyüyürlər,
valideynlər bu ailədə sanki qonaq kimi
yaşayır, onların bir çoxu müxtəlif cür ruhi
pozuntulardan əziyyət çəkirlər. Hələlik bu cür
valideynlər azdır, lakin onların sayı müəyyən
regionlarda günbəgün artmaqdadır",-deyə nazir
bildirmişdir. O əlavə etmişdir ki, uşaqlar
məktəbə səhər yeməyi yemədən gəlir, ona görə yox
ki, onların valideynlərinin yemək pulu yoxdur,
ona görə ki, ailə özü nizamsız həyat tərzi
sürür. Bu cür ailələrdə uşaqlar vaxtında yemək
yemir və vaxtında yatmırlar, ata-analarının
günün müəyyən dövrlərində harada olmalarından
bixəbərdirlər. Nazir qeyd etmişdir ki, məktəb
uşaqların nizam-intizama öyrəşməli olduğu
yerdir, uşaqlar burada intizama, dəqiqliyə,
düzgünlüyə alışmalıdırlar. "Məhz buna görə də
məktəb bu cür uşaqların həyatında sabitliyi
təmin edən rol oynamalıdır". |
|
Almaniyada xarici diplomların tanınması
asanlaşacaq
Almaniya
hökuməti xarici ölkələrin ali təhsil
diplomlarının tanınması prosesini asanlaşdırmaq
niyyətindədir.
Ölkənin yeni təhsil qanununda xarici
diplomların tanınması və xarici ölkələrdən olan
mütəxəssislərin öz ixtisaslarına uyğun olaraq
işlə təmin olunması imkanlarının artırılması
nəzərdə tutulmuşdur.
Alman mütəxəssislərinin bir-birinin ardınca
İsveçrə, Amerika və İngiltərəyə axını xarici
diplomların tanınması sahəsində vəziyyətin
nizama salınmasını zəruri etmişdir.
Bu gün Almaniyada həkim və müəllimlərə böyük
ehtiyac vardır, uşaq bağçalarında tərbiyəçilər,
mühəndislər, proqramçılar və orta texniki
səviyyəli mütəxəssislər çatışmır. İqtisadiyyat
Nazirliyinin məlumatına əsasən, alman əmək
bazarında peşəkar kadr çatışmazlığı 400 min
nəfər təşkil edir. Hazırda tibbi personal,
məktəb müəllimləri, mühəndislər və texniki
işçilər üçün bu sayda vakant yerlər mövcuddur.
Ötən il Almaniya kadr çatışmazlığından 15
milyard avro itirmişdir. Hazırda 300 minə yaxın
xarici ölkə vətəndaşı ixtisaslarına uyğun işləyə
bilmir. Onların vətəndə aldıqları diplomlar son
vaxtlara qədər Almaniyada tanınmamışdır.
Nəhayət, bu məsələnin ciddi nəticələrini
götür-qoy edən Almaniya hökuməti xarici
mütəxəssislərin diplomlarının tanınması
prosedurunun sadələşdirilməsi, onlar üçün
universal qiymətləndirmə kriteriyalarının
tətbiqi və məşvərət strukturlarının
yaradılmasını qərara almışdır.
Almaniyanın təhsil və elmi tədqiqatlar naziri
Annet Şavapın sözlərinə görə, yeni qanun ölkə
iqtisadiyyatının zəruri kadrlarla təmin
olunmasına imkan verəcək.
Yeni qanuna müvafiq olaraq xarici ölkələrin ali
məktəblərinin diplomunu almış istənilən şəxs
sənədlərini baxılması üçün Almaniyanın Təhsil
Nazirliyinə ünvanlaya bilər. Əgər xarici ölkə
vətəndaşının diplomu tanınmazsa, o, malik olduğu
ixtisasın alman standartlarına hansı dərəcədə
uyğun gəlib-gəlmədiyini öyrənə bilər.
Diplomların tanınması nəticədən asılı
olmayaraq pullu olacaq. Məlumata görə,
diplomların tanınması proseduru 3 ay çəkəcək.
Diplom tanınmadığı halda bunun səbəbləri
göstərilməli və diplom sahibinə hansı addımlar
atmalı olduğu izah olunmalıdır.
Ölkə parlamentinin aşağı və yuxarı palatasında
müzakirədən sonra qəbul olunacaq qanun keçmiş
sovet respublikalarından olan mütəxəssislər üçün
də geniş imkanlar açır.
Qaçqınlar və immiqrantların işi üzrə Federal
Agentliyin məlumatına görə, ölkədə yaşayan
xarici vətəndaşlar arasında postsovet
məkanından çıxmış şəxslər daha yüksək təhsil
səviyyəsinə malikdir. |
|
2013-cü ildə dünyada təhsilin vəziyyətinə dair
hesabat açıqlanmışdır
Dünyanın
30-dan artıq ölkəsinin daxil olduğu İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESD) 2013-cü
ildə dünya ölkələrində təhsilin vəziyyətinə dair
növbəti analitik hesabatını dərc etmişdir.
"2013-cü ildə təhsilə baxış: OESD-nin
indikatorları" adlı (Education at a Glance 2013)
məruzədə keçmiş postsovet məkanı ölkələri də
daxil olmaqla dünyanın bir sıra inkişaf etmiş
ölkələrində təhsil və məşğulluq məsələləri
sahəsində vəziyyət təhlil olunmuşdur.
Müxtəlif təhsil səviyyələrinə malik ölkələr üçün
iqtisadi böhranın nəticələri necədir? Öyrənlilən
fənn və əməkhaqlarının həcmi, eləcə də işsizlik
səviyyəsi arasında qarşılıqlı əlaqə varmı?
Təhsil və siqaretçəkməyə meyil arasında
paralellər aparmaq olarmı? OESD-nin son
hesabatı bu kimi suallara geniş cavab verir.
Hesabatda qeyd edilmişdir ki, son iki il ərzində
bir sıra ölkələrdə işsizliyin səviyyəsinin
kəskin surətdə artması müşahidə olunmuşdur.
Xüsusən də gənclər daha çox işsizlikdən
əziyyət çəkmişlər. 2011-ci ildə yaşı 15-19 olan
gənclər arasında işsizlik səviyyəsi 16 faiz,
25-29 yaş arasında 20 faiz təşkil etmişdir. Bəzi
ölkələrdə isə bu rəqəmlər kifayət qədər
yüksəkdir və 25-29 yaşlı gənclər arasında hər
üç nəfərdən birini işsizlər və təhsildən kənarda
qalanlar təşkil edir. Bu cür vəziyyət gənclərin
işgüzar əhvalına, vərdişlərinə və sosial
inteqrasiyasına uzunmüddətli təsir göstərir.
Yaxşı təhsil əvvəlki kimi qiymətli hesab olunur.
Təhsil səviyyəsi əmək bazarında işlə təmin
olunmağa güclü təsir göstərir, böhran isə bu
təsiri daha da gücləndirmişdir. OESD ölkələrində
diplomlu ali təhsilli işsizlər 4,8 faiz təşkil
etmişdir. Orta təhsilə malik olan şəxslər
arasında bu rəqəm 12,6 faizdir. Gənclər üçün
yaxşı təhsil hətta böhranlar şəraitində belə
işlə təmin olunmağın qiymətli təminatçısıdır.
Bir sıra ölkələr (Avstriya, Almaniya, Çexiya,
Lüksemburq) texniki peşə təhsilinin səviyyəsini
orta səviyyədən (32 faiz) yüksəltməklə işsizlik
səviyyəsini azaltmağa nail ola bilmişlər.
Əksinə, Yunanıstan, İrlandiya, İspaniya kimi
ölkələrdə texniki peşə təhsili üzrə diplom alan
gənclərin sayı 25 faiz aşağı düşmüşdür ki,
nəticədə bu ölkələrdə işsizlik 12 faiz
artmışdır.
Təhsil və gəlirlər arasında əlaqə də möhkəmdir.
Təhsil səviyyəsi təkcə gənclərin işlə təmin
olunmasına yox, həm də gəlirlərə təsir edir. Ali
təhsilli yaşlı işçilərin gəlirləri orta
təhsillilərdən fərqli olaraq 1,5 dəfə
artmışdır. Böhran şəraitində əməkhaqları
arasında fərq dərinləşmişdir. Ali təhsilli
şəxslərlə aşağı təhsil səviyyəsinə malik
olanların gəlirləri arasında fərq 75 faizdən 90
faizə qədər artmışdır. Məlum olmuşdur ki, ali
təhsil diplomu uzunmüddətli perspektivdə özünün
müsbət bəhrələrini verir.
Ali təhsilli vətəndaşların sayına görə Rusiya
Kanada və Yaponiyanı üstələyərək birinci yerə
çıxmışdır.
OESD ölkələrinin əksəriyyətində rəsmi təhsil
prosesi 5 yaşdan başlayır.
Lakin Belçika, Fransa, İslandiya, İtaliya,
Norveç, İspaniya və İsveçdə artıq 3 yaşdan (90
faiz) ümumi təhsil hesab olunur.
Hesabatda qeyd olunur ki, Asiyadan olan
tələbələr arasında xaricdə təhsil daha çox
populyarlıq qazanmışdır. 2011-ci ildə 4,3
milyon tələbə xarici universitetlərə üz
tutmuşdur.
Avstraliya, Böyük Britaniya, İsveçrə, Yeni
Zelandiya və Avstriya xarici tələbələrin sayına
görə irəlidədir.
OESD ölkələrində qeydə alınmış xarici
tələbələrin sayı OESD ölkələrindən xaricə gedən
tələbələrin sayından 3 dəfə artıqdır.
|
|
On bir yaşlı dahi
Meksikada
yaşayan 11 yaşlı Luis Roberto Ramires hazırda
dünya mətbuatının diqqət mərkəzindədir.
Ekspertlər L.Ramiresin intellekt əmsalının
152-160 vahid səviyyəsində olduğunu
bildirmişlər. Bu isə yalnız dahi Albert
Eynşteynin intellektual səviyyəsinə uyğundur. 11
yaşlı məktəbli söhbət üçün ABŞ-ın Meksikadakı
səfirliyinə dəvət olunmuşdur. Meksika kütləvi
informasiya vasitələrinin məlumatına görə,
Ramires yerli kolleclərdən birinin universitet
təhsili almağa imkan verən hazırlıq kurslarını
10 həftəyə başa vurmuşdur. Müəllimi
bildirmişdir ki, Luis imtahan verməli olduğu 47
fənnin yalnız birindən 9 bal, qalanlarından isə
maksimum qiymət - 10 bal toplamışdır.
Luis hələ 4 yaşı tamam olanda müstəqil surətdə
oxumağı öyrənmiş, 5 yaşında isə ingilis dilini
öyrənməyə başlamışdır. Meksika KİV-i xəbər
vermişdir ki, Luis ingilis, ispan, fransız
dillərində sərbəst danışa bilir. Onun elm,
texnologiya üzrə maraq dairəsinin çox geniş
olduğu qeyd olunur. Valideynləri bildirmişlər
ki, onların övladları yeni biliklər əldə etməyi
çox sevir. 3 ay ərzində orta məktəbi başa vuran
Luis robot texnikasını öyrənmək üçün San Luis
Potosi İnstitutuna daxil olmuşdur.
Azyaşlı dahinin ən böyük arzusu Harvard
Universitetində təhsil almaqdır. O, burada kvant
fizikasını öyrənmək istəyir. Luis Ramiresin
valideynləri kasıbdır. Ona görə də onun
yaşadığı Miçioakan ştatının yerli hakimiyyət
orqanları azyaşlı dahinin arzusunun
reallaşmasında ona hərtərəfli yardım
göstərirlər. Valideynləri övladlarının Harvardda
təhsil alması üçün Amerika hökumət dairələrinə
məktub ünvanlamışlar.
Yaxın vaxtlarda ABŞ-ın hakimiyyət orqanlarının
Luisə təhsilini Amerikada davam etdirməyə icazə
verib-verməyəcəyi məlum olacaq.
Dahi uşaqlar başqa ölkələrdə də yaşayırlar.
2008-ci ildə dünya KİV-ləri misirli məktəbli
Mahmud Uayil barədə xəbərlər yaymışdılar. O, heç
bir çətinlik çəkmədən beynində çoxrəqəmli
ədədlər üzərində hesablamalar aparır, 3 ay
müddətinə isə ingilis dilini öyrənmişdir. Onun
intellekt əmsalı 151-dir. Hazırda bütün dünyada
intellekt əmsalı 142-dən yuxarı olan 800 insan
yaşayır. |
|
Xarici ekspertlər Qazaxıstan təhsilinin
keyfiyyətini qiymətləndirəcək
Qazaxıstan təhsilinin keyfiyyətini xarici
ekspertlər qiymətləndirəcəklər. Qazaxıstan
Təhsil Nazirliyinin Ali və Diplomdansonrakı
təhsil Departamentinin direktoru Fatima
Jakıpovanın sözlərinə görə, ali məktəblərin əsas
vəzifəsi keyfiyyətli təhsil təqdim etməkdir. Bu
mexanizmin köməyi ilə Qazaxıstan təhsili dünya
standartları səviyyəsinə qalxmağı düşünür.
"Ali məktəblərdə çox işlər görülür. Proqramların
məzmunu Avropanın ən yaxşı təcrübələri ilə
müqayisə oluna bilər. Biz Boloniya prosesinin
üzvüyük. Buna görə də biz Avropada mövcud olan
keyfiyyətli təhsil verməliyik. Akkreditasiya
olmadan bunu etmək mümkün deyildir", - deyə
Fatima Jakıpova bildirmişdir. Onun sözlərinə
görə, ölkənin təhsil sistemi getdikcə müstəqil
akkreditasiyaya keçir. Bu cür sistem artıq
xaricdə sınaqdan keçirilmişdir. Artıq Amerika,
Almaniya və Böyük Britaniyadan olan 4 beynəlxalq
agentlik Qazaxıstan təhsilinin keyfiyyətinin
monitorinqində iştirak etmək niyyətini
açıqlamışdır. Ekspertlər xarici ölkələrdə tətbiq
olunan standart əsasında Qazaxıstanda ali
məktəblərin akkreditasiyasını keçirəcəklər.
|
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |