Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Uşaq bağçasının 30 illik yubileyi qeyd olunmuşdur

 

Hər birimiz ömür boyu müxtəlif kollektivlərlə birlikdə çalışırıq. Necə olur ki, fərqli xarakterli insanlarla asanlıqla dil tapa, uyğunlaşa bilirik? Çünki bunu bizə uşaqlıqdan, hətta körpəlikdən aşılayırlar. Harada? Təbii ki, getdiyimiz uşaq bağçalarında...

Uşaqlar ilk həyat məktəbində çox şey öyrənirlər. Sözün həqiqi mənasında, ayaq üstə durmağı, dostluğu bölüşməyi, bir-birinə dayaq olmağı, ünsiyyət mədəniyyətini, vətən-valideyn-müəllim sevgisini... Elə təhsilin ilkin təməli də burada qoyulur. Buraya körpə kimi daxil olub məktəb həyatına tam hazır şəkildə bağçaya əlvida edənlər unudulmaz xatirələrini də özləri ilə aparırlar. Bu xatirələr onların yaddaşına əbədilik həkk olur. Belə bağçalardan biri - Bakının Xətai rayonundakı 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlamasının 30 illiyini bu günlərdə qeyd etmişdir.  Bu münasibətlə təşkil olunan tədbirdə digər qonaqlarla yanaşı, bağçanın ilk məzunları da iştirak edirdilər.

Bağçanın müdiri Səlahət Musayeva toplantını giriş sözü ilə açaraq yubiley iştirakçılarını salamladı və bu təqvimin onların hər biri üçün böyük önəm daşıdığını vurğuladı. Bağçanın 30 illik fəaliyyətinə nəzər salan S.Musayeva tərbiyə və təlim müəssisəsinin məzunlarından, onların vətənə, millətə layiqli vətəndaş kimi yetişmələrindən danışdı və hamını bağçanın yaradıcı qrupunun yubiley münasibətilə hazırladığı maraqlı konsert proqramına baxmağa dəvət etdi.

"Bənövşə" uşaq xorunun ifasında Dövlət himni səsləndirildikdən sonra xor "Arzular gül açır" mahnısını təqdim etdi. Aparıcılar - Rəvan və Xədicə qonaqları yubiley münasibəti ilə təbrik edərək konserti açıq elan etdilər.

Uşaqlar musiqi rəhbəri Nüşabə Nuriyevanın müşayiəti ilə bağçanın himnini ifa etdilər.

Tərbiyəçi Səmayə Musazadənin yetirmələrinin çıxışı alqışlarla qarşılandı. Məktəbəhazırlıq qrupunun ifasından sonra bağçanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. "Bizim Cəbiş müəllim" filmindən məşhur valsın sədaları altında Tamerlan-Ləman, Telli-Rəhman, Səid-Fatimə, Amin-Bahar, Rəvan-Leyla, İslam-Azərin cütlüklərinin rəqsi də böyük maraqla izlənildi. Akif, Elza və Nigarın söylədikləri şeirlərdən sonra 12 uşağın - Araz, Şamxal, Zeynəb, Ayla, Süleyman, Nihad, Telli, İslam, Arzu, Ayan və Ayselin iştirakı ilə maraqlı səhnəcik göstərildi.

Uşaqlar şarlarla iki sırada düzülərək bağçalarının nömrəsini və yaşını göstərən "235-30" rəqəmlərini nümayiş etdirdilər.

Sonra aparıcılar doğma bağçadan söz açdılar. Binanın 2008-ci ildə əsaslı təmir olunduğunu qeyd edən uşaqlar bu işdə zəhməti olan bütün insanlara təşəkkürlərini çatdırdılar.

Sonra söz yenidən yaradıcı qrupa verildi. Onların təkrarsız və fərqli ifaları hər dəfə iştirakçıların sürəkli alqışları ilə dəyərləndirildi. Yubiley tortunun kəsilməsi də sürprizsiz ötüşmədi.

Bağçanın müdiri qonaqlara yubiley tədbirində fəal iştiraka görə təşəkkür etdi. O, habelə uzun illər səmərəli fəaliyyətlərinə  görə bağçanın işçilərini fəxri fərmanla təltif etdi. Tədbirdə məzunlar və valideynlər də öz ürək sözlərini çatdırdılar. Yubiley şənliyi tərbiyəçilərin birgə oxuduğu nəğmə ilə başa çatdı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov