Azərbaycan Memarlıq və İnşaat Universitetinin
tələbələri Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin "Neftqaztikinti" Trestinin 1, 2, 3 və 6
nömrəli tikinti-quraşdırma idarələrinin istehsalat
sahələrində təcrübə keçirlər. Bununla bağlı
universitetin İstehsalat təcrübəsi şöbəsinin müdiri
Nadir Kərimovla görüşüb söhbət etdik. N.Kərimov bildirdi
ki, rektorun 21.06.2013-cü il tarixli əmrinə əsasən
iyulun 8-dən avqustun 2-dək davam edəcək təcrübədə
universitetin tikinti-iqtisad və mexanikləşdirmə və
avtomatlaşdırma fakültələrinin 130-dan çox lll kurs
tələbəsi iştirak edir. Hər bir tələbəyə trestin peşəkar
mütəxəssislərindən təcrübə rəhbəri təyin olunmuş və
onlara istehsalat sahələrində zəruri olan hər cür şərait
yaradılmışdır. Eyni zamanda, tələbələrə istehsalat
təcrübəsi müddətində "Neftqaztikinti" Trestinin
fəaliyyəti, istehsalat prosesində tətbiq etdiyi ən son
müasir texnika və texnologiyalar, həyata keçirilən
ölkəmiqyaslı və beynəlxalq neft-qaz tikinti layihələri
barədə ətraflı məlumat verilir. Trestin rəhbər və
mühəndis-texniki işçiləri təcrübə müddətində tələbələrlə
görüşərək bilik və bacarıqlarını onlarla bölüşür,
tövsiyə və məsləhətlərini verirlər.
Verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti və Azərbaycan Memarlıq və İnşaat
Universiteti arasında əməkdaşlıq memorandumu
çərçivəsində "Neftqaztikinti" Tresti ilə bu ali təhsil
ocağı arasında əməkdaşlığa dair protokol imzalanmışdır.
Protokol yeni texnika və texnologiyaların tətbiqi ilə
əlaqədar universitetin tələbələrinin daim
maarifləndirilməsini, qazanılmış təcrübədən
tələbə-müəllim heyətinin yararlanmasını, bu ali təhsil
ocağının elmi-texniki nailiyyətlərinin istehsalatda
tətbiqini, eyni zamanda, tələbələrdə təcrübi biliklərə
marağın artırılmasını nəzərdə tutur.
Şöbə müdiri qeyd etdi ki, təcrübə müddətində fərqlənən
30 nəfərə yaxın tələbə bu idarədə dərs ili
başlananadək işlə təmin olunur. Onlar əməkhaqqı almaqla
yanaşı, həm də öz nəzəri biliklərini təcrübədə
möhkəmləndirirlər.
Hicran ƏKBƏROVA |