Son illər respublikamızda həyat sürətlə dəyişir,
insanların rifahı yaxşılaşır, yeni iqtisadi və sosial
layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə
genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.
Yeni yaranan sənaye, aqrar və xidmət müəssisələri,
tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar
müstəqil Azərbaycanın getdikcə artan iqtisadi
qüdrətindən xəbər verir. Bütün ölkə boyu elm, təhsil,
sağlamlıq, o cümlədən idman müəssisələrinin yaradılması,
onların fəaliyyətinin yeni səviyyədə təşkili iqtisadi
imkanların ölkənin uzunmüddətli inkişafına
hədəflənməsini, dövlət siyasətinin innovativ əsasda
qurulmasını və sosialyönümlü olmasını göstərir. Bu gün
Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş
dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət
quruculuğu istiqamətində islahatlarını uğurla davam
etdirir. Azərbaycanın XXI əsrdə innovativ modernləşmə
mərhələsinə keçidini, cəmiyyətin zamanın ruhuna uyğun
olan yeni duruma transformasiyasını daha da
sürətləndirəcək istiqamətlər və prioritetlər
müəyyənləşdirilir.
Heç şübhəsiz, bu nailiyyətlərin altında müstəqil
dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası
durur. İstənilən dövlətin müstəqilliyinin ən mühüm
zəmini onun dövlət başçılarının təfəkkürü, düşüncə
tərzinin müstəqilliyidir. Eyni zamanda, hər bir xalqın
milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün
bir neçə mühüm şərt, o cümlədən tarixi şans, milli iradə
və liderə malik olması vacibdir. Bu baxımdan müstəqil
Azərbaycanın ideya müəllifinin, liderinin dünya siyasi
fikir tarixində öz dəst-xətti ilə seçilən ümummilli
lider Heydər Əliyev olması və onun zamanında, tələb
olunan şəraitdə siyasi arenada parlaması konkret
Azərbaycan gerçəkliyindən çıxış edən milli müstəqillik
konsepsiyasının həmişəyaşarlığı və həyatiliyinin qarantı
olub. Bunun nəticəsidir ki, hazırda dünya XXI yüzillikdə
tarixi inkişafın obyektiv yekunu - müasir "Azərbaycan
möcüzəsinin" təntənəsinin şahididir.
Yuxarıda sadalananlar Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında göstərdiyi xidmətlərin yalnız bir qismidir.
Bütün bunlar Azərbaycanın gələcək inkişafının - XXI
əsrdə inkişafının əsas meyillərini müəyyən edir.
Maraqlıdır ki, ümummilli lider Heydər Əliyev XX əsrdə
qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf
meyillərini də uzaqgörənliklə göstərmişdir. Onun
"Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında:
yeni 2001-ci il, yeni əsr və üçüncü minillik
münasibətilə Azərbaycan xalqına müraciəti" və ondan
sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi
salnaməsi olmaqla, həm də XXI yüzilliyin siyasi və
sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın
proqramıdır. Heydər Əliyev həmin müraciətində deyirdi:
"Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər
olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin,
müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının
keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə
qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan
Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş
inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar
qazanacaqdır".
Azərbaycanın bugünkü uğurları və tərəqqi perspektivləri
bu fikirləri bir daha təsdiqləyir.
Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən
layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilir.
Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız,
xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan
iqtisadiyyatı, həyata keçirilən möhtəşəm regional və
qlobal əhəmiyyətli layihələr - Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri,
Bakı-Tbilisi-Qars dəmir yolu və digər uğurlar məhz
Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real
bəhrələri, sanballı töhfələridir.
Bu gün Azərbaycan iqtisadi artım templərinə görə
dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli
ortaya qoymuşdur.
Son 20 ildə ölkəmiz faktiki autsayderlərin sıralarını
tərk etməklə kifayətlənməyib, üstün start imkanlarına
malik ölkə imici qazanıb və artıq intensiv və ən müasir
inkişaf dövrünü yaşayır.
Ölkədə davamlı inkişafa yönələn dövlət siyasətinin
uğurları və bu nailiyyətlərin BMT, Dünya Bankı, digər
beynəlxalq inkişaf təşkilatlarının hesabatlarında qeyd
olunması, bəzi hallarda isə dünya üçün innovativ
xarakter daşımasının xüsusi vurğulanması deyilənləri bir
daha sübut edir.
Davamlı inkişaf bəşəriyyətin XXI əsrdə əsas
prioritetidir və onun başlıca prinsipi hazırkı
nəsillərin rifahını yüksək səviyyədə təmin etməklə,
gələcək nəsillərin inkişaf imkanlarını
məhdudlaşdırmamaqdan ibarətdir.
Bu, ilk növbədə təbii ehtiyatlardan, xüsusilə bərpa
olunmayan təbii sərvətlərdən istifadənin səmərəliliyinin
durmadan artırılmasını tələb edir. Sənayenin, kənd
təsərrüfatının, xidmət sahələrinin diversifikasiyası,
istehsalın və idarəetmənin optimallaşdırılması,
fasiləsiz yeniləşən texnoloji tərəqqi iqtisadi və sosial
stabilliyin və ümumiyyətlə, davamlı inkişafın uğurunu
təmin edən ən vacib şərtlərdəndir. Azərbaycan
Respublikası bu istiqamətdə inamla irəliləməkdədir.
Məlum olduğu kimi, ölkədə ümumi daxili məhsul (ÜDM)
sürətlə artmaqdadır. 2003-cü illə müqayisədə adambaşına
düşən ÜDM-in həcmi 3 dəfədən çox artmışdır. Çox
önəmlidir ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə
müşayiət olunur. Eyni zamanda, son on ildə ÜDM-in hər
bir vahidinin istehsalı üçün enerji sərfiyyatı sürətlə
azalıb. Bu isə davamlı inkişaf və yaşıl iqtisadiyyatın
ən önəmli göstəricilərindən sayılır və biliyə əsaslanan
inkişafın prioritet olmasından xəbər verir. Məsələn, BMT
tərəfindən təklif edilmiş və bütün dünyada qəbul olunmuş
davamlı inkişaf və iqtisadiyyatın diversifikasiya
səviyyəsini əks etdirən göstəricilər mövcuddur. Bu
göstəricilərdən biri və ən əhəmiyyətlisi enerjinin hər
bir vahidinin istifadəsi nəticəsində sənaye, kənd
təsərrüfatı və xidmətlər sahəsində istehsal olunan
məhsulun dəyəridir. Beynəlxalq müqayisələrin
keçirilməsini təmin etmək, qabaqcıl təcrübənin
yayılmasına dəstək vermək məqsədilə aparılan təhlillərdə
enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin
ekvivalenti götürülür, istehsal olunan məhsul və yaxud
xidmətin qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir. Bu
seçimin bir səbəbi də ondadır ki, hər hansı bir vaxt
kəsiyində neftin, o cümlədən onun bir barrelinin və onu
təşkil edən 136 kiloqramının qiyməti bəllidir və
fəaliyyətin "sərfiyyat-effekt" aspektində
qiymətləndirilməsi üçün şərait yaradır. Milli iqtisadi
təhlükəsizliklə yanaşı, belə yanaşma qlobal problemlərin
həlli üçün də əhəmiyyətlidir. Belə ki, eyni iqtisadi
nəticəni əldə etmək üçün enerjinin daha az sərfiyyatı
qlobal problem olan iqlim dəyişmələrinin qarşısının
alınmasının əsas yollarından biridir. Qeyd edilməlidir
ki, milli və qlobal problemlərin həllinə sinergetik
yanaşma, inkişafın planlaşdırılması zamanı bu iki amilin
əhəmiyyətinin və maraqlarının eyni dərəcədə nəzərə
alınması, bunun üçün ən optimal idarəetmə
texnologiyalarının tətbiqi ölkə rəhbərliyinin həyata
keçirdiyi siyasətin uğurlarındandır.
Azərbaycan üçün enerji effektivliyi beynəlxalq
təşkilatlar tərəfindən hesablanıb. Onların bu il yaydığı
məlumatlar və dərc edilmiş rəsmi hesabatlara əsasən,
ölkədə miqdarca hər bir kiloqram neftdəki enerjinin
istifadəsi nəticəsində 2010-cu ildə dəyəri 7,6 ABŞ
dolları olan məhsul istehsal edilib və yaxud xidmət
göstərilib. Dünya Bankı tərəfindən həyata keçirilmiş
təhlillər və onların əsasında dərc edilmiş rəsmi
hesabatlar göstərir ki, Azərbaycanda bu rəqəm əksər neft
və qaz ixrac edən ölkələrin göstəricilərindən daha
yüksəkdir. Bu həm bizim yaxın qonşularımıza, həm də
digər qitələrdə yerləşən ölkələrə aiddir. Dünya Bankının
rəsmi hesabatlarına görə, bir çox ən tanınmış neft və
qaz ixrac edən ölkələrdə bu rəqəm əsasən 1,9 - 4,1 ABŞ
dolları təşkil edir. Sözügedən göstəriciyə görə,
ölkəmiz yalnız Norveçdən geri qalır. Bu ölkədə hər bir
kiloqram neftdə olan enerji miqdarının istifadəsi
nəticəsində istehsal olunmuş məhsul və xidmətlərin
dəyəri 10 ABŞ dolları təşkil edir. Lakin Azərbaycan
Respublikasında bu davamlı inkişaf göstəricisinin artım
dinamikası Norveçdən daha sürətlidir. Belə ki, 2009-cu
ildə Azərbaycanda bu göstərici 7,0 ABŞ dolları təşkil
edib. Deməli, bu rəqəm bir il ərzində 0,6 ABŞ dolları
artmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin
beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə görə
hazırlanmış və dərc edilmiş hesabatlarında Azərbaycan
Respublikasında bu rəqəm yalnız 2,1, 2005-ci ildə isə
2,7 ABŞ dolları təşkil edirdi. Davamlı inkişafın ən
vacib göstəricilərindən olan enerji effektivliyinin
Azərbaycanda son on ildə müşahidə edilən artım templəri
Şəkil 1-də verilmişdir. Bir daha qeyd edilməlidir ki,
göstərilən rəqəmlər beynəlxalq təşkilatların rəsmi
hesabatlarından götürülmüşdür.
Bu məlumatlar göstərir ki, ölkə davamlı inkişaf
istiqamətində inamla irəliləməkdədir. Enerji
istifadəsinin səmərəliliyi 2003-cü illə müqayisədə
2010-cu ildə 3,6 dəfə artmışdır. Göstərilən dinamikanı
nəzərə alaraq tam inamla qeyd etmək olar ki, 2013-cü
ildə Azərbaycanda enerji effektivliyi və davamlı inkişaf
prinsiplərinin həyata keçirilməsi istiqamətində daha
yüksək nailiyyətlər qazanılmışdır. Əldə edilən bu yüksək
nailiyyət ölkə Prezidenti İlham Əliyevin "qara qızıl"ın
insan potensialının yüksəldilməsinə yönəldilmiş
konsepsiyasının və bu istiqamətdə həyata keçirilən
ardıcıl uğurlu fəaliyyətin nəticəsidir.
Şəkil 1. Azərbaycan Respublikasında miqdarca 1 kiloqram
neftə olan enerjinin istifadəsi ilə istehsal olunmuş
məhsul və xidmətlərin dəyəri, ABŞ dolları, 2003 - 2010
(mənbə: World Development Indicators & Global
Development
Finance. World Bank/data, 2013).
Ölkədə davamlı inkişafa yönəldilmiş siyasətdən xəbər
verən digər bir göstərici qorunan ərazilərin, yəni
qoruqların, milli parkların sayı və onların ölkə
ərazisinin neçə faizini təşkil etməsi ilə bağlıdır.
Azərbaycanda son illər milli parkların, qoruqların sayı
artıb, sahələri genişlənməkdədir. Bunun real nəticəsi
olaraq, ölkədə qorunan təbii ərazilərin ümumi sahəsi
2000-ci ildə 478 min hektardan 2013-cü ildə 894 min
hektara çatdırılmışdır. Bu, həm yeni qorunan ərazilərin
yaradılması, həm də mövcud ətraf mühitin mühafizəsi
obyektlərinin ərazilərinin genişləndirilməsi sayəsində
mümkün olmuşdur. Eyni zamanda, 2003-cü ildə Azərbaycanda
ilk dəfə olaraq mühafizə edilən təbii ərazilərin yeni
növü olan biosfer qoruğunun yaradılması üzrə irihəcmli
layihə işlənib hazırlanmışdır. Qeyd olunmalıdır ki,
dünyada, ümumiyyətlə, qorunan təbii ərazilərin azalması
fonunda Azərbaycanda qoruqların, milli parkların, digər
qorunan ərazilərin genişlənməsi və ölkənin 10 faizdən
artıq sahəsini əhatə etməsi beynəlxalq qurumlar
tərəfindən çox böyük nailiyyət kimi qəbul edilir.
Eyni zamanda, milli davamlı inkişaf proqramına əsasən
ölkədəki meşə əraziləri də ilbəil artıb. Azərbaycanda
meşəbərpa istiqamətində məqsədəuyğun və intensiv işlər
aparılır. Hazırda ildə 10 min hektara yaxın yeni meşə
massivləri salınır. Son 10 ildə meşə sahələri 63 min
hektardan çox sahədə salınmışdır. Dünyada sürətli
meşəsizləşmə getdiyi bir dövrdə Azərbaycan
Respublikasında son on ildə meşə sahələrinin
genişlənməsinə yönəldilmiş fəaliyyət davamlı inkişafın
çox vacib bir amilidir. Ətraf mühitin mühafizəsi və
təbii sərvətlərin səmərəli istifadəsinin təşkilində
dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin,
ictimai birliklərin rolu böyükdür. Bu istiqamətdə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsü ilə yaradılmış "Ətraf mühit naminə beynəlxalq
dialoq" kampaniyası olduqca əhəmiyyətlidir.
Digər diqqətçəkən misal Prezident İlham Əliyevin
təşəbbüsü ilə 2012-ci ildə Sosial innovasiyalar üzrə
Dövlət Agentliyinin və "ASAN xidmət"in yaradılması ilə
bağlıdır.
Qeyd edək ki, XXI əsrin əvvəllərində onun təşəbbüsü ilə
məhz Azərbaycanda insan inkişafı və davamlı gəlir əldə
olunması üçün yaşayış yerinə, onun əhalisinə məxsus olan
dünyada ilk insan inkişafına əsaslanan sosial
müəssisələr yaradılmışdı. Hələ o zaman bu təşəbbüs və
qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti və beynəlxalq
təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdi.
BMT-nin Baş Qərargahı (Nyu-York) tərəfindən 2005-ci ildə
Azərbaycanda yaranmış həmin təşəbbüsü "innovativ ideya
və fəaliyyət" kimi bütün dünyaya tanıtmışdı
(http://hdr.undp.org/nhdr/impact). İndi yuxarıda
qeyd olunan agentliyin yaradılması və xidmətlərlə
yanaşı, onun funksiyalarından birinin bilavasitə sosial
innovasiya olması haqda qərarın əhəmiyyəti təsəvvür
edilməyəcək qədər böyükdür. Bu, yenə də qlobal miqyaslı
innovasiyadır. Sözügedən agentliyin fəaliyyəti təkcə
xidmət sahəsinə, iqtisadiyyat, sosial sahənin inkişafına
təsir göstərməyəcək, həmçinin bir sıra demoqrafik
problemlərin, gender problemlərinin həllinə, demokratiya
və özünüidarəetmənin inkişafına, tarixi istehsal və
istehlak mədəniyyətinin, əsrlərlə toplanan təcrübənin
qorunması və səfərbər edilməsinə imkan yaradacaqdır.
Tarixi baxımdan qısa bir vaxt kəsiyində əldə edilmiş
yüksək nailiyyət yalnız iqtisadi diversifikasiyanın və
texnoloji tərəqqinin effektiv idarə edilməsi şəraitində
mümkündür.
Bu isə öz növbəsində ancaq biliyə və onun daşıyıcısı
olan insan potensialının inkişafına əsaslanan siyasət
sayəsində reallaşa bilər. Alınmış nəticələr uzunmüddətli
iqtisadi təhlükəsizlik və davamlı insan inkişafı
nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir və bu
istiqamətdə dövlətin strateji baxımdan uzaq perspektivə
hesablanmış siyasət gerçəkləşdirməsindən xəbər verir.
Müasir dövrdə strateji önəm daşıyan tükənməyən və daim
təkmilləşən təbii sərvətlər arasında ən böyük əhəmiyyətə
malik olanı və ən dəyərlisi insan potensialıdır.
İnsan amili hər zaman inkişafın həlledici amili kimi
çıxış edib və etməkdədir. Son zamanlar isə ölkələrin
inkişafının, əhalinin həyat səviyyəsi və rifahının bilik
və bacarıqlardan asılı olması insan amilinin vacibliyini
bir daha ön sıraya çıxarıb. Bəllidir ki, idarəetmə və
istehsal sahələrində qazanılmış nailiyyətlər, ölkənin
nüfuzu və rəqabət qabiliyyəti istifadə edilən elmi
yanaşmalardan və tətbiq edilən müasir texnologiyalardan
asılıdır. Bu bilik və texnologiyaların yaradıcısı,
onları təkmilləşdirən və tətbiq edən də insandır. Bu
səbəbdən dünyada insanı inkişafın mərkəzinə qoymaq, bu
prosesi insana doğru yönləndirmək, göstərilən
istiqamətdə mövcud olan problemləri aradan qaldırmaq və
mənəvi dirçəlişə yol açmaq prioritetdir. Əslində, bir
çox davamlı inkişaf ideoloqları da qeyd olunan
gerçəkliyi proqnozlaşdırılan innovativ inqilabın təməli
kimi görürlər. Vaxtilə ümummilli lider Heydər Əliyev də
insan potensialını bütün sahələrdə və hər zaman
inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amili
kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə hələ keçən
əsrin 70-ci illərindən başlayaraq hər il minlərlə
azərbaycanlı gəncin keçmiş Sovet İttifaqının aparıcı ali
mülki və hərbi məktəblərinə göndərilməsi bu siyasətin
təzahürüdür. Müstəqillik qazanmış Azərbaycan
Respublikasında müasir anlamda insan inkişafı ilə bağlı
vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlil
və qiymətləndirmələr əsasında insan inkişafı prosesinin
idarə edilməsi ilk dəfə ümummilli lider tərəfindən
həyata keçirilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan
Respublikasında BMT-nin İnkişaf Proqramı ilə birlikdə
insan inkişafı haqqında ilk hesabatlar hazırlanmışdır.
Bu layihə əsasında insan potensialının inkişafının
ölkədəki vəziyyətinin təhlilinə 1994-cü ildən
başlanmışdır. Ölkə və BMT-nin rəhbərliyinin qərarı ilə
bu layihənin həyata keçirilməsi hazırkı məqalənin
müəllifinə tapşırılmışdı.
BMT-nin Azərbaycanda insan inkişafına aid ilk milli
hesabatı 1995-ci ildə dərc edilmişdir.
Onun ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlara
təqdimatı ümummilli lider Heydər Əliyev tərəfindən
şəxsən həyata keçirilmişdir. Qeyd edilməlidir ki, insan
potensialının formalaşmasının təşkili və idarə edilməsi
sahəsində müstəsna bilik, bacarıq və təcrübəyə malik
olan, bu sahədə hələ Sovet İttifaqı dövründə olduqca
önəmli işlər görən ümummilli lider Heydər Əliyev yenicə
müstəqillik qazanmış ölkədə gerçəkləşdirilən bu
beynəlxalq əhəmiyyətli layihəyə xüsusi diqqət yetirirdi.
Bunun nəticəsində BMT-nin Azərbaycanda İnsan İnkişafına
dair 1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf
prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən
hesabatlar sırasına daxil edilmişdir. Bu səbəbdən
Hesabatın təqdimat mərasiminə ulu öndər Heydər Əliyev
ilə yanaşı, BMT Baş Katibinin müavini, BMT-nin inkişaf
proqramının rəhbəri, dünyada tanınmış siyasi xadim və
alim cənab Qustaf Spet də qatılmışdı. O zamandan
Azərbaycanda insan potensialının zənginləşdirilməsi
ölkənin inkişafının əsas prioritetinə çevrilmişdir. Elə
bu səbəbdən də ölkədə insan potensialı inkişafının
göstəricisi olan insan inkişafı indeksi ilbəil
artmaqdadır.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında insan
inkişafı sahəsində qazanılmış yüksək nailiyyətlər
ölkənin 2010-cu ildən insan inkişafı sahəsində yüksək
nəticələr əldə etmiş ölkələr qrupuna daxil olunması ilə
sonuclanıb.
Həmin zamana qədər ölkə beynəlxalq təşkilatlar
tərəfindən insan inkişafı sahəsində orta göstəricilərə
nail olmuş ölkələr qrupuna aid edilirdi.
Davamlı insan inkişafı sahəsində əldə edilmiş yüksək
nəticələr ölkədə həyata keçirilən müasir təhsil
strategiyasının uğurudur.
Ölkənin təhsil strategiyasına görə, Azərbaycan
Respublikasında davamlı insan inkişafı fənninin orta
ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi
prosesinə 2001-ci ildə start verilib. 2003-cü ildən
ölkənin Təhsil Nazirliyinin 175 və 688 nömrəli əmrləri
əsasında orta məktəblər üçün davamlı insan inkişafına
dair dünyada ilk tədris proqramı və dərs vəsaiti dərc
edilib. Bu sahədə Azərbaycanın birinciliyi barədə
məlumat BMT-nin Baş Qərargahı (Nyu-York) tərəfindən 19
dekabr 2001-ci ildə dünyaya yayılıb. Qlobal miqyasda isə
bu prosesə 4 il sonra - 2005-ci il martın 1-də BMT-nin
baş katibi Kofi Annan və YUNESKO-nun baş direktoru
Koişiro Matsuura arasında imzalanan sənədlə təkan
verilib.
Cədvəl. Davamlı insan inkişafı tədrisinin xronologiyası:
Azərbaycan və dünya
İl |
Dünya |
Azərbaycan |
2001 |
Məlumat yoxdur |
Davamlı insan inkişafı ölkənin orta ümumtəhsil
məktəblərində pilot layihə.
Təhsil Nazirliyinin əmri |
2003 |
Məlumat yoxdur |
Davamlı insan inkişafına dair orta ümumtəhsil
məktəbləri üçün ilk kurikulum (tədris proqramı
və dərs vəsaiti) dərc edilir.
Təhsil Nazirliyinin 175, 688 nömrəli əmrləri |
2005 |
BMT və
YUNESKO
2005-2014-cü illəri davamlı inkişafın tədrisi
onilliyi elan edir (4) |
Davamlı insan potensialına əsaslanan inkişaf
bütün orta məktəblərdə (İnsan və cəmiyyət fənni
tərkibində) tədris edilir.
Təhsil Nazirliyinin 880 nömrəli əmri |
2007 |
Məlumat yoxdur |
Ali məktəblər üçün davamlı inkişaf üzrə dərs
vəsaiti.
Təhsil Nazirliyinin 961 nömrəli əmri |
2010 |
Məlumat yoxdur |
“Yaşıl” peşə təhsili.
Təhsil Nazirliyinin 569 nömrəli əmri |
Azərbaycanda insan inkişafı haqqında hesabatlar müxtəlif
illərdə fərqli sahələrin təhlilinə, onların vəziyyətinin
qiymətləndirilməsi və inkişaf potensialının
müəyyənləşdirilməsinə yönəldilmişdir.
Məsələn, 2002-ci ilin hesabatı yoxsulluğa həsr
edilmişdir. Ölkə ərazisinin 20 faizinin işğal altında
olduğunu, bir milyona yaxın vətəndaşın qaçqın və məcburi
köçkün statusu daşıdığını əks etdirən bu hesabatda, eyni
zamanda, ölkədə yoxsulluq ilə mübarizə sahəsində həyata
keçirilən siyasət barədə geniş material təqdim
edilmişdir. Sözügedən siyasətin uğurları artıq göz
qabağındadır. Yoxsulluq 2001-ci ildə 49,6 faizdən
2012-ci ildə 6 faizə enib. Xüsusilə vurğulanmalıdır ki,
bu göstərici yoxsulluq həddi ayda 24 manatdan 117 manata
qalxdığı şəraitdə qeydə alınmışdır. Bu nailiyyətin
qazanılmasında insan potensialının inkişafı xüsusi
əhəmiyyət daşıyır.
Digər bir misal informasiya və kommunikasiya
texnologiyalarının (İKT) inkişafı və tətbiqi ilə
əlaqədardır.
Azərbaycan Respublikasının BMT ilə birgə hazırladığı
2003-cü ilə aid İnsan İnkişafı haqqında hesabat İKT-yə,
bu istiqamətin ölkənin inkişafına təsirinə həsr
edilmişdir. Ölkə rəhbərliyinin bu sahədə həyata
keçirdiyi ardıcıl siyasət göstərilən istiqamətin böyük
əhəmiyyət daşıdığını bir daha sübut etdi. Buna misal
kimi ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2013-cü ilin "İKT ili" elan edilməsini, Azərbaycanın ilk
milli peykinin orbitə çıxarılmasını, məktəblərin
kompüterləşdirilməsini və s. göstərmək olar. Bu
istiqamətdə Heydər Əliyev Fondu, onun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi
qayğıya ehtiyacı olan tələbə və gənclər üçün İKT-dən
istifadə imkanlarının yaradılması təşəbbüsü də
diqqətəlayiqdir. Qeyd edilməlidir ki, bu Fond
Azərbaycanın dünya miqyasında tanıdılması sahəsində
misilsiz təşəbbüslərə və önəmli layihələrə imza
atmışdır.
Azərbaycan Respublikasının son illərdə davamlı inkişaf
sahəsində qazandığı uğurların əsasında müasir və
innovativ idarəetmə texnologiyalarının tətbiqi durur.
Davamlı inkişaf naminə dövlət qurumlarının,
qeyri-hökumət təşkilatlarının və fərdi sektorun vahid
milli proqramlar və layihələr çərçivəsində birgə
fəaliyyət göstərməsi gələcək uğurların təminatçısıdır.
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul
edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası davamlı inkişafın təmin edilməsində yeni
mərhələdir.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru,
akademik |