Avqustun 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Azərbaycan Əlifbası və
Azərbaycan Dili Gününə həsr edilmiş "Dilimiz - milli
qürurumuz" mövzusunda elmi-praktik konfrans
keçirilmişdir. BPKİYİ və Binəqədi Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən
tədbirdə Binəqədi RİH-in məsul işçiləri, institutun
professor-müəllim heyəti, təhsil ictimaiyyətinin və
KİV-in nümayəndələri iştirak edirdilər.
Azərbaycan
Respublikasının Dövlət himni səsləndirildikdən sonra
institutun rektoru, professor Asəf Zamanov tədbiri giriş
sözü ilə açaraq iştirakçıları Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü münasibətilə təbrik etdi. A.Zamanov
daha sonra "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda
məruzəsində bildirdi ki, milli varlığımızın əsas
əlamətlərindən biri olan ana dilimizlə əlaqədar avqustun
1-i ölkəmizdə əziz günlərdən biri kimi qeyd olunur.
Danılmaz həqiqətdir ki, dil millətin simasını
səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.
Dilin dövlət dili statusu alması isə milli dövlətçilik
tariximizin qızıl səhifəsidir. Qürur duyuruq ki,
planetin 6500-ə yaxın dili arasında Azərbaycan dili həm
də dövlət dili statusuna malikdir.
Ana dilimizin dövlət dili statuslu dillər sırasına
yüksəlməsində ümummilli lider Heydər Əliyevin mühüm
rolundan bəhs edən məruzəçi diqqətə çatdırdı ki, milli
mənəvi dəyərlərimizin ən qiymətlisi, bir millət kimi
milli varlığımızın rəmzi olan dilimizin saflaşdırılması
və inkişafı istiqamətində ulu öndər geniş fəaliyyət
göstərmişdir. Hələ Sovet İttifaqının tərkibində olarkən,
1978-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi
təsbitinə nail olunmuşdur. Ulu öndərin 1993-cü ildə
Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra
Azərbaycan dili yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. 1995-ci ildə müstəqil dövlətimizin ümumxalq
səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyasında
dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana
dilimizə böyük sevgisinin təzahürü idi. Vurğulandı ki,
müstəqillik illərində Azərbaycan dili xalqımızın
ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında
müstəsna əhəmiyyət kəsb etməyə başladı. Bütün bunları
nəzərə alaraq ulu öndər Heydər Əliyev "Dövlət dilinin
tətbiqinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan
Respublikasında dövlət dili haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" tarixi
fərmanlar imzalamışdır. Ölkəmizdə Azərbaycan dilinin və
dilçiliyinin hərtərəfli inkişafı, dilimizin beynəlxalq
səviyyədə işlək dilə çevrilməsi ümummilli lider Heydər
Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla
davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin də dilimizə və dilçiliyimizə böyük
qayğı göstərdiyini diqqətə çatdıran A.Zamanov möhtərəm
Prezidentimiz tərəfindən 23 may 2012-ci il tarixində
imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamın bu
qayğının bariz nümunəsi olduğunu qeyd etdi.
Professor A.Zamanov çıxışının sonunda dedi:
"Unutmamalıyıq ki, dil yalnız ünsiyyət vasitəsi yox,
eyni zamanda mədəniyyətdir, ədəbiyyatdır, tarixdir,
musiqidir, millətin taleyidir. 50 milyondan çox
azərbaycanlının qürur mənbəyi olan ana dilimizin
yaşaması və inkişafı üçün ümummilli lider Heydər
Əliyevin ideyalarına sadiq qalaraq hər bir ziyalı -
alim, müəllim, məmur, xüsusilə kütləvi informasiya
vasitələrinin nümayəndələri geniş fəaliyyət
göstərməlidirlər".
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Vüsal İsmayılov "Azərbaycan dili dövlət
idarəçiliyində", institutun Azərbaycan dili və
ədəbiyyatı kafedrasının müdiri Aydın Paşayev "Azərbaycan
dili və onun tədrisi: reallıqlar, perspektivlər", dosent
Şəmil Sadıqov "Azərbaycan dilinin bədii ədəbiyyatda
təzahürü" mövzularında məruzələrində dilimizin
zənginliyindən, inkişafından, qorunmasının
zəruriliyindən və bu sahədəki problemlərdən söz açdılar.
BPKİYİ-nin mətbuat xidməti |