Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Məcburi köçkün uşaqları üçün daha bir məktəb binası tikilir

 

İyulun 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı inşaat işlərinin vəziyyətini öyrənmək məqsədi ilə həmin ərazidə olmuşdur.

Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan inşaat işləri ilə tanış olmuş və tikintini aparan şirkətin rəhbərliyinə və iş icraçılarına işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

Tikinti şirkətinin rəhbərliyi inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırmış və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildirmişdir.

Qərara alınmışdır ki, məktəb binası avqustun sonunadək, yüksək keyfiyyətlə təhvil verilsin.

Bütövlükdə bir hektar sahədə inşa edilən 300 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam etdirilir. Məktəbdə sinif otaqları ilə yanaşı, idman, akt zalları, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı və yeməkxananın da tikintisi aparılır. Məktəbin ətrafında isə idman meydançaları tikilir. Həmçinin bina elektrik, su və müasir istilik sistemi ilə tam təchiz ediləcəkdir.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb böyük tarixə malikdir. Bu təhsil ocağı 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərərək ölkə təhsilinin inkişafına öz töhfələrini vermiş, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 30-da məktəbin gələcəkdə də səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb üçün 300 şagird yerlik yeni binanın tikintisi məqsədi ilə sərəncam imzalamışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov