Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Bölgələrdə məktəb tikintisi davam edir

 

Son illər Astara rayonunda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzindədir. Rayon təhsil şöbəsindən verilən məlumata görə, 2005-ci ildən bəri rayonda 21 yeni məktəb binası  tikilib istifadəyə verilmişdir. Onlardan 13-ü dövlət vəsaiti hesabına, 5-i Heydər Əliyev Fondu, 2-si Fövqəladə Hallar Nazirliyi, 1-i isə Yaponiya səfirliyi tərəfindən inşa olunmuşdur.  2006-cı ildən etibarən rayonda 13 məktəbin binası əsaslı təmir olunmuşdur. 2013-cü ildə də rayonda yeni məktəb binalarının tikintisi sürətlə aparılır. İlin əvvəlindən indiyədək 3 məktəb üçün yeni binanın tikintisi başa çatdırılmış və onlar istifadəyə verilmişdir. Bunlar rayonun Motalayataq, Şağləzüzə, Telman kənd tam orta məktəbləridir. Hər üç məktəb üçün tikilmiş binalar 220 şagird yerlikdir.

Hazırda rayonun Suparibağ, Əsxənəkəran kənd tam orta məktəbləri üçün hərəsi 220, Siyaku, Vaqo və Hamuşam kənd tam orta məktəbləri üçün hərəsi 360, Şüvi kənd tam orta məktəbi üçünsə 480 şagird yerlik yeni binalar inşa olunur. Bunlarla yanaşı, Rüdəkənar kənd ümumi orta məktəbi üçün 180, Anboba və Əzərüd kənd ibtidai məktəblərinin hər biri üçünsə 80 şagird yerlik yeni binalar tikilməkdədir.

Dövlət vəsaiti hesabına inşa olunan yeni məktəb binalarının yeni dərs ilində açılması nəzərdə tutulmuşdur. Yeni tikilən bütün məktəb binaları zəruri avadanlıqlarla təmin olunacaq və onlarda tədris üçün normal şərait yaradılacaqdır.

***

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Saatlı rayonunda da yeni məktəb binalarının tikintisi və mövcud binaların əsaslı təmiri istiqamətində ardıcıl iş aparılır.

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, hazırda rayonun iki kəndində yeni məktəb binaları inşa olunur. Bunlar Əliabad kənd ümumi orta məktəbi üçün tikilən 180 və Qıraqlı kənd ümumi orta məktəbi üçün inşa olunan 220 şagird yerlik məktəb binalarıdır. Bunlardan əlavə, 950 şagird yerlik şəhər 2 nömrəli və  1176 şagird yerlik Fətəlikənd kənd tam orta məktəblərinin binalarında əsaslı təmir işləri aparılır. Məktəblərin dördü də yeni dərs ilində istifadəyə veriləcəkdir. Qeyd olunan tədris ocaqları təzə inventar və avadanlıqlarla təmin olunmuş, onlarda yeni tipli istilik sistemləri quraşdırılmışdır.

***

Balakən Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda qeyd olunur ki, rayonun zəlzələdən ziyan çəkmiş kəndlərində 2013-cü ildə 7 məktəb üçün yeni binaların tikilməsi planlaşdırılmışdır. Onlardan 2-si artıq tikilib təhvil verilmişdir. Bunlar 300 şagird yerlik Qarahacılı kənd tam orta məktəbinin və 80 yerlik Qaracabinə kənd ümumi orta məktəbinin binalarıdır. 5 məktəb üçünsə yeni binaların tikintisi hazırda davam etdirilir. Belə ki, rayonun Hənifə kənd tam orta məktəbi üçün 480, Qazma kənd 2 nömrəli tam orta məktəbi üçün 360, Qazbinə, Şambul və Qullar kənd 2 nömrəli tam orta məktəblərinin hər biri üçünsə 220 şagird yerlik yeni binalar inşa olunur.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan yeni məktəb binalarının hamısının təzə avadanlıqla təmin olunması nəzərdə tutulub. Tikilməkdə olan yeni məktəb binaları yeni dərs ilinə istifadəyə veriləcəkdir.

Bundan başqa, rayon təhsil şöbəsi üçün tikilən yeni ikimərtəbəli inzibati binada da hazırda son tamamlama işləri görülür. Yeni binanın avqustda açılışı gözlənilir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov