"Oriqami"
Uşaq və Yeniyetmələr İctimai Birliyi 1-21 iyul
tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin maliyyə dəstəyi ilə xüsusi qayğıya
ehtiyacı olan, valideyn himayəsindən məhrum olan
uşaqlar, eləcə də şəhid və aztəminatlı ailələrin
övladları üçün Qusar rayonunun Yasab kəndində yay
sağlamlıq düşərgəsi təşkil etmişdir.
6-18 yaşlı 30 uşağın düşərgədə yay istirahətinin
maraqlı və məzmunlu təşkili, rasional və yüksək kalorili
qidalanma, mütəhərrik fərdi və komanda idman oyunları
və yarışları "Oriqami"də tərtib edilmiş xüsusi proqram
əsasında həyata keçirilmişdir.
Həmin proqrama uyğun olaraq uşaqların doğma diyarımızla
tanışlığı məqsədi ilə bir neçə dəfə meşə massivinə, dağ
yamaclarındakı taxıl zəmilərinə, çay kənarına,
bulaqlara, moruqluğa, güllü-çiçəkli çəmənliklərə
ekskursiyalar təşkil olunmuşdur. Onlar ilk ekskursiya
zamanı "Qara Baba" pirini ziyarət etmişlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar yay sağlamlıq
düşərgəsində yaradılmış yüksək səviyyəli şəraitdə
özlərini son dərəcə sərbəst və qayğısız hiss etmiş,
bir-biriləri ilə ünsiyyət quraraq yeni dostlar qazanmış,
özünəxidmət vərdişlərini inkişaf etdirmiş, özlərini daha
müstəqil və cəsarətli aparmışlar.
Onlarda
özünə inam hissini möhkəmləndirmək məqsədi ilə birliyin
psixoloq və tərbiyəçiləri ətraf mühit, təbiət hadisələri
haqqında söhbətlər aparmış, idman mütəxəssisi müxtəlif
idman oyunları təşkil etmiş, yerli uşaqlardan ibarət
komandalarla idman yarışları keçirilmişdir.
Bununla yanaşı, düşərgə sakinlərinin şagirdlərdən
ibarət olduğunu nəzərə alaraq onlarla "Yol hərəkəti
qaydaları"nın öyrənilməsi ilə bağlı təlimlər təşkil
olunmuşdur. Rollu və situativ oyunların iştirakçısına
çevrilmək bu təlimlərə qatılmış uşaqlarda böyük maraq
doğurmuşdur.
Düşərgənin pedaqoji kollektivinin üzvləri - bədən
tərbiyəsi mütəxəssisi T.Məmmədov, tərbiyəçi
E.Qurbanova çalışmışlar ki, həssas qrupdan olan
uşaqların fərdi xüsusiyyətləri nəzərə alınaraq
qabiliyyət və bacarıqları daha da inkişaf etsin,
dünyagörüşləri genişlənsin, onların asudə vaxtları yeni,
maraqlı və məzmunlu oyunlarla, intellektual bilik
yarışmaları ilə, uşaqları maraqlandıran ictimai
hadisələr və digər məsələlər ətrafında geniş fikir
mübadiləsinin aparılması ilə keçsin.
Yay sağlamlıq düşərgəsində həyata keçirilən kütləvi
tədbirlər çərçivəsində əməyin, təmizliyin, şəxsi
gigiyenanın hər bir uşağın təlim-tərbiyəsində və
inkişafında rolu nəzərə alınaraq uşaqlara kiçik əmək
tapşırıqları verilmiş, "Özün düzəlt!", "Mən bacararam!",
"Təmiz ev, təmiz həyət!", "Sağlam bədəndə sağlam ruh!"
aksiyaları keçirilmişdir.
Düşərgənin bədii tərtibatında da uşaqların təklifləri
nəzərə alınaraq hazırladıqları əl işlərindən geniş
istifadə edilmişdir.
Demək olar ki, hər gün uşaqların əhvali-ruhiyyəsini daha
da yüksəltmək üçün yay sağlamlıq düşərgəsində diskoteka
təşkil olunmuşdur. Uşaqlar diskotekada böyük həvəslə
rəqs etmiş, mahnı oxumuş və şənlənmişlər.
Ümid edirik ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların
yay istirahətinin səmərəli və məzmunlu təşkili onların
psixoloji durumuna pozitiv təsir göstərəcək,
sağlamlıqlarının möhkəmlənməsinə, həyata nikbin
baxışlarının formalaşmasına və yararlı vətəndaş kimi
cəmiyyətə inteqrasiya olunmalarına kömək edəcəkdir.
Hicran ƏKBƏROVA |