Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İrəli"
İctimai Birliyi avqustun 2-si və 3-də "Qala" Dövlət
Tarix-Etnoqrafiya Qoruğunda "Yaşıl iqtisadiyyat" ekoloji
düşərgəsi təşkil edəcəkdir.
Düşərgənin təşkilində məqsəd ətraf mühitin qorunması ilə
əlaqədar cəmiyyəti maarifləndirmək, tullantısız və
aztullantılı texnologiyalardan istifadə etməyin ekoloji
faydaları barədə məlumatlılığın artırılması, iqtisadi
inkişafın ətraf mühitə zərərli təsirlərinin azaldılması
istiqamətində gənclərin rolunun araşdırılmasıdır.
Düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən 30 nəfər
gənc təlimlərə qatılacaq və qrup tapşırıqları həyata
keçirəcəkdir. Təlimlərdə gənclər ətraf mühitin
mühafizəsi və yaşıl iqtisadiyyat mövzularında layihə
təklifləri hazırlayacaqlar. Gənclər həmçinin Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin ekoparkında
alternativ enerji mənbələrindən istifadə barədə
məlumatlandırılacaqlar.
Qeyd edək ki, düşərgə iştirakçıları seçim əsasında
müəyyən olunacaqdır.
Samirə KƏRİMOVA |