Macarıstanın Balatonfüred şəhərində keçirilmiş XIII
Avropa gənclər festivalı başa çatmışdır. Macarıstan,
Bolqarıstan, Polşa, Slovakiya, Rusiya, Ukrayna və başqa
ölkələrin uşaq və gənclərdən ibarət kollektivlərinin
qatıldıqları festivalda ölkəmizi Bakı Uşaq Teatrının
"Günay" uşaq teatr studiyasının kollektivi təmsil
etmişdir.
Studiyanın üzvlərinin həm fərdi yaradıcılıq hesabatları,
həm də qala-konsert zamanı çıxışları böyük uğurla
keçmişdir. Azərbaycan incəsənətini yüksək səviyyədə
təqdim edən gənc istedadlarımız festivalın bir sıra
mükafatlarını almışlar. Belə ki, teatr nominasiyası
üzrə M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi
nəbatat və dərviş Məstəli şah caduküni-məşhur"
komediyasının motivləri əsasında hazırlanan tamaşa,
xoreoqrafiya nominasiyası üzrə isə Azərbaycanın milli
rəqsi "Yallı" və Üzeyir Hacıbəylinin "Dəsmalla rəqs"
nömrələri "Qran-pri" mükafatına layiq görülmüşdür. Fərdi
çıxışlar da mükafatsız qalmamışdır. "Turacı" və
"Qaragöz" rəqslərinin ifaçısı Leyla Yusubova festivalın
qızıl medalı, "Məşğələ" kompozisiyasının ifaçısı Səbinə
Məmmədova isə "Qran-pri" ilə mükafatlandırılmışdır.
Azərbaycanın gənc artistləri növbəti dəfə keçiriləcək
XIV festivala da dəvət almışlar.
S.HÜSEYNQIZI |