İyulun 6-dan 16-dək Parisdə insan hüquqlarının müdafiəsi
məsələlərinə həsr edilmiş Lab Citoyen konfransı
keçirilmişdir. Ümumdünya Fransa İnstitutu Alyansı
tərəfindən gənclər üçün təşkil edilmiş bu tədbirin
məqsədi xarici ölkələrdə fransız dilinin öyrənilməsini
təşviq etmək, Fransa tarixinə və mədəniyyətinə marağı
artırmaqdır. Konfransda 72 ölkənin, o cümlədən
Azərbaycan, ABŞ, Kanada, Braziliya, Çin, Türkiyə, Rusiya
və MDB-nin üzvü olan digər ölkələrin, Baltikyanı
dövlətlərin və başqa ölkələrin gənclərinin 112
nümayəndəsi iştirak etmişdir. Konfransda ölkəmizi
Azərbaycan Dillər Universitetinin fransız dili
fakültəsinin tələbələri Zəhra Axundzadə və Ramin Əhmədov
təmsil etmişlər.
Konfransın mədəni proqramı da geniş olmuş, tədbir
çərçivəsində Fransa paytaxtının görməli yerlərinə
ekskursiyalar təşkil edilmişdir. Konfrans iştirakçıları
məşhur Luvr muzeyi, Fransa Parlamentinin binası, vaxtilə
Fransa krallarının iqamətgahı olmuş binada yerləşən
Versal muzeyi, ən böyük müasir incəsənət muzeyi sayılan
Jorj Pompidu mərkəzi, Fransanın ən məşhur siyasi
xadimlərinin və hərbi sərkərdələrinin dəfn edildiyi
Əlillər Evi Kilsəsi ilə tanış olmuşlar. Yelisey çölündə,
Parisin mənzərəli Monmartr və Belvill məhəllələrinin
qədim küçələrində gəzinti, habelə Sena çayında Site
adası və Notr-Dam kilsəsi boyunca katerdə ekskursiya
konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Konfrans çərçivəsində Fransanın şimalında yerləşən,
qədim memarlıq abidələri ilə tanınan Nant şəhərinə səfər
təşkil edilmişdir.
İyulun 14-də Fransanın milli bayramı - Bastiliyanın
alınması günü şərəfinə keçirilən ənənəvi möhtəşəm hərbi
parad konfrans iştirakçılarına unudulmaz təsir
bağışlamışdır.
Hicran ƏKBƏROVA |