İnsan doğulduğu gündən həyatında "ilk"lər səhifəsi
açılmağa başlayır. İlk təbəssüm, ilk addım, bağça
illərinin ilk günü, ilk ayrılıq acısı-bağça ilə vida
günü, məktəb həyatının ilk və son günü... Bu siyahını
uzatmaq da olar. Amma onların arasında ən unudulmaz
günlərdən biri qayğısız uşaqlıq çağı ilə son görüş,
doğma bağça ilə vida günüdür.
Bakıdakı
222 nömrəli körpələr evi-uşaq bağçasında bu yaxınlarda
keçirilən tədbir də məhz bu günə həsr olunmuşdu.
"Əlvida, bağça" adlı maraqlı səhərciyin ssenarisini
bağçanın məktəbəhazırlıq qrupunun tərbiyəçisi Mətanət
Əliyeva hazırlamışdı. Tədbirin təşkili və keçirilməsində
ona həmin qrupun digər tərbiyəçisi Gilas Temrazova da
kömək etmişdi. Qeyd edək ki, M.Əliyeva uşaqların
ifasında səslənən bir çox şeir və mahnıların da müəllifi
idi. Tədbirin qonaqları çox idi, valideynlər
övladlarının bu önəmli günündə onlarla birlikdə idilər.
Bağçadan "məzun" olacaq uşaqlar iştirakçıların alqış
sədaları altında zala daxil oldular, aparıcı balaca
Aytən qonaqları salamlayıb sözü Tunara verdi. Onun ifa
etdiyi şeir hamıda kövrək hisslər yaratdı.
Sonra balacalar "Siravi Əhməd" mahnısının müşayiəti ilə
müxtəlif idman hərəkətləri nümayiş etdirdilər.
Rus qrupunun tərbiyəçiləri Aynurə Əzimova və Pərvanə
Sadıqovanın yetirmələri də öz təbriklərini nəğmələrlə
çatdırdılar. Sonra qrup üzvləri birlikdə vals oynadılar.
Məzunlar hazırladıqları "Torpaqdan pay olmaz"
səhnəciyini təqdim etdilər. Şeirlər, nəğmələr,
səhnəciklər bir-birini əvəz edir, uşaqlar tədbir
iştirakçıları tərəfindən alqışlanırdılar. Səhnəciklərdən
biri hərflər və rəqəmlərə həsr olunmuşdu.
Tədbirin sonunda bağçanın müdiri Aygün İsgəndərova çıxış
edərək məktəbəhazırlıq qrupunun uşaqlarını, onların
valideynlərini və tərbiyəçilərini məzun günü
münasibətilə təbrik etdi. Uşaqlara hədiyyələr təqdim
edildi. A.İsgəndərova bağçalarında uşaqlar üçün
yaradılan yüksək şəraitə görə dövlətimizə, onun başçısı
İlham Əliyevə minnətdarlığını ifadə etdi, son illər
ölkədə baş verən iqtisadi inkişaf və onun müsbət
nəticələrindən söz açdı.
Bağçanın müdiri habelə kollektivlərinin builki gül
bayramında nümayiş etdirdiyi gözəl geyimlərə, yaraşıqlı
gül kompozisiyalarına görə Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən fəxri fərmanla təltif olunduğunu, gözəl rəqs
nömrələrinə görə şəhər üzrə qalib yer aldığını və bu
səbəbdən fəxri fərmanla mükafatlandırıldıqlarını qeyd
etdi. Bağçanın son illər qazandığı nailiyyətlərdən söz
açan A.İsgəndərova bu uğurlarda bugünkü məzunların da
rolu olduğunu vurğuladı və bağçanın yetirmələrinə
gələcək məktəb həyatında uğurlar arzuladı. Tədbiri
yüksək səviyyədə hazırladıqları üçün qrupun
tərbiyəçilərinə və musiqi müəlliminə təşəkkür edən Aygün
müəllim məzunlara şəkil-vinetkalar təqdim etdi.
Yusif ƏLİYEV |