Valideynlərin
öz övladlarını arxayınlıqla etibar etdiyi, uşaqların isə
sevimli istirahət, əyləncə, eyni zamanda, tədris məkanı
olan Bakının Nərimanov rayonu ərazisində yerləşən "Buggy
Bug" Tədris və İnkişaf Mərkəzi fəaliyyətə başladığı ilk
vaxtdan bu günə qədər uğurları, yenilikləri ilə hər
zaman fərqlənməyə səy göstərmişdir.
Məktəbəqədər hazırlıq, ingilis, rus dilləri üzrə
kursların, bir sıra dərnəklərin fəaliyyət göstərdiyi
mərkəz günbəgün xidmətlərini yeniləməyə və
təkmilləşdirməyə çalışır. Tədris və İnkişaf Mərkəzinin
atdığı uğurlu addımlardan biri də "Yay məktəbi"nin
açılmasıdır.
Mərkəzin təsisçisi və direktoru Aysu Bayramzadə bizimlə
söhbət zamanı adıçəkilən məktəbin məhz işləyən
valideynlərin və uşaqların arzularını nəzərə alaraq
yaradıldığını deyərək qeyd etdi ki, yay tətili dövründə
həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla)
əsasən 5 yaşdan yuxarı uşaqlar burada həm istirahət
edir, həm də onlar məktəbdə verilmiş tapşırıqları böyük
təcrübəyə malik, peşəkar müəllimlərin yardımı ilə
yerinə yetirirlər.
İkinci ildir ki, fəaliyyət göstərən "Yay məktəbi"ndə
uşaqlar eyni zamanda öz seçimlərinə uyğun olaraq
mərkəzdə daimi fəaliyyət göstərən şahmat, rəsm, musiqi,
rəqs, gimnastika və karate məşğələlərində də həvəslə
iştirak edirlər.
"Buggy Bug" Tədris və İnkişaf Mərkəzinin öz fəaliyyətini
bütün bunlarla məhdudlaşdırmadığını söyləyən Aysu xanım
məktəbəqədər təhsil pilləsi üzrə bir sıra beynəlxalq
təşkilatların gördükləri işlərlə, həyata keçirdikləri
tədbirlərlə yaxından tanış olduğunu dedi. Elə mərkəzin
bu günlərdə imza atdığı növbəti yeniliklərdən biri də
məhz dünyada təhsillə bağlı tanınmış beynəlxalq
təşkilatlardan biri ilə əməkdaşlıq üzrə razılığın əldə
olunmasıdır. Belə ki, adıçəkilən mərkəz həmin beynəlxalq
təşkilatla birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda
məktəbəqədər təhsil pilləsi üzrə mühüm bir layihənin
həyata keçirilməsini planlaşdırmışdı.
Aysu xanım onu da bildirdi ki, artıq həyata
keçirilməsinə başlanılmış bu layihə çərçivəsində həm
tərbiyəçilərlə, həm də bütövlükdə uşaq və onların
valideynləri ilə də sistemli işlər aparılacaqdır.
Uşaqlarla 6 aylığından 6 yaşa qədər rəftar və onların
bacarıq, qabiliyyət və istedadlarını üzə çıxararaq
inkişaf etdirilməsi və bununla bağlı valideynlərlə
müəyyən işlərin aparılmasını nəzərdə tutan layihə
dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri
sayılan Harvard Universitetinin tanınmış mütəxəssisləri
tərəfindən hazırlanmışdır.
Qeyd edək ki, valideynlərlə, uşaqlarla və tərbiyəçilərlə
kompleks təlim və maarifləndirmə işi respublikamızda ilk
dəfə olaraq məhz "Buggy Bug" Tədris və İnkişaf Mərkəzi
tərəfindən həyata keçiriləcəkdir. Təlimi uğurla keçən
tərbiyəçilər xüsusi proqramla işləmək üçün 4 illik
beynəlxalq sertifikat alacaqlar.
"Buggy Bug" Tədris və İnkişaf Mərkəzinə cəmiyyətimiz
üçün olduqca vacib, məsuliyyətli və nəcib işlərində
uğurlar arzulayırıq.
Samirə KƏRİMOVA |