Elm
bir məbəddir. Bu məbədə doğru gedən yolun hər addımında
çətinlik var. Addım-addım irəlilədikcə onu hiss edirsən.
Amma hər tapdığın, müəyyən etdiyin yeniliyə bağlanırsan.
O, səni növbəti addımlara sövq edir. Çəkdiyin
əziyyətləri unudursan. Sanki çətinliklər stimullaşdırıcı
bir vasitəyə çevrilərək adama rahatlıq gətirir. Elm
məbədində o kəslər çıraq yandırır ki, onlar istedad və
zəhmətləri ilə daha çox parlayır və cəmiyyətdə
başqalarından fərqlənirlər. Özlərinin qeyri-adi
qabiliyyətləri, istedadları ilə görünürlər. Nasim
müəllim də belələrindəndir.
Nasim Əjdər oğlu Abışov 1974-cü ildə Yardımlı rayonunun
Bozayıran kəndində dünyaya göz açmışdır. Orta təhsilini
də bu kənddə almış, həmişə dərs əlaçısı kimi
fərqlənmişdir. Daha çox təbiət elmlərinə maraq
göstərmiş, onları dərindən öyrənməyə çalışmışdır. Orta
məktəbdə oxuduğu illərdə kimya və biologiya fənləri üzrə
beynəlxalq və respublika olimpiadalarında iştirak etmiş,
yüksək yerlər tutmuşdur. O, 1991-ci ildə orta məktəbi
başa vuraraq respublika olimpiadasının qalibi kimi Bakı
Dövlət Universitetinin kimya fakültəsinə imtahansız
qəbul olunmuşdur.
Ali məktəb illərində də yüksək fəaliyyəti ilə
fərqlənmişdir. Dərslərini əla oxumaqla yanaşı, həm də
ilkin araşdırmalara qoşulmuş, tədqiqatçı tələbə kimi
müxtəlif konfranslarda, seminarlarda məruzələrlə
çıxışlar etmişdir. 1996-cı ildə universiteti fərqlənmə
diplomu ilə bitirmiş və həmin ildə aspiranturaya daxil
olmuşdur. 1999-cu ildə aspiranturanı başa vurmuş,
2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft
Akademiyasının fiziki kimya kafedrasında assistent
vəzifəsində çalışmışdır. 2001-ci ildə fiziki kimya üzrə
namizədlik dissertasiyası müdafiə edərək alimlik
dərəcəsi almışdır.
Nasim müəllim təhsil illərində, eləcə də elmi
araşdırmalarla məşğul olduğu dövrdə bir müəllim kimi
daim şagirdlərlə məşğul olmağa, onlara dərs deməyə daha
çox üstün yer ayırır, fəaliyyətində bu istiqaməti heç
vaxt yaddan çıxarmırdı. Elə bu səbəbdən də elmlə məşğul
ola-ola 1996 - 2000-ci illərdə kimyadan Beynəlxalq
Olimpiadalara Hazırlıq Mərkəzində də çalışır,
şagirdlərə kimyanın daha dərindən öyrənilməsində
yardımçı olur və bu işindən xüsusi zövq alırdı. Məktəb,
təlim prosesi bu gənc alimi özünə daha çox çəkirdi.
Nəhayət, Nasim müəllim 2001-ci ildə ölkəmizin innovasiya
məktəblərindən olan Heydər Əliyev adına Müasir Təhsil
Kompleksində kimya kafedrasının müdiri vəzifəsinə işə
qəbul olunur və 2003-cü ildə tədris hissəsinin müdiri
vəzifəsinə irəli çəkilir. 2009-cu ildən isə məktəbin
direktoru vəzifəsində çalışmağa başlayır.
N.Abışov bir müəllim, pedaqoq kimi çalışdığı dövrlərdə
yüksək nailiyyətlər qazanır. Onun dərs dediyi şagirdlər
beynəlxalq kimya olimpiadalarında qızıl, gümüş və bürünc
medallar alır. Həmin şagirdlərin əksəriyyəti
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya
fakültəsinə imtahansız qəbul olunur. 2006-cı ildə onun
şagirdlərindən biri Cənubi Koreyada keçirilən
beynəlxalq kimya olimpiadasının qalibi kimi gümüş
medalla təltif edilir.
Beləliklə, Nasim müəllimin şagird kimi qazandığı
beynəlxalq nailiyyətlər bir irs, ənənə kimi sonradan
müəllim işlədiyi dövrdə şagirdlərinə, yetirmələrinə
keçir, onların canında, qanında yaşayır. O, həmişə söz
düşəndə yetirmələrinin beynəlxalq uğurlarından fəxarətlə
danışaraq özünü onlarda tapdığını və bunun bir elm,
təhsil şəcərəsi olduğunu deyir. Bütün bunların
nəticəsidir ki, Nasim Abışov bu gün bir kimya müəllimi
kimi Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Kimyadan
Təhsil Assosiasiyasının diplomçusu kimi yüksək bir ad
daşıyır. Həm də ölkəmizdə kimya fənni üzrə respublika
olimpiadası münsiflər heyətinin üzvü kimi fəaliyyət
göstərir.
Nasim müəllim bir elm adamı kimi fəaliyyətə başlasa da,
göründüyü kimi, daim məktəblə, praktika ilə bağlı olub.
Əldə etdiyi elmi nailiyyətlərini şagirdlərinə ötürməklə
müqəddəs bir müəllimlik missiyasını yerinə yetirib. Elə
bu minvalla da özü hiss etmədən pedaqoji elmlərin sirli,
sehrli aləminə varid olub. Hətta aspirantura illərində
belə məktəb kimya kursundan ayrılmayıb. Onun
özəlliklərini araşdırıb, məktəbin, müəllimin
ehtiyaclarından irəli gələn məsələlərə daha çox diqqət
yetirib. Bu yanaşmalar innovasiya xarakteri daşıyıb,
yeni olub. Müasir təhsil quruculuğunun tendensiyasına
cavab verib.
Nasim müəllimin yaradıcılığı üçün xarakterik olan
keyfiyyətlərdən biri odur ki, o, müəllimlik təcrübəsini
pedaqoji, metodik araşdırmalarla ustalıqla
əlaqələndirib. Başqa sözlə, təcrübədə nələrə ehtiyac
olubsa, ondan yazıb. Beləcə, təcrübəli bir müəllim kimi
praktikada, peşəkar bir kimyaçı-metodist kimi
nəzəriyyədə irəliləyib.
Yaradıcılıq təcrübəsi onu göstərir ki, adətən,
tədqiqatçılar kiçikhəcmli yazılar yaza-yaza böyük
əsərlərə doğru addımlayırlar. Bu zaman özlərinin
yaradıcılıq diapazonunu genişləndirməklə yanaşı, həm də
daha əhatəli məsələləri öyrənməyə cəhd edirlər. Nasim
müəllim isə, əksinə, elmi-metodik yaradıcılığa irihəcmli
əsərlərlə gəlib. Özü də daha qlobal, daha ümumi xarakter
daşıyan problemlərin həllinə təşəbbüs göstərməklə qədəm
qoyub. Onun 1999-cu ildə müəlliflər kollektivi ilə birgə
hazırladığı irihəcmli "Kimyadan dünya olimpiada
məsələləri" dərsliyi və "Abituriyentlər üçün kimyadan
qəbul imtahanlarına hazırlıq" dərs vəsaiti bu qəbildən
olan kitablardır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu problemlər
zamanında aktual sayılan və tədqiqatçı cəsarəti tələb
edən məsələ kimi dəyərləndirilmişdir. Bu gün də onlar öz
aktuallığını saxlamaqda davam edir. Təbii ki, bunlar
qlobal dünyanın təhsil məkanında milli və bəşəri
dəyərlərə malik şəxsiyyətin formalaşdırılması
ideyasından irəli gəlir.
Nasim Abışov özünün elmi-pedaqoji, metodik yaradıcılığı
üçün başlıca leytmotiv kimi təlim prosesində müasir
texnologiyalardan istifadəni götürür. Bu məsələni həm
ümumpedaqoji, həm metodik istiqamətdə araşdırır.
Tədqiqatlarının, demək olar ki, əksər hissəsini kimyanın
tədrisi metodikasına həsr edir. O hətta özünün
ümumpedaqoji fikirlərini əsaslandıranda da kimya
fənninə aid nümunələrə istinad edir.
Nasim müəllim konkret olaraq araşdırmalarını tədris
prosesində informasiya-kommunikasiya texnologiyalarından
istifadə üzrə işin sisteminin yaradılmasına yönəldir.
Apardığı araşdırmalarının nəticələrini "Kimyanın
tədrisində iş dəftərlərindən istifadənin üstünlükləri"
(2001), "Tədris prosesində informasiya və kommunikasiya
texnologiyalarından istifadənin üstünlükləri" (2007),
"Tədris zamanı informasiya texnologiyalarından
istifadənin effektivliyinin təcrübi olaraq yoxlanılması"
(2007), "Kimyanın tədrisində müasir informasiya
texnologiyalarının rolu" (2008), "Kimyanın tədrisində
kompüterin rolu" (2008), "Kimyanın tədrisi zamanı
interaktiv lövhələrdən istifadə təcrübəsindən" (2008),
"İnformasiya və kommunikasiya texnologiyalarına
əsaslanan yeni təhsil infastrukturu" (2009), "Kimyanın
tədrisində internet saytlarından istifadə" (2009),
"Kimya fənninin tədrisində proqram təminatından
istifadə" (2010) kimi məqalələr şəklində hazırlayaraq
pedaqoji mətbuatda çıxışlar edir.
Göründüyü kimi, bu yazılarda İKT müasir zamanın zəruri
təhsil texnologiyası kimi əsaslandırılmaqla yanaşı, həm
də kimyanın təlimində ondan istifadə edilməsinə dair
tövsiyələr verilir: səmərəliliyin artırılması,
kompüterin rolu, interaktiv lövhələrdən, İnternet
saytlarından, proqram təminatından istifadə kimi
məsələlər şərh olunur.
Nasim müəllimin elmi-metodik yaradıcılığının bir
istiqaməti dərslik, dərs vəsaiti və metodik vəsaitlərin
hazırlanması ilə bağlıdır. Onun yazdığı 70-ə qədər
əsərin 19-u həmin qəbildəndir. Bunların içərisində
aparıcı yeri dərsliklər tutur. Ümumiyyətlə, müasir
dövrdə dərsliklərin hazırlanması həm elmi, təcrübi
potensial, həm yeni pedaqoji təfəkkür, həm də yeni
texnoloji bacarıq tələb edir. Nasim müəllimin VIII sinif
üçün yazdığı "Kimya" (2004), eləcə də VIII, IX, X
siniflər üçün yazdığı interaktiv elektron "Kimya" (2010)
dərslikləri onu göstərir ki, o, müasir
informasiya-kommunikasiya texnologiyalarını,
ümumiyyətlə, təhsil texnologiyalarını dərindən
bilməklə yanaşı, onları təlimin məzmununa gətirməyi,
onlardan səmərəliliyi yüksəltməyin mühüm vasitəsi kimi
peşəkarlıqla istifadə etməyi bacarır. Eyni zamanda bu
dərsliklərə aid hazırladığı iş dəftərlərində şagirdlər
üçün səmərəli iş formaları, sual və tapşırıqlar təklif
edir. Müəlliflər kollektivi ilə birgə hazırladığı "Kimya
cədvəllərdə və sxemlərdə" (2008), "Kimya. Uşaqlar üçün
ensiklopediya" (2008), "Kimyadan olimpiada məsələləri"
(2009) adlı kitablar da onun kimya elmi ilə məktəb
kimyası arasındakı çox vacib hesab edilən əlaqələri
aydın təsəvvür etdiyini və bir mütəxəssis kimi bu
əlaqələrin reallaşdırılması üçün formalar və vasitələr
seçə bildiyini göstərir.
Nasim müəllim informasiya-kommunikasiya
texnologiyalarından istifadəyə dair apardığı
araşdırmalarını monoqrafiya formasında ümumiləşdirərək
"Müasir informasiya-kommunikasiya texnologiyalarının
tədris prosesinə tətbiqi" adı ilə 2011-ci ildə nəşr
etdirir.
Nasim müəllimin imzası yalnız Azərbaycanda deyil, onun
sərhədlərindən kənarda da tanınır. Təlim prosesində
informasiya-kommunikasiya texnologiyalarından istifadə
ilə bağlı apardığı araşdırmaların nəticələri barədə
hazırladığı məqalələrini beynəlxalq miqyasda tanınmış
olan jurnallarda çap etdirir. Moskva, Vinnutsya,
Voronej, Çerniqov, Yekaterinburq, Krasnoyarsk, Taqanroq
kimi xarici ölkə şəhərlərində nəşr olunan "Kimya
təlimində müasir informasiya texnologiyalarından
istifadə" (2008), "Tədris prosesinə rəhbərlik zamanı
müasir informasiya texnologiyalarından istifadə" (2008),
"İnteraktiv imtahan test tapşırıqlarının nəticələrinin
karelyasiyasının tədqiqi" (2009), "Təhsil
müəssisələrində yeni informasiya texnologiyaları"
(2009), "Elektron dərslik necə olmalıdır?" (2011),
"İKT-ni tətbiq etməklə təhsilin keyfiyyətinin
yüksəldilməsi" (2011) və sair məqalə və tezislərində
müasir pedaqoji innovasiyalarla bağlı araşdırmalarını
daha geniş auditoriyada müzakirəyə təqdim edir.
Nasim müəllim həm də peşəkar təhsil təşkilatçısıdır.
İxtisasını gözəl bildiyi kimi, işlədiyi, rəhbərlik
etdiyi kollektivdə böyük nüfuz qazanmışdır. Çalışdığı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin
rəhbərliyi tərəfindən ona verilmiş xasiyyətnamədə
göstərilir ki, "Abışov N.Ə. yüksək idarəetmə bacarığına
malik bir məktəb rəhbəridir. O, müəllimlərin elmi,
metodik və pedaqoji hazırlığının yüksəldilməsinə qayğı
və tələbkarlıqla yanaşır, təlim metodlarının
təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının
tətbiqi istiqamətində səmərəli fəaliyyət göstərir. O,
daim yenilikçiliyə, yaradıcılığa və təşəbbüskarlığa
malik olan bir məktəb rəhbəri və müəllimdir".
Nasim müəllim bütün yaradıcılığı boyu kimyanın tədrisi
metodikası sahəsində araşdırmalarını davam etdirmişdir.
Bu sahədə onun uğurları çoxdur. Bu il o, daha böyük bir
nailiyyət qazanmıışdır. Neçə illər
"İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi
ilə yeni tədris infrastrukturunun yaradılması və tədqiqi
(kimyanın tədrisində tətbiqi)" doktorluq
dissertasiyasını (məsləhətçilər: texnika üzrə elmlər
doktoru, professor Ələkbər Əliyev; pedaqogika üzrə
elmlər doktoru Mütəllim Abbasov) başa çatdıraraq
uğurla müdafiə etmişdir. AAK yüksək səviyyəli tədqiqat
işi kimi onu təsdiq etmiş, Nasim müəllimə layiq olduğu
pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini
vermişdir.
Biz Nasim müəllimi yüksək alimlik dərəcəsi alması
münasibətilə ürəkdən təbrik edirik. Ona cansağlığı,
gələcək həyat yollarında, elmi fəaliyyətində daha böyük
uğurlar qazanmasını arzulayırıq.
Bu məqamda böyük Şərq filosofu İbrahim Həvvasın bir
fikrini xatırlayırıq: "Elm əldə etmək üçün gərək elm
üçün vacib olanı edəsən". Nasim müəllim, elm məbədinə
doğru addımladığınız bütün məqamlarda bir alim səbri ilə
qüvvəniz daxilində müasir təhsiliniz üçün nə lazımsa,
onu etmisiniz. Heç şübhəsiz, bunları davamlı olaraq
inkişaf etdirəcək, irəliyə doğru aparacaqsınız. Allah
sizə yar olsun!
Vaqif ABBASOV,
AMEA-nın müxbir üzvü, Y.H.Məmmədəliyev adına Neft-Kimya
Prosesləri İnstitutunun direktoru, professor, əməkdar
müəllim,
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
dosent, əməkdar müəllim |