Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Bakı Slavyan Universitetinin Azərbaycanı xaricdə tanıdan tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir

 

Bakı Slavyan Universitetində Azərbaycanı xaricdə tanıdan tədris-mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsinə aid tədbir keçirilmişdir. Tədbirdə BSU-nun prorektorları Asif Hacıyev, Sahibə Qafarova və Oktay  Səmədov çıxış etmişlər. Bildirilmişdir  ki, müasir dövrdə çoxşaxəli fəaliyyət ölkəmizin təhsil müəssisələrinin başlıca xüsusiyyətlərindən birinə çevrilmişdir. Bu gün ali məktəblər yalnız yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən tədris müəssisələri, gənc nəslin təlim və tərbiyəsinə cəlb edilmiş təhsil ocaqları kimi deyil, həm də ictimai və mədəni sahələrdə xüsusi çəkiyə malik olan və beynəlxalq əlaqələrindən bəhrələnərək azərbaycanşünaslığı xaricdə təbliğ edən, ölkəmizi dünyaya tanıtmaqda özünəməxsus rol oynayan elm və mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərirlər.

Əsrin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə yaradılmış və qısa müddət ərzində bir çox layihələrə imza atmaqla və faydalı beynəlxalq əlaqələr qurmaqla geniş nüfuz qazanmış Bakı Slavyan Universitetinin çoxşaxəli fəaliyyəti buna bariz nümunədir.

 Qeyd olunmuşdur ki, bu gün BSU tərəfindən yaradılmış və Azərbaycanı təbliğ edən tədris-mədəniyyət mərkəzləri Rusiyanın Moskva Dövlət Linqvistik Universitetində, Belarusun M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində və Kiyev Milli Linqvistik Universitetində uğurla fəaliyyət göstərir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor K.Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış bu mərkəzlərdə Azərbaycan dili tədris olunur, dövlət və milli bayramlar qeyd edilir, ölkəmizin görkəmli ziyalıları, elm və mədəniyyət xadimləri, şair və yazıçılarla, səfirlik nümayəndələri, diaspora təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirilir, kitab təqdimatları və sərgiləri, elmi seminarlar, "dəyirmi masa"lar və disputlar təşkil olunur.

Diqqətə çatdırılmışdır ki, yaxın gələcəkdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək prezident seçkiləri ərəfəsində, Bakı Slavyan Universiteti iki ölkənin - Bolqarıstan və Rusiyanın nüfuzlu ali məktəblərində yeni Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılışına hazırlaşır. BSU-nun Bolqarıstanın paytaxtında yerləşən Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki B.Yeltsin adına Ural Federal Universiteti ilə imzaladığı qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin rəsmi açılışı sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində gözlənilir. Hər iki universitetdə tədris-mədəniyyət mərkəzləri üçün xüsusi otaqlar ayrılmışdır və hazırda Azərbaycanın bir guşəsinə çevriləcək bu otaqlarda əsaslı təmir işləri həyata keçirilməkdədir.

BSU mərkəzləri həm tədris prosesində, həm də mədəni-kütləvi tədbirlərdə geniş istifadə ediləcək ən müasir texniki avadanlıqlarla - kompüter avadanlıqları, geniş ekranlı televizor və proyektorlarla, sənədli və bədii videodisklərlə, milli məişət və bəzək əşyaları ilə təmin ediləcəkdir. Burada Azərbaycanın müasir durumu, beynəlxalq siyasi və iqtisadi əlaqələri, turizmin inkişafı, ölkənin mədəni həyatı, ədəbiyyatı və incəsənəti barədə zəngin məlumatlar toplanacaqdır.

Mərkəzlərin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən, onun müasir həyatından bəhs edən albom və kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, elmi nəşrlər, dərsliklər və tədris ədəbiyyatından, lüğətlər və məlumat kitabçalarından, dövri mətbuat nümunələrindən ibarət olacaqdır.

Rusiyalı tələbələrə Azərbaycan dilinin xarici dil qismində tədrisi, bu coğrafi məkanlarda yaşayan həmvətənlərimizin övladları üçün Azərbaycan dili üzrə Bazar günü məktəblərinin təşkili, Azərbaycana maraq göstərən yerli tələbələrin "Azərbaycanın dostları" klubunun yaradılması da nəzərdə tutulmuşdur.

Vurğulanmışdır  ki, ümummilli lider Heydər Əliyevin  azərbaycançılıq ideologiyasının təbliği sahəsində Bakı Slavyan Universitetinin əldə etdiyi təcrübə hər bir mərkəzin bu məqsədə nail olacağına əminlik yaradır. Yaxın gələcəkdə fəaliyyətə başlayacaq hər iki mərkəz Azərbaycanın dünyaya tanıdılması istiqamətində bu gün uğurla həyata keçirilən dövlət siyasətini əməli şəkildə dəstəkləyən BSU kollektivinin prezident seçkiləri ərəfəsində dövlətimizə töhfəsi, ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin universitetin professor-müəllim və tələbə heyəti tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov