Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın
paytaxtı İslamabad şəhərindəki "Edhi Homes" kimsəsizlər
evində məskunlaşan uşaqlar və ahıllar, həmçinin bu
təşkilatın texniki işçiləri və dəvət olunmuş qonaqlar
üçün iftar süfrəsi təşkil olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, tədbirdə senatorlar Malik Məhəmməd
Rafiq Racvana və Seyid Zəfər Əli Şah, Milli
Assambleyanın üzvləri Asiya Naz Tanoli, Tahir İqbal
Çoudri, Pəncab və Xayber Paxtunxva əyalət
parlamentlərinin üzvləri, ölkənin tanınmış siyasi və din
xadimləri, Xarici İşlər Nazirliyinin nümayəndələri,
ölkənin aparıcı KİV-lərinin təmsilçiləri və səfirliyin
əməkdaşları iştirak etmişlər.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda və
xaricdə həyata keçirilən layihələr, xüsusilə humanitar
tədbirlər barədə ətraflı məlumat verilmişdir.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, Heydər
Əliyev Fondunun Pakistanda silsilə humanitar yardım
proqramları çərçivəsində "Edhi Homes" kimsəsizlər evində
sığınacaq tapan uşaqlar, həmçinin Xayber Paxtunxva
əyalətinin on minlərlə sakini tibbi baxışdan keçirilmiş,
hepatit B virusuna qarşı peyvənd olunmuşlar. Həmçinin
Peşavər şəhərinin "Akbar Care" serebral iflic
institutunda imkansızlar üçün müayinə təşkil edilmiş,
"Kulsum İnternational" xəstəxanasında pulsuz açıq ürək
əməliyyatları aparılmışdır.
Bundan
başqa, Heydər Əliyev Fondu tərəfindən Həmza Fonduna
müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə
təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd
qanköçürmə paketi verilmiş, Ramazan ayında və Qurban
bayramında Pəncab, Sind, Xayber Paxtunxva və Bəlucistan
əyalətlərində humanitar aksiyalar keçirilmiş, Xayber Göz
Fondunun yeni binasının inşasına maliyyə dəstəyi
göstərilmiş, Saif Fonduna maddi yardımlar olunmuşdur.
Mərasimdə o da vurğulanmışdır ki, 2007-ci ildə
Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı
dağılmış məktəbin yerində Heydər Əliyev Fondu tərəfindən
yeni, müasir məktəb binası inşa edilmiş, 2012-ci ildə
əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan
hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adı
verilmişdir.
Tanınmış siyasətçi, hakim Pakistan Müsəlman Liqasının
aparıcı funksioneri senator Malik Məhəmməd Rafiq Racvana
Pakistanda həyata keçirdiyi humanitar layihələrə,
həmçinin müqəddəs Ramazan ayında kimsəsiz insanlara
iftar yeməyi təşkil etdiyinə görə Azərbaycanın birinci
xanımına dərin minnətdarlığını bildirərək demişdir ki,
bu aksiya eyni zamanda Pakistan və Azərbaycan arasında
qardaşlıq münasibətlərinin təzahürüdür.
Senator Racvana Mehriban xanım Əliyevanın Pakistanda
həyata keçirdiyi layihələrin ölkə ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirildiyini və məhz buna görə
Azərbaycanın birinci xanımının 2012-ci ildə Pakistanın
Qadın Könüllülər təşkilatı və "Daily Times" qəzetinin
"İlin adamı - Humanizmin simvolu" mükafatına layiq
görüldüyünü də qeyd etmişdir.
Senator Seyid Zəfər Əli Şah isə ölkələrimiz arasında
qədim tarixə söykənən dostluq əlaqələri haqqında
danışaraq, iki qardaş müsəlman xalqlarını birləşdirən
tarixi, dini, mədəni oxşarlıqları xatırlatmışdır.
Əməkdaşlığın müasir dövrdə bütün istiqamətlər üzrə
dinamik inkişaf etdiyini diqqətə çatdıran senator
Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam
dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanı bir
dövlət kimi tanımadığını bir daha bəyan etmişdir.
İftar yeməyindən sonra "Edhi Homes" kimsəsizlər evinin
sakinləri üçün musiqi proqramı təşkil edilmiş, onların
hər birinə Heydər Əliyev Fondunun qiymətli hədiyyələri
çatdırılmışdır.
Humanitar aksiya Pakistanın kütləvi informasiya
vasitələri tərəfindən geniş işıqlandırılmışdır. |