Fransada
səfərdə olan Azərbaycanın birinci xanımı, 2015-ci ildə
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva iyulun 19-da Parisdə
Fransanın idman, gənclər, xalq təhsili və ictimai
məsələlər üzrə naziri xanım Valeri Firneyron ilə
görüşmüşdür.
Görüşdə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci
Avropa Oyunları ilə bağlı məsələlər müzakirə edilmişdir.
Fransanın idman, gənclər, xalq təhsili və ictimai
məsələlər üzrə naziri xanım Valeri Firneyron ölkəsinin
bu oyunların təşkil olunmasında öz təcrübəsini bölüşmək
niyyətini bildirmiş, Fransa şirkətlərinin oyunlara
hazırlıq prosesində iştirakında maraqlı olduğunu diqqətə
çatdırmışdır.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva oyunlara hazırlıq işlərinin fəal
şəkildə aparıldığını, qarşıda duran məsələlərin həlli
istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü
diqqətə çatdıraraq qeyd etmişdir ki, idman ölkəsi kimi
tanınan Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək
üzrə ilkin olmaq vəzifəsini layiqincə yerinə yetirəcək
və oyunları yüksək səviyyədə keçirəcəkdir. Mehriban
xanım Əliyeva oyunlara hazırlıq prosesində Fransa
şirkətləri ilə birgə əməkdaşlıq təklifini müsbət
qiymətləndirmişdir.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə
etmək üçün sentyabr ayında Bakıda Fransanın İdman,
Gənclər, Xalq təhsili və İctimai məsələlər üzrə
Nazirliyinin, Fransanın Olimpiya Komitəsi və Fransa
şirkətlərinin iştirakı ilə birgə seminarın keçirilməsi
barədə razılığa gəlinmişdir.
Sonda işçi nahar verilmişdir.
AzərTAc |