Azərbaycanda Milli Mətbuat Gününün böyük təntənə ilə
qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilmişdir.
Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər
Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli
mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı fərman
imzalamışdır. Həmin vaxtdan hər il iyulun 22-si
ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində
qeyd olunmağa başlanmışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan
Mətbuat Şurasının nümayəndələri, həmçinin televiziya və
agentliklərin rəhbərləri, bir sıra qəzet və jurnalların
redaktorları, əməkdaşları Milli Mətbuat Günü
münasibətilə iyulun 22-də Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül
dəstələri düzülmüşdür.
Sonra "Əkinçi" qəzetinin yaradıcısı, Azərbaycan
mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə
əklil qoyulmuş, böyük mütəfəkkirin xatirəsi anılmışdır.
Böyük maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı
önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov
milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan
danışmışdır. Bildirmişdir ki, 1875-ci il iyulun 22-də
maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr
olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın
fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları
ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif,
mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı
ilə bağlı məqalələr dərc olunmuş, bu mətbu orqan
vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə
aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu
qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği,
ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv
işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini
təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.
Qeyd edilmişdir ki, 138 il əvvəl görkəmli ictimai xadim,
böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk
milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı
olacağını bilsəydi, qürur hissi keçirərdi. O dövrdə 5-10
ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların
fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların
təfəkküründən yararlanmaq hər ziyalının işi deyildi. Bu
səbəbdən Milli Mətbuat Gününün məhz Həsən bəy Zərdabinin
adı, onun yaratdığı "Əkinçi" qəzeti ilə bağlanması bu
böyük publisistin haqqıdır.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışında
son illər ölkəmizdə medianın inkişafı, fikir və məlumat
azadlığının təmin olunması istiqamətində görülmüş
işlərdən danışmışdır. Bildirmişdir ki, mətbuatın
hüquqi-normativ bazasının möhkəmləndirilməsi ilə yanaşı,
onun iqtisadi müstəqilliyinin təmin edilməsi də dövlətin
diqqət mərkəzindədir. Azərbaycanda 156 jurnalistin
dövlət tərəfindən mənzillə təmin olunması bunun parlaq
nümunəsidir. |