Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Azərbaycan Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını,
onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdir

 

Böyütmək üçün şəkili seçinİyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdir.

Prezident  İlham ƏLİYEV çıxış edərək dedi:

- Əziz idmançılar. Hörmətli qonaqlar, idman mütəxəssisləri, məşqçilər!

Sizi salamlayıram və bu yaxınlarda Kazan şəhərində keçirilmiş universiadada əldə edilmiş böyük uğurlar münasibətilə təbrik edirəm.

Bu, doğrudan da böyük qələbədir. Dövlətimizin, xalqımızın növbəti böyük idman uğurudur. İdmançılarımız çox yüksək səviyyədə çıxış etmişlər, 16 medal qazanmışlar. Onlardan 4-ü qızıl, 5-i gümüş, 7-si isə bürünc medaldır. Dörd dəfə milli himnimiz səslənmişdir, 16 dəfə dövlət bayrağımız qaldırılmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, idman dövlətidir və idman Azərbaycanda çox uğurla inkişaf edir.

Böyütmək üçün şəkili seçinOnu da qeyd etməliyəm ki, idmançılarımız komanda hesabında 15-ci yerə çata bilmişlər, Avropada 9-cu, müsəlman ölkələri arasında isə birinci yerdəyik. Bu da böyük uğurumuzdur. Bu uğurun təməlində gərgin iş və idmançıların peşəkarlığı dayanır. Keçən il Londonda keçirilmiş Olimpiya Oyunlarında idmançılarımız çox yüksək və tarixi nailiyyət göstərmişlər. İdman Azərbaycanda o qədər sürətlə inkişaf edir ki, burada ardıcıllıq da müşahidə olunur. Peşəkar idmançılar, gənclər, tələbə idmançılar, uşaqlar, yeniyetmələr - idmana böyük maraq vardır. Azərbaycan bütün mötəbər beynəlxalq yarışlarda böyük uğurlara imza atır. Londonda 10 medal qazanmışıq və bu da tarixi nailiyyət idi.

Universiadaya da böyük maraq var idi. Bu günlər ərzində dünyanın marağı demək olar ki, oraya istiqamətlənmişdi. Əlbəttə, Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər.

Azərbaycan o ölkələrdəndir ki, sürətlə inkişaf edir. O cümlədən idman sahəsində də əldə edilmiş uğurlar artıq dünya ictimaiyyəti tərəfindən qiymətləndirilir. Biz idmanın kütləviliyini, hesab edirəm ki, böyük dərəcədə təmin edə bilmişik. Düzdür, hələ bu istiqamətdə görüləsi işlər çoxdur. Ancaq bütövlükdə götürəndə, son illərdə idmana artan maraq, idman bölmələrinə müşahidə olunan axın, xüsusilə uşaqlar, yeniyetmələr tərəfindən göstərilən maraq onu deməyə əsas verir ki, biz kütləviliyi təmin edə bilmişik. Bu yaxınlarda Xaçmazda 38-ci regional Olimpiya İdman Mərkəzinin açılışı da bunu göstərir. İndi 38 şəhərimizdə idmanla məşğul olmaq üçün gözəl şərait vardır. Bildiyiniz kimi, bu işlər davam etdirilir. Hər bir şəhərdə, hər bir rayon mərkəzində gözəl imkanlar olacaqdır.

İdman hər bir cəmiyyətin ümumi inkişafını göstərir. Bir daha demək istəyirəm ki, idman arenalarında ən böyük uğurları inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir, həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil dövlətdir, biz də öz gücümüzü artırırıq və idmana olan dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə edilməsində öz rolunu oynamışdır. Əlbəttə ki, məşqçilərin, idman mütəxəssislərinin çox peşəkar fəaliyyəti və idmançıların fədakarlığı bu ümumi inkişafa öz töhfəsini vermişdir.

Azərbaycanda idman ümummilli məsələdir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən idmanla bağlı olan bütün tədbirlərdə qeyd edirəm ki, hər bir insan, xüsusilə, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Lap idmançı olmasa belə, idmanla məşğul olmaq insana həm fiziki, həm mənəvi güc və əminlik verir. İdman mədəniyyətdir.

Hesab edirəm ki, dövlət tərəfindən aparılan siyasət bu istiqamətdə müsbət nəticələrə gətirib çıxarmışdır. İdmançılara dövlət tərəfindən göstərilən diqqət də yüksək səviyyədədir. Mən vaxtaşırı idmançılarla görüşürəm. Onları uğurları münasibətilə təbrik edirəm. Çox şadam ki, bu illər ərzində bizim görüşlərimiz mütəmadi qaydada keçirilir.

Əlbəttə, Milli Olimpiya Komitəsinin prezidenti kimi bu, mənim vəzifə borcumdur. Ancaq, eyni zamanda, mən idmançılarla görüşlər əsnasında onların işləri ilə maraqlanıram. Eyni zamanda, gənc idmançıların yetişdirilməsi üçün əlavə hansı tədbir görülməlidir, bunu da biz daim diqqətdə saxlayırıq. İdmanın uğurlu və ardıcıl şəkildə inkişafı artıq təmin edilibdir. Bizdə gənc nəsil yetişir, tələbə idmançılar, uşaqlar. İndi mən mütəmadi qaydada müxtəlif bölgələrdə olarkən görürəm ki, uşaqlar, balaca uşaqlar idmanla necə həvəslə məşğul olurlar.

Həmçinin siz də gəncsiniz. Siz indi böyük idmana demək olar ki, təzəcə qədəm qoyursunuz. Sizin yaxşı, gözəl gələcəyiniz vardır. Əminəm ki, siz 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarında da iştirak edəcəksiniz. Orada da Azərbaycan bayrağını yüksəklərə qaldıracaqsınız. Bir sözlə, idmanın gələcəyi ilə bağlı nə məndə, əminəm ki, nə sizdə, nə də Azərbaycan cəmiyyətində heç bir şübhə yoxdur. Biz əminik ki, idmançılar daim bizi sevindirəcəklər.

Onu da qeyd etməliyəm ki, cəmiyyətdə artıq idmançıların uğurlarına bir vərdiş yaranıbdır. Yəni, sanki bu, belə də olmalıdır. Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir. Əminəm ki, sizin üçün də bu, belədir.

Mən çox şadam ki, bu gün sizinlə görüşürəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti sizin uğurlarınızı layiqincə qiymətləndirir. Bu gün səhər imzaladığım sərəncam əsasında idmançılara pul mükafatı veriləcəkdir. İlk dəfə universiadada əldə edilmiş uğurlara görə yüksək səviyyəli pul mükafatı veriləcəkdir. Bu gün müvafiq sərəncam oxunacaqdır. İdmançılara və onların məşqçilərinə dövlət tərəfindən daim diqqət, qayğı vardır. İdmançıların məişət problemləri də həll edilir. Hər ilin sonunda ənənəvi olaraq biz idmançıları mənzillərlə mükafatlandırırıq. İl ərzində digər mükafatlar da verilir. Bu, təbiidir, bu, lazımdır. Bu, dövlətin dəstəyidir, qayğısıdır.

Ancaq bir daha demək istəyirəm, mən tam əminəm ki, sizi qələbəyə aparan yollar sizin ürəyinizdən, Vətənə olan sevgidən, bizim milli bayrağımıza olan məhəbbətdən keçibdir.

Mən sizi bir daha bu qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, siz gələcəkdə bizi hələ çox sevindirəcəksiniz. Sağ olun.

***

Universiadanın yunan-Roma güləşi üzrə qalibi Rəsul ÇUNAYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Mən Rəsul Çunayev yunan-Roma güləşi üzrə qızıl medal qazanmışam.

Hörmətli cənab Prezident!

Hörmətli idmançılar və qonaqlar!

Mən bu gün dərin və sonsuz sevinc içindəyəm. Öz kütləviliyinə görə dünyada Olimpiya Oyunlarından sonra ikinci yerdə dayanan mötəbər bir yarışın - Tələbələrin XXVII Yay Universiadasının qalibi olmuşam. Bu, təkcə mənim qələbəm deyildir.

Möhtərəm Prezident, bu böyük qələbə Sizin qələbənizdir. Bu, dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlıların qələbəsidir. Mən sevinirəm ki, ölkəmizin şan-şöhrətini, nüfuzunu dünyada tanıtdım. Çətin mübarizələrdə Sizin dəstəyiniz, xalqımızın dəstəyi mənə kömək oldu. Bütün idmançılar kimi mən də bu köməyi, dövlətimizin diqqət və qayğısını yarışlara hazırlıq dövründə hiss etmişəm. Mən özümü bu mötəbər yarışlara həm fiziki, həm də mənəvi cəhətdən tam hazır hiss etmişəm. Elə bu inamla da yarışlarda idmanın yunan-Roma güləşi növündə mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Bu yarışlar mənim böyük təcrübə toplamağımda mühüm rol oynadı.

Milli komandamızın digər üzvləri də əzmlə mübarizə apararaq mükafatçılar sırasına düşdülər. Bu isə Azərbaycanın 162 ölkə arasında 15-ci yerdə qərarlaşmasına səbəb oldu.

Möhtərəm cənab Prezident, mən öz qələbəmə görə Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizin bütün idmançıları adından böyük ehtiramla bildirirəm ki, qarşıdan gələn seçkilərdə biz öz Prezidentimizi, idmançıların və gənclərin Prezidenti İlham Əliyevi dəstəkləyəcək, bundan sonra da doğma Vətənimizin idman şərəfini beynəlxalq miqyasda ləyaqətlə qoruyacaq, yeni nailiyyətlər əldə edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

***

Sərbəst güləş üzrə məşqçi Yaqub MƏMMƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Əziz idmançılar!

Öz miqyasına görə dünyada Olimpiya Oyunlarından sonra ikinci böyük auditoriya toplayan Tələbələrin XXVII Ümumdünya Yay Universiadası başa çatmışdır. Bu yarışlar ölkəmiz üçün çox əlamətdar olmuşdur. Azərbaycanın nümayəndə heyəti tələbə-gənclərin yarışına 81 idmançı ilə qatılmış, 10 idman növündə mübarizə aparmış və 16 medalla 162 ölkə arasında fəxri 15-ci yeri tutmuşdur. Bu isə ötən illərlə müqayisədə rekord göstəricidir.

Möhtərəm cənab Prezident, düşünürəm ki, bu qələbələr əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulan bədən tərbiyəsi və idman siyasətinin Sizin möhtəşəm fəaliyyətinizlə yeni məzmun və keyfiyyətlə davam etdirilməsinin bəhrəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, bütün idmançılar və biz məşqçilər daim Sizin qayğınızla əhatə olunmuşuq, həmişə Sizin diqqətinizi hiss etmişik. Bu isə idman sahəsində çalışan hər bir insan üçün çox vacibdir. Məhz bu qayğı idmançılarda daim ruh yüksəkliyi yaratmış, onları əzmlə mübarizə aparmağa, qələbə qazanmağa sövq etmişdir.

Mən bir məşqçi kimi idmanın güləş növünü təmsil edirəm. Son illərdə Azərbaycan idmanının beynəlxalq miqyasda mövqeyinin kifayət qədər möhkəmlənməsi məni heyran edir.

Təbii ki, bu mötəbər yarışda da əldə olunmuş qələbələr uğur ardıcıllığının bir nümunəsidir.

Cənab Prezident, eyni zamanda, bu qələbələr Azərbaycan idman ailəsinin Sizə töhfəsidir. Azərbaycan yığma komandasının bu mötəbər idman tədbirindəki uğurlu çıxışı ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü ifadə edirəm, Sizə cansağlığı arzulayıram və bildirmək istəyirəm ki, növbəti prezident seçkilərində biz - bütün idman ictimaiyyəti Sizinləyik. Gələcəkdə də ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf yolunda var qüvvəmizlə çalışacağıq.

Diqqətinizə görə çox sağ olun.

***

Prezident İlham ƏLİYEV: Sağ olun. Doğrudan da, bu, böyük qələbədir. Bir daha qeyd etmək istəyirəm ki, bu, idman qələbəsidir, eyni zamanda, Azərbaycan dövlətinin qələbəsidir. Gənc müstəqil Azərbaycan dövləti idman aləmində də öz sözünü deyir və biz güclülər sırasındayıq.

Onu da qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycanda keçirilmiş beynəlxalq yarışlar, o cümlədən dünya çempionatları, Avropa çempionatları əlbəttə ki, idmanın inkişafına öz töhfəsini vermişdir. Çünki Azərbaycan indi dünya idman aləmində də çox böyük qiymətə layiq olan bir ölkədir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar keçirilir, o cümlədən iki il bundan sonra birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Bu da bizim növbəti idman uğurumuzdur.

Çünki bildiyiniz kimi, bu günə qədər

Avropa Oyunları keçirilmirdi. Başqa qitələrdə bu oyunlar keçirilib, uzun illərdir ki, keçirilir. Avropada isə belə təcrübə yox idi. Belə oyunların keçirilməsi haqqında qəbul edilmiş qərar özlüyündə böyük əhəmiyyətə malikdir. Xüsusilə, nəzərə alsaq ki, birinci oyunların keçirilməsi bizə etibar edilib. Bu əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Bildiyiniz kimi, indi hazırlıq işləri gedir, cəmi iki il vaxtımız vardır. Siz universiadada uğurla çıxış etmisiniz, bilirsiniz ki, neçə il ərzində universiadaya hazırlıq işləri aparılmışdır. Yay Olimpiya Oyunları üçün hazırlıq dövrü təqribən 6-7 ildir. Bu ilin sonunda 2020-ci ildə keçiriləcək Olimpiadanın yeri müəyyən ediləcəkdir. Yəni, 6-7 il vaxt olacaqdır.

Bizim isə cəmi iki il vaxtımız vardır. Ancaq buna baxmayaraq, mən əminəm ki, biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Yay Olimpiya Oyunlarının səviyyəsində keçirəcəyik. İndi bunu etmək üçün bizim imkanlarımız var və idman qurğuları, o cümlədən Bakıda möhtəşəm Olimpiya Stadionu, Su İdmanı Sarayı tikilir. Bizim mövcud idman qurğularımız təmir edilir.

Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi təkcə idman infrastrukturunun yaradılması ilə məhdudlaşmır, nəqliyyat, təhlükəsizlik, təşkilati məsələlər. Bütün bu məsələlər böyük zəhmət və istedad tələb edir. Ancaq Azərbaycanın artıq beynəlxalq yarışların və beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi vardır. Mən heç şübhə etmirəm ki, vaxt azlığına baxmayaraq biz Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Əminəm ki, siz, bax bu gün burada əyləşən idmançılar bu oyunlarda fəal iştirak edəcəksiniz, xalqımızı bir daha sevindirəcəksiniz.

Onu da qeyd etmək istəyirəm ki, idmanın inkişafı ilə bağlı əlbəttə, müxtəlif meyarlar mövcuddur, idman infrastrukturu, idmanla məşğul olan insanların faiz baxımından miqdarı, ondan sonra digər amillər vardır. Ancaq bunların içində, hesab edirəm ki, idmançıların uğurları və medalların sayı ön plandadır. Biz ardıcıllıqla ildən-ilə medalların sayını artırmışıq. Əgər Olimpiya Oyunlarının tarixinə nəzər salsaq görərik ki, 1996-cı ildən 2012-ci ilə qədər ardıcıllıqla bütün Olimpiya Oyunlarında medalların sayı artmışdır və indi on medal əldə edilib. Bu da son hədd deyil, keçən Olimpiya Oyunlarında da medalların sayı çox olmalı idi. Sadəcə olaraq hakimlərin bəzi hallarda ədalətsizliyi buna imkan vermədi.

Ancaq bizim idmançılar, hesab edirəm ki, gələcəkdə də bizi sevindirəcəkdir. Biz sizdən yeni qələbələr gözləyirik. Çox şadam ki, indi idmanımızda yeni simalar, yeni adlar üzə çıxır. Bu universiadada iştirak edən və uğur qazanan idmançıların əksəriyyəti gənc idmançılardır, Azərbaycan ictimaiyyətinə o qədər də tanış deyillər. Bu da çox müsbət haldır. Yəni, gənc nəsil yetişir və əminəm ki, idmançılarımızın uğurları bundan sonra da olacaqdır.

Bir daha o fikrimə qayıtmaq istəyirəm ki, 162 ölkə arasında dünya miqyasında keçirilmiş Olimpiya Oyunlarından sonra ikinci mötəbər yarışda 15-ci yerə layiq olmaq tarixi qələbədir. Ancaq güclü dövlətlər buna qadirdir və güclü dövlət güclü cəmiyyət deməkdir. İnsanlarımızın peşəkarlığı, istedadı və bir daha demək istəyirəm ki, Vətənə olan bağlılığı bax, bu uğurları şərtləndirmişdir. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

***

Sonra dövlətimizin başçısı Kazanda qazanılan böyük qələbədə əməyi olan idmançılar, məşqçilər və idman mütəxəssisləri ilə görüşdü, onlara ən xoş arzularını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov