İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev
jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü
münasibətilə mənzillərin paylanması mərasimində iştirak
etmişdir.
Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi
göstəricilərini əks etdirən stendə baxdı.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına
məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət
binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir.
Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə
inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın
olan binanın həyətində geniş abadlıq-quruculuq işləri
görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış,
müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli
elektron ATS-i, iki su anbarı vardır.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya
vasitələrinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-
Əziz dostlar, hörmətli jurnalistlər, mətbuat işçiləri!
İlk növbədə, sizi peşə bayramınız münasibətilə ürəkdən
təbrik etmək istəyirəm, sizə gələcək fəaliyyətinizdə
uğurlar arzulayıram. Bu bayram günündə biz gözəl binanın
açılışında toplaşmışıq. Jurnalistlər üçün tikilmiş ev bu
gün istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə
sizi təbrik edirəm.
Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk
dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də
öz liderliyini göstərir. Çünki bildiyiniz kimi,
jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir.
Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür
evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda,
öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda
çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab
edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat
işçiləri ilə görüşlərimin birində jurnalistlər
tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək
verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı
bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında
gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın
yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına
gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və
burada yeni infrastruktur obyektlərinin yaradılması
nəzərdə tutulur. Bakı Art City, yəni, incəsənət
şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı
tikilir. Yəni, bu zonada bu binadan sonra
tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki,
biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə
görüşəcəyik.
Bildiyiniz
kimi, bu evdə mənzil alan jurnalistlərin arasında
müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi
baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və
bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki,
Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir
və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki,
cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır.
Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai
rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam
edəcəkdir.
Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir.
Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən
senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs
azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə
azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki,
məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam
formalaşması başlamışdır və bu gün Azərbaycanda söz
azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan
sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan
söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir
texnologiyaların tətbiqində də öz sözünü deyir.
Bildiyiniz kimi, bu gün İnternet jurnalistikası da çox
sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda.
Azərbaycanda İnternet tam azaddır.
İnternetin
yayılması sürətlə gedir, dövlət proqramları icra edilir,
o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı
İnternet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması
layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin
sayı 70 faizdən çoxdur.
Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik
ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin
edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət
qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə
olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə
olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai
proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində
qurulmalıdır.
Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür.
Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında
jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən
yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də
Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar
təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın
inkişafında böyük addımlar atılır, bütün azadlıqlar
vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax
bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer
nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu
mitinqləri işıqlandırması üçün böyük problem olmaz,
balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər
azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin
edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu
sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir
dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə
qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq
edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil
Azərbaycan dövləti, sözün əsl mənasında, hərtərəfli
inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə
getməsi əlbəttə ki, bizim gücümüzü artırır.
Jurnalistlərin
məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur.
Xüsusilə azad mətbuat olan halda jurnalistlərin
məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər
ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş
vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun
şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks
etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək
olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən
amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, İnternet
dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola
bilməz. Ona görə jurnalistlərin məsuliyyəti hesab edirəm
ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır.
Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu
məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər
bir insan qanun qarşısında, cəmiyyət qarşısında
məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu
məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların
məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.
Mən jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey
demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə
bağlı vaxtaşırı danışırsınız, yeni təkliflər irəli
sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə öz
dəstəyini verə bilər. Əgər dövlət tərəfindən hansısa bir
əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki,
peşəkarlıq artsın. Azərbaycanda gənc peşəkar jurnalist
kadrların hazırlanması daha da sürətlə getsin. Əlbəttə
ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm
ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan
jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə
bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər
hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq
elə hallar var ki, şəxsi maraqlar, yaxud da partiya
maraqları, korporativ maraqlar ön plana çıxır. Buna
əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil
dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü
olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi
bildirirəm.
Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq bir şüar,
bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz
vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və
jurnalistikanın bu sahədə çox böyük rolu vardır.
Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə
yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük
xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti
cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir.
Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük
əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik
prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə,
dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura
biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni
zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə
daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə
fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər
bir ölkənin öz inkişaf dinamikası, öz problemləri,
nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün
problemlər ölkə daxilində həllini tapmalıdır. Çünki əgər
biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm
ki, bütün məsələləri özümüz həll etməliyik.
Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı ilə
bağlı fikir ayrılığı yoxdur. Ölkənin strateji xətti -
istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar
ilə bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə
olan halda əlbəttə ki, daxili problemlər daxildə
müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas üstünlüyü
məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir,
Azərbaycan xalqının əlindədir, ölkəmiz Azərbaycan
xalqının iradəsi ilə idarə olunur.
Ona görə vətənpərvərlik mövzuları hesab edirəm ki, bizim
mətbuatda daha da geniş yer almalıdır. Müstəqilliklə
bağlı olan mövzulara daha da geniş yer verməliyik.
Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu
mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast
gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir.
Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin
üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək
həyatımızla bağlı fikirlər, mülahizələr, fikir
mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm
ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan
ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən
əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu
arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır
ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının
vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik
və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət
atributları deyildir. Müstəqillik müstəqil həyatdır,
müstəqil siyasətdir, dövlətin və milli maraqların
qorunmasıdır.
Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə
bağlı daha da böyük işlər görülməlidir. Əlbəttə ki,
daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq
əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata
çıxaraq.
Son illər ərzində dövlət və ictimai qurumlar tərəfindən
bu istiqamətdə önəmli addımlar atılmışdır, qeyri-hökumət
təşkilatları da bu sahədə fəaldır. Mətbuat işçiləri də
artıq xarici mətbuat orqanlarına çıxırlar. Biz bu
mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət
öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz
müxtəlif layihələr, qrantlar əsasında bu istiqamətdə öz
fəaliyyətimizi daha da geniş şəkildə aparmalıyıq.
Xocalı soyqırımı ilə bağlı olan məlumatların xarici
mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir. Son bir
neçə il ərzində bir neçə ölkə artıq Xocalı soyqırımını
soyqırımı kimi tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki,
həm dövlət, həm ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət
bu mövzunu daim diqqətdə saxlayır və bu, dünyada
reallıqları əks etdirir.
Danışmağa da sözümüz vardır. Çünki Azərbaycan qısa
müddət ərzində istənilən sahədə böyük, bir çox hallarda
analoqu olmayan inkişafa imza atmışdır. Bu inkişaf indi
beynəlxalq qurumlar tərəfindən daha da çox tanınır.
Yəni, bunu inkar etmək olmaz. Bəzi antiazərbaycan
qüvvələri buna nə qədər çalışsalar da, bunu inkar etmək,
bunu görməmək mümkün deyildir. Biz Azərbaycan
reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz
jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni
lobbisi onların gücü olan ölkələrdə bizə qarşı təşkil
edilmiş fəaliyyət aparır. Nə üçün?! Bir məqsədlə ki,
sübut etsinlər və belə bir fikir yaratsınlar ki,
ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və
bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar,
uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar vaxtaşırı
xarici mətbuata ötürülür. Onlar öz şəbəkələri hesabına
buna nail olurlar.
Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını
dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim
əlimizdə İnternet kimi universal bir vasitə vardır.
Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki
Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə
çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini
dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici
siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən
problemlər, çatışmayan məsələlər vardır. Biz bunu
bilirik və jurnalistlər də bu problemlərin
aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla
bərabər, nailiyyətlər də kifayət qədər çoxdur.
Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan qısa müddət
ərzində müstəqil dövlət kimi formalaşdı, gücləndi. Bu
gün güclü potensiala malikdir, öz taleyini özü həll
edir. Beynəlxalq aləmdə böyük nüfuza malikdir. Dünyanın
ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının
üzvüdür. İqtisadi və sosial məsələlərin həllində bir çox
ölkələr üçün nümunə ola bilər. İnkişaf etmiş ölkələrin
meyarlarının bir çoxu artıq Azərbaycanda tətbiq
edilibdir, xüsusilə iqtisadi sahədə. Yəni, deməyə
sözümüz çoxdur. Sadəcə olaraq biz bu işləri daha çox
əlaqəli şəkildə aparmalıyıq. Yenə də qayıdıram əvvəlki
mövzuya, vətənpərvərlik, dövlətçilik duyğuları bütün
başqa məsələlərdən üstün olmalıdır.
Ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif
siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər
bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət
maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik.
Çünki müstəqillik, bir daha demək istəyirəm ki, ən böyük
sərvətdir, ən böyük dəyərdir. Biz bundan sonra da
müstəqilliyi qorumalıyıq. Bundan sonra da çalışmalıyıq
ki, müstəqillik, dövlətçilik, azadlıq prinsipləri
Azərbaycanda tam şəkildə təmin edilsin. Çünki bəzi
hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə
yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə
özünə dayaq axtaranlar vardır. Xaricdə deyəndə mənim
üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə
yerləşir. Azərbaycanın problemləri Azərbaycan daxilində
öz həllini tapmalıdır. Xaricdən dəstək almaq hesab
etmirəm ki, müstəqilliyin əlaməti ola bilər. Xüsusilə
indiki dünyada. Biz görürük ki, müxtəlif yerlərdə
proseslər çox mənfi istiqamətdə gedir, qarşıdurmalar,
böhran, kütləvi etirazlar. Yəni, bizim maraqlarımızı
bizdən çox güdən ola bilərmi? Əlbəttə ki, yox. Ona görə
hesab edirəm ki, bax biz gələcəkdə bu məsələlər
ətrafında daha da ciddi fikirləşməliyik. Dövlət isə öz
tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini
əsirgəməyəcək, Azərbaycanda azad mətbuatın davam
etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə
Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır.
Mən bir daha, əziz dostlar, sizi bu gözəl hadisə
münasibətilə təbik etmək istəyirəm. Qeyd etmək
istəyirəm, bəlkə də siz bunu bilirsiniz ki, burada
yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən
çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan
jurnalistlərin sayı hələ də vardır. Bunu nəzərə alaraq,
yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif
irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də
buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq
buna layiq olan jurnalistlərin mənzillərlə təmin
edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna
etmirəm ki, gələcəkdə bu yerə "Jurnalistlər şəhərciyi"
deyəcəklər. Sağ olun.
***
Mətbuat Şurasının sədri Əflatun AMAŞOV çıxış
edərək dedi:
- Möhtərəm cənab Prezident, Sizi jurnalistlərimiz
adından salamlamaqdan məmnunluq duyuram. Bu, Sizinlə
dördüncü görüşümüzdür. İndiyədək gerçəkləşən
təmaslarımızın hər biri spesifik xüsusiyyətləri ilə
yadda qalıb. Lakin mahiyyətcə hamısının qayəsində eyni
məram, eyni məqsəd dayanır. Bu, mediamızın dünya
standartlarına uyğun inkişafı prosesinin
jurnalistlərimizin həyat səviyyəsinin yaxşılaşdırılması
ilə vəhdətdə götürülməsinə əsaslanır.
Düz 8 il əvvəl - 2005-ci ildə bizim arzu və
təkliflərimizi nəzərə alaraq "Əməkdar jurnalist" adını
bərpa etdiniz. Milli mətbuatımızın 130 illiyi
münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin
gün daha 96 jurnalistimiz orden, medal, "Əməkdar
mədəniyyət işçisi" fəxri adı və Prezident təqaüdü ilə
təltif olundu. Bu təltiflər milli mətbuatımızın
cəmiyyətdəki yerinə, jurnalist peşəsinə verilən son
dərəcə böyük dəyər idi.
Hörmətli cənab Prezident! Ölkəmizdə medianın inkişafı
həmişə diqqət mərkəzində olub. 1998-ci ildə MDB
məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi
informasiya vasitələri üzərindən senzura tamamilə
götürülüb. Bu tarixi addım ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Düz 10 il sonra - 2008-ci
ildə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası
qəbul edildi və fond yaradıldı. Bununla da mediaya
yardım ardıcıl, şəffaf bir sistemə çevrilib. Bu proses
isə cənab Prezident, Sizin adınızla bağlıdır və mediamız
üçün böyük tarixi xidmət nümunəsidir.
Azərbaycan dövləti mediamızın inkişafındakı marağını ən
müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə
ortaya qoyur. Mediamız dövlətimizin dəstəyini hər zaman
hiss edir. Ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi
əməli nəticələrini KİV-lərimizin inkişafında və
jurnalistlərimizin rifah halının yaxşılaşmasında
göstərir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılmasından sonrakı vəziyyətlə əvvəlki illərin
durumunun müqayisəsi bu baxımdan kifayət qədər dolğun
mənzərə formalaşdırır. Əlbəttə, inkişaf göz önündədir və
bunlar gələcək üçün böyük bir nikbinlik yaradır.
Möhtərəm cənab Prezident, bizim ikinci görüşümüz 2010-cu
ilin Milli Mətbuat Günündə baş tutdu. Həmin gün Mətbuat
Şurasının yeni binasının açılışını etdiniz. Bu gün biz
heç bir ölkənin nəinki Mətbuat Şurasının, hətta hansısa
media qurumunun belə sahib olmadığı şəraitə malikik.
Həmin gün, eyni zamanda, jurnalistlərimizin böyük qrupu
da tərəfinizdən mükafatlandırıldı. İdarə heyəti üzvləri
ilə görüşdə mediamızın mövcud durumunun konseptual
təhlilini verdiniz. Jurnalistlərin məişət şəraiti ilə
bağlı məsələlərə həssas yanaşaraq onlara mənzil
tikintisini nəzərdə tutan sərəncam imzaladınız. Bu gün
biz həmin sərəncamın bəxş etdiyi sevincə şahidlik
edirik. Biz artıq jurnalistlər üçün tikilmiş bu möhtəşəm
binanın önündəyik. Tam əksəriyyəti kirayələrdə,
yataqxanalarda yaşayan 156 həmkarımız tezliklə öz
mənzillərinin işığını yandıracaqlar.
Çox hörmətli cənab Prezident, Azərbaycan
jurnalistlərinin Sizinlə üçüncü görüşü 2010-cu ildə
"Jurnalistlərin dostu" mükafatının təqdimatı mərasiminə
təsadüf etdi. Siz həmin görüşdə jurnalistlərin dostu
olmağın böyük şərəf olduğunu bildirdiniz. Biz Azərbaycan
jurnalistləri Sizin sayənizdə Azərbaycan dövlətinin
media siyasətinin, mövcud istiqamətdə başlanmış
proseslərin bundan sonra da davamlı xarakter alacağına
əminik. Bu dostluq, cənab Prezident, bizim üçün daha
böyük şərəfdir və daha böyük məsuliyyətdir!
Hörmətli cənab Prezident, uzun illər ötəcək, Sizin bu
gün - Milli Mətbuat Günündə 156 jurnalist ailəsinə bəxş
etdiyiniz bu sevinc Azərbaycan ictimaiyyətinin, xüsusən
bu sevinci yaşayan jurnalistlərin yaddaşında əbədi həkk
olunacaqdır. Mənzil alanlar içərisində mərhum
jurnalistlərdən Alı Mustafayevin, Mirzə Əsgərovun, Vahid
İmanovun, bu günlərdə müalicəsi üçün şəxsən tapşırıq
verərək Almaniyaya yola salacağınız Nicat Dağların
ailəsi də vardır. Azərbaycan Jurnalistlərinin VI
qurultayında Sizə qəbul etdiyimiz müraciətdə bu haqda
jurnalist ictimaiyyətinin xüsusi təşəkkürünü
bildirmişik. Bu gün mən bu kürsüdən bir daha
jurnalistlərimizin xüsusi təşəkkürünü və minnətdarlığını
Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu
xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab
Prezident, Sizin azad sözə, siyasi plüralizmə, jurnalist
peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin bir
nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi,
maarifçi alim Həsən Bəy Zərdabinin, həm də müstəqil
Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyevin ruhunu şad etdiniz.
Hər şeyə görə bir daha təşəkkür edirik!
***
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
bölmə müdiri Bətul AYVAZLI çıxış edərək dedi:
- Çox hörmətli cənab Prezident!
Sizin mətbuat işçiləri ilə hər
bir görüşünüz jurnalistlərə yeni ruh yüksəkliyi, yeni
qüvvə verir, daha yaxşı işləmək əzmimizi artırır. Bu gün
milli mətbuatımızın bayramıdır. Amma sıradan olan bayram
deyildir, ikiqat bayramdır. Çünki bu bayram mərasimində,
cənab Prezident, Siz iştirak edirsiniz, jurnalistləri
yeni mənzillərlə təbrik edirsiniz. Bu gün Sizin
tərəfinizdən 156 jurnalistə bayram münasibətilə belə
gözəl mənzillər hədiyyə olunur. Cənab Prezident, bu,
dünyada analoqu olmayan bir nümunədir. Bu, gənc müstəqil
Azərbaycanda Sizin həyata keçirdiyiniz siyasətin
göstəricisidir.
Müasir müstəqil Azərbaycanda əsası ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının
təmin edilməsi, kütləvi informasiya vasitələrinin
inkişafı, jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı dövlət siyasəti Sizin
tərəfinizdən uğurla davam etdirilir. Son on ildə bu
istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu
mənada Sizin "Azərbaycan mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi haqqında" 2010-cu il 22
iyul tarixli sərəncamınıza əsasən jurnalistlər üçün belə
gözəl yaşayış binasının tikilməsi dövlətimizin yüksək
diqqət və qayğısının əyani təsdiqidir.
Möhtərəm Prezident, Sizin müdrik, uzaqgörən siyasətiniz,
xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlər
nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərə ürəkdən
sevinirik.
Yeni minillikdə Azərbaycan tarixinin quruculuq
salnaməsinə Sizin qüdrətli zəkanızla möhtəşəm zəfər
səhifələri yazılır. İndi Azərbaycan dünyanın iqtisadi
cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan
dünyada söz və nüfuz sahibidir. Sizin dünya müstəvisində
yüksəklərə qaldırdığınız Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvüdür. Dünyada bu təşkilatdan yuxarı qurum
yoxdur.
Cənab Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə kosmik
ailənin üzvü olmuşdur. Azərbaycan çox mötəbər beynəlxalq
tədbirlərin keçirildiyi məkandır. Bu, Sizin yorulmaz
fəaliyyətiniz sayəsində dünyanın aparıcı dövlətlərinin
etibarlı tərəfdaşına çevrilmiş Azərbaycana dərin inamın
göstəricisidir.
Bu uğurlardan ruhlanan AzərTAc-ın kollektivi Azərbaycan
həqiqətlərini daha geniş coğrafiyada yaymağı özləri üçün
şərəfli vəzifə, eyni zamanda, Vətən, xalq qarşısında,
cənab Prezident, Sizin qarşınızda borc hesab edir. Ulu
öndərimiz Heydər Əliyevin ideallarına sadiq olan
agentliyimizin jurnalistləri bu şərəfli missiyanı yüksək
səviyyədə yerinə yetirəcək, etimadınızı bundan sonra da
layiqincə doğruldacaqlar.
Çox hörmətli cənab Prezident! Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva da Sizinlə birlikdə xalqımızın rifahı naminə
yorulmadan çalışır, qədim mədəniyyətimizin dünyada
təbliği işinə böyük töhfələr verir. Bu möhtəşəm işlər
Azərbaycanın birinci xanımına təkcə ölkəmizdə deyil,
beynəlxalq aləmdə də sonsuz hörmət və dərin ehtiram
qazandırmışdır.
Bu gün jurnalistlərə çox dəyərli hədiyyə təqdim
olunubdur. Bu hədiyyənin Sizin tərəfinizdən təqdim
olunması onun dəyərini qat-qat artırır. Buna görə Sizə
"Çox sağ olun!" deyirik. İnşallah, Sizin sayənizdə o
mənzillərdə ailələrimizlə birlikdə xoş günlər
keçirəcəyik. Əminik ki, öz vətəndaşının xoşbəxtliyini,
sevincini görmək Prezidentimiz üçün də gözəl hədiyyədir.
Cənab Prezident, bu evləri jurnalistlərə bəxş etməklə
Siz birbaşa tarixə düşürsünüz. Bu, Sizin Prezident
olaraq azad sözə, siyasi plüralizmə, fərqli düşüncəyə
olan münasibətinizin göstəricisidir. Mən bu mərasimimizi
siyasiləşdirmək istəmirəm. Lakin ağlıma bir fikir gəlib,
onu ürəyimdə saxlamaq da istəmirəm. İndi bizə
demokratiya dərsi keçmək istəyənlər bir vaxtlar fərqli
düşüncəyə görə jurnalisti döyüb avtomaşının yük yerinə
basırdılar. İndi prezident kürsüsünə iddialı olanlardan
biri isə fərqli düşünənlərin ağzından özü vuracağını
bəyan edir. Cənab Prezident, Sizin qiymətiniz məhz
burada bilinir ki, sözün həqiqi mənasında, əsl demokrat
da, mediaya, fərqli düşüncəyə kifayət qədər plüralist
yanaşan dövlət başçısı da Sizsiniz. Buna görə mən bütün
kollektivimiz adından Sizə təşəkkür edirəm.
Möhtərəm Prezident! Bir daha Sizə bütün mətbuat işçiləri
adından, çalışdığım AzərTAc-ın kollektivi, mənzil alan
jurnalistlər və ailə üzvlərimin adından dərin
minnətdarlığımı bildirirəm. Sizə, Mehriban xanıma,
ailənizə cansağlığı, uzun ömür, ulu öndərimizin şah
əsəri olan müasir müstəqil Azərbaycanımızın tərəqqisi
naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Xalqımız Sizin yenilməz iradənizə, başladığınız hər bir
işi uğurla sona çatdırmaq qətiyyətinizə, ölkəmizi daha
böyük qələbələrə qovuşdurmaq əzminizə inanır, xoşbəxt
gələcəyini Sizin adınızla bağlayır. Əminik ki, müdrik
Azərbaycan xalqı öz müstəqil dövlətinin sükanını növbəti
prezident seçkilərində də Sizə etibar edəcəkdir, Sizi
dəstəkləyəcəkdir.
Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!
***
"525-ci qəzet"in baş redaktoru Rəşad MƏCİD çıxış
edərək dedi:
- Hörmətli cənab Prezident, bu gün elə bir gündür ki,
hissiz, həyəcansız, emosiyalardan uzaq danışmaq
çətindir. Bəlkə 138 il öncə mətbuatımızın banisi Həsən
bəy Zərdabi "Əkinçi" qəzetinin ilk nüsxələrini alanda
kövrəlmişdi, kövrək duyğular keçirmişdi, onun bir neçə
həmfikirinin gözləri yaşarmışdı. Amma heç vaxt bütün
mətbuatımızın tarixində belə bir hadisə olmayıb ki, bu
qədər qələm adamı, onların yaxınları, doğmaları bu cür
sevinc içərisində olsunlar. Bəlkə bu gün burada əyləşən
insanlar arasında elələri vardır ki, sevincdən kövrəlir,
göz yaşlarını, qəhərini boğur, amma təkliyə çəkilən kimi
öz minnətdarlıqlarını, alqış və dualarını bildirirlər.
Bütün bu alqış və duaların tək ünvanı Sizsiniz cənab
Prezident! Bu xoş anları bəxş etdiyinizə, böyük
ürəyinizə görə Sizə təşəkkürümüzü bildiririk.
Əlbəttə ki, bu həyəcanlı dəqiqələrdə biz Sizin atanızı,
bizim jurnalistlərin dostu ümummilli lider Heydər
Əliyevi xatırlamasaq günah olar. Ümummilli lider
jurnalistlərin böyük dostu idi. 1998-ci ildə 100 ildən
artıq Azərbaycanda mövcud olan senzuranı ləğv etdi və
bundan sonra da məmur-mətbuat qarşıdurmasında həmişə
mətbuatın tərəfində oldu. Mətbuatın inkişafı üçün bir
neçə sərəncam imzaladı. Daha sonra bizimlə tez-tez
görüşürdü və mənim yadımdadır ki, 2002-ci il iyulun
22-də aparıcı qəzet redaktorlarına üç saat yarımdan
artıq müsahibə verdi. Mənim Qarabağla bağlı sualıma
təxminən 45 dəqiqə cavab verdi və özü də dedi ki,
indiyədək heç kimə demədiyim məsələləri sizə açıram.
Ürəyində Qarabağla bağlı ən dəruni fikirləri bizə
bildirdi. Axşam da tədbirimizə qatıldı, yenə bir saatdan
artıq bizimlə bir yerdə oldu. O günü heç zaman
unutmuruq. Ondan sonrakı, əvvəlki görüşlərdə də həmişə
mətbuata həssas münasibətinin şahidi olmuşuq.
Yadımdadır ki, mən 2001-ci ilin dekabr ayında çıxış
edəndə bəzi jurnalistlərimizin mənzil probleminin, Bakı
şəhərində jurnalistlərin ev almasının bir xəyal olduğunu
söyləmişdim. O vaxt tale və vaxt imkan vermədi, bir sıra
xəyallar gerçəkləşmədi. Amma ümummilli lider Heydər
Əliyevin qurduğu, möhkəm əsaslarını yaratdığı dövlətdə
xəyalların gerçəkləşməsi Sizə nəsib oldu. Siz mətbuat
sahəsində böyük ilklərə imza atdınız. Həm 2005-ci ildə
"Əməkdar jurnalist" adını bərpa etdiniz, Azərbaycanın
çoxlu jurnalistlərinə fəxri adlar verdiniz. 2008-ci ildə
Mətbuata Dövlət Dəstəyi Konsepsiyasını imzaladınız və
daha sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunu yaratdınız. Siyasi baxışlarına,
dünyagörüşlərinə heç bir fərq qoymadan bütün KİV-lərə
eyni şəkildə, eyni qaydada dövlət tərəfindən şəffaf
maliyyələşmə prosesi başladı. Hər il fond tərəfindən
yüzlərlə jurnalist müxtəlif mövzularda məqalələrinə görə
mükafatlandırılır. 2010-cu ildə Siz Mətbuat Şurasının
binasının açılışına gəldiniz, müstəqil mətbuat barəsində
dərin fikirlərinizi bildirdiniz. Yenə Azərbaycan
mətbuatı tarixində möhtəşəm, unudulmaz bir hadisə olan
jurnalistlərin mənzil, məişət şəraitinin
yaxşılaşdırılması barədə Sərəncam imzaladınız. Bütün
bunlarla Siz Azərbaycan mətbuat tarixinə öz adınızı
böyük hərflərlə yazdınız.
Amma Sizin gördüyünüz böyük işlər, gerçəkləşdirdiyiniz
xəyallar təkcə mətbuatla bağlı deyildir, Siz Azərbaycanı
dəyişdiniz, qüdrətli bir dövlətə çevirdiniz. Siz
Bakımızın simasını dəyişdiniz, onu regionun iqtisadi,
mədəni, siyasi paytaxtına çevirdiniz. İndi biz Bakıya
gələn qonaqları gecə vaxtı Xəzərdə gəmi ilə gəzdirərkən
onların paytaxtın işıqlarına, gözəlliyinə heyranlıqla
baxmasından, gecə işığında dalğalanan bayrağımızı necə
heyranlıqla seyr etməsindən zövq alırıq.
Siz Azərbaycanın regionlarını, bölgələrini dəyişdiniz.
Əvvəllər Strasburqa gedirdik, orada mətbuatla bağlı
tədbirlərdə olurduq. İndi mətbuatla bağlı tədbirlərimizi
Yevlaxda, Zərdabda, Gəncədə, Ağcabədidə, Lənkəranda
keçiririk. Elə həmin yerlərdə də özümüzü Strasburqda
olduğu kimi rahat hiss edirik. Bütün bu
gerçəkləşdirdiyiniz xəyallara, bu dəyişən Azərbaycana
görə Sizə böyük minnətdarlığımızı çatdırırıq. İndi Sizin
də, bizim də, xalqımızın da bir reallaşmayan arzusu, bir
gerçəkləşməyən xəyalı var. O da torpaqlarımızın işğaldan
azad olunması məsələsidir. Ötən ay Bakıda möhtəşəm hərbi
parad keçirildi. Bu günlərdə isə Siz həmin hərbi paradla
bağlı fikirlərinizi bildirdiniz. Ermənistan xalqına bu
paradla bağlı fikirlərinizi bəyan etdiniz. Ondan daha
əvvəl isə Siz 50 yaşınızı Ağcabədidə - laçınlı məcburi
köçkünlərlə bir yerdə keçirmişdiniz. Bu, qüdrətli bir
dövlətin başçısı tərəfindən böyük jest idi. Bu,
torpağını itirmiş insanlara böyük inam və güvən yaratmaq
idi. Eyni zamanda, həmin yerdən bir az aralıda düşmənə,
istilaçı dövlətə qarşı ünvanlanmış bir mesaj idi. Ad
gününüzü keçirdiyiniz həmin torpaqlardan bir az o
tərəfdə bizim işğal olunmuş torpaqlarımız, yolunu,
cığırlarını ot basmış, sökülmüş evlərimiz, kəndlərimiz,
şəhərlərimiz vardır. Bir az daha yuxarıda şair Məmməd
Arazın təbirincə desək, uzaqdan bir gecə lampası kimi
göy üzündə, yaxından bir ulduz topası kimi yer üzündə
olan Şuşa - Azərbaycan musiqisinin, mədəniyyətinin
beşiyi olan bir şəhər vardır. Anar müəllimin ümummilli
lider Heydər Əliyevlə bağlı xatirələri haqqında
"Unudulmaz görüşlər" əsərində bir məqam vardır. 1970-ci
illərdə Siz öz valideynlərinizlə birlikdə Şuşada
olmusunuz, Şuşanı gəzmisiniz, Cıdır düzünü gəzmisiniz.
Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş
Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad
olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq və bir
gün bizim yazarların, jurnalistlərin yazılarından
nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində
Siz yaradıcı insanlar, jurnalistlər üçün bir yaradıcılıq
evinin təməlini qoyacaqsınız. Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız
qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir,
reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz
xəyallardır. Bu yolda bütün Azərbaycan xalqı, bütün
jurnalistlər ordusu Sizinlədir.
Gördüyünüz böyük işlərə, bu ağayana təmkinli
görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan
ürəyinizə, bəxş etdiyiniz bu xoşbəxt anlara, bu savab və
yaxşılıqlara görə Sizə bütün həmkarlarım adından bir
daha dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi
qorusun, Allah Sizi qorusun.
***
Sonra Prezident İlham Əliyev binanın istifadəyə
verilməsini bildirən rəmzi lenti kəsdi.
Dövlətimizin başçısı binada "İki sahil" qəzetinin baş
redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi
ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində
təmir edilmişdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4
dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65,
ən böyüyünün isə 120 kvadratmetrdir.
Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı
Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış
oldu. Binadakı mənzillərin hamısı sürətli İnternet, İPTV
və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur.
Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa
ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak
etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada
1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir.
Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, müstəqillik illərində ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə milli mətbuatın beynəlxalq
standartlara uyğun inkişafına başlanıldı. Jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsi daim diqqət
mərkəzində saxlanıldı. 2003-cü ildən bəri bu proses yeni
inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham
Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə
kütləvi informasiya vasitələrinin inkişafına Dövlət
Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks
tədbirlər həyata keçirildi. 2010-cu ildə ölkə
jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi
istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı.
Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması
və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin
olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə
həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən
ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər
yüksək səviyyədə təmir edildi. Ümumilikdə isə binanın
tikintisinə və ətraf ərazidə abadlıq işlərinin
aparılmasına 22 milyon manatdan artıq vəsait sərf
olunmuşdur.
AzərTAc |