Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları

 

Azərbaycan Respublikası təhsil nazirinin
17 iyul 2013-cü il tarixli 739 nömrəli
əmri ilə təsdiq edilmişdir

 

1. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanmışdır və məktəb yaşına çatmayan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı məsələləri tənzimləyir.

2. Aşağıdakı zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:

2.1. Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi.

2.2. Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi. Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.

2.3. Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.

2.4. Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.

2.5. Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi.

2.6. Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.

3. Vaxtından əvvəl I sinfə qəbul hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

4. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.

5. Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunurlar.

6. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya (komissiyalar) tərəfindən uşağın tədris alacağı dildə aparılır. Komissiyaya rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri rəhbərlik edir.

7. Komissiya bu Qaydaların 2-ci bəndində qeyd olunmuş xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə vəsaitlərindən istifadə edir.

8. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır. Uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir. Valieynlərin arzusu ilə müsahibə zamanı videoçəkiliş aparıla bilər.

9. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

10. Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.

11. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu komissiyanın rəyi əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsinin) müdirinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti uşağın təhsil alacağı məktəbə təqdim olunmaq üçün onun valideyninə (digər qanuni nümayəndəsinə) verilir.

12. I sinfə müsahibə (müsabiqə) əsasında qəbul aparılan Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu Qaydalara uyğun olaraq həmin müəssisələr tərəfindən aparılır.

13. Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov