Ömürdən
səhifələr: Telman Həmzağa oğlu Cəfərov (Vəlixanlı)
1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində
anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə
bitirdikdən sonra 1985-1988-ci illərdə rus dili və
ədəbiyyatı müəllimi kimi çalışmışdır. Elmə olan həvəsi
onu 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki
M.F.Axundov adına APRDƏİ) aspiranturasına gətirmişdir.
Aspirantura müddətində əsgəri borcunu yerinə yetirən
T.Cəfərov 1992-ci ildə "M.Y.Lermontovun nəsri Azərbaycan
ədəbiyyatşünaslığı və tərcümələrində" adlı namizədlik,
2004-cü ildə isə "Qədim rus ədəbiyyatında slavyan-türk
əlaqələri" adlı doktorluq dissertasiyasını uğurla
müdafiə etmişdir.
Ali məktəbdəki fəaliyyəti Bakı Slavyan Universitetinin
rus ədəbiyyatı və onun tədrisi kafedrasında laborant
vəzifəsindən başlamışdır. Hazırda həmin kafedranın
professorudur.1996-cı ildə Bakı Slavyan Universitetinin
təsisçiliyi ilə fəaliyyətə başlayan Məktəb-Lisey
Kompleksinin (əvvəlki "Turan" Humanitar Liseyi)
direktorudur. 1993-cü ildə yaradılmış "Mütərcim" Tərcümə
və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.
Filologiya elmləri doktoru, professor Telman Cəfərovun
həyat yolundan son dərəcə xəsisliklə verdiyimiz
fraqmentlərdən də aydın görünür ki, söhbət fəaliyyət
dairəsi bir çox sahəni - müəllimlik, alimlik,
jurnalistlik, tərcüməçilik, təsisçilik, naşirlik və s.
əhatə edən ziyalıdan gedir. Belə şəxsiyyətlər haqqında
danışanda istər-istəməz XIX əsrin maarifçi ziyalıları
yada düşür. Fəaliyyətin çoxşaxəliliyi bu böyük
insanların önəmli cəhəti idi, əsas amal isə xalqa,
vətənə xidmət idi.
"Mənə bir hərf öyrədənin 40 il qulu olaram" (Hz.Əli).
Professorun fəaliyyət istiqamətlərinin hər biri
öyrənilməyə layiqdir. Ancaq bunların içərisindən
müəllimlik qırmızı xətt kimi keçir, digər sahələr də
məhz sözün geniş mənasında müəllimliyin ətrafında
birləşir. T.Cəfərov nə edirsə etsin, əsas məqsədi
öyrətməkdir. Biz isə hələlik onun pedaqoji anlamda başa
düşülən müəllimlik fəaliyyətini nəzərdən keçirək. Telman
müəllim bu sənətə sadəcə jurnal götürüb sinfə daxil
olmaq kimi baxmamışdır. Professorun fikrincə, sinif,
auditoriya xalqın, millətin tale yüklü məsələlərinin
həll olunduğu yerdir. Bu isə müəllimin üzərinə son
dərəcə yüksək məsuliyyət qoyur: "Milli mentalitetimizin
və mədəniyyətimizin, din və dilimizin üstünlüklərini,
geosiyası mövqeyimizi və iqtisadi potensialımızı öz
xeyrimizə sərf etməyin, dünyaya inteqrasiya və
qloballaşma meyillərinin Azərbaycan insanının rifah və
marağına yönəltmək yolunun məktəb və universitet
auditoriyasından keçdiyini yaxşı anlayıram". Bu sözlər
T.Cəfərovun özünə məxsusdur. Otuz illik müəllimlik
fəaliyyətinin təxminən 20 ilini onunla birgə olmuşam. Və
bu, mənə əsas verir deyim ki, T.Cəfərov həmin yuxarıda
sitat gətirdiyimiz ideyaya qulluq etdiyini işində,
əməlində artıq sübut etmişdir. Müqəddəs yol - müəllimlik
1985-ci ildə Azərbaycanın cənnət guşəsi olan Yardımlının
Vəlixanlı kəndindən başlamış və hazırda Bakı Slavyan
Universitetinin auditoriyalarında davam edir. İstər gənc
yaşlarında işlədiyi kənd məktəbinin, istər ali məktəbin,
istərsə də direktoru olduğu BSU MLK-nın vaxtilə tələbəsi
və şagirdi olduğu müdavimlərinin xoş sorağı dünyanın hər
yerindən gəlir.
1990-cı illərdə respublikada kütləvi şəkildə özəl ali
məktəblər təsis edilməyə başladı. Telman müəllim burada
da fərqli və mən deyərdim ki, daha münasib və uğurlu yol
seçdi: ali məktəb nəzdində orta ümumtəhsil məktəbi
yaratmaq təşəbbüsünü irəli sürdü. Ən yaxşı müəllimləri
işə cəlb etdi, şagirdlər imtahanla seçilib liseyə qəbul
edildi. Bunlar təhsilin yüksək səviyyəsinin ilk qarantı
idi. Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olmuş, 900 nəfərdən artıq şagirdi, 110 nəfərdən
çox müəllimi birləşdirən təhsil ocağı 2010-cu ildə
xalqımızın görkəmli ziyalısı, AMEA-nın müxbir üzvü,
rektor Kamal Abdullayevin təşəbbüsü ilə BSU Humanitar
liseyi və Bakı şəhər 15 nömrəli tam orta məktəbin
bazasında Bakı Slavyan Universiteti nəzdində
Məktəb-Lisey Kompleksinə çevrildi.
Müəllim işləyib təkcə özünə cavabdeh olmaq bir ayrı,
direktor olub böyük bir kollektivin məsuliyyətini
daşımaq isə ayrı məsələdir. Mən bu yazıda MLK-nın
müəllim və şagird kollektivinin uğurlarından danışmaq
istəmirəm. Bu, ayrı söhbətin mövzusudur və mətbuatda
müəyyən qədər işıqlandırılmışdır. Sözsüz ki, bu
nailiyyətlərin əldə olunmasında Telman Cəfərovun rolu
əvəzolunmazdır. Kollektivdə hamı bilir ki, Telman
müəllimi hər hansı bir işdən razı salmaq çox çətindir;
ondan da yaxşısını, ondan da uğurlusunu tələb edəcək -
kollektivin hər bir üzvünə qarşı da, özünə qarşı da
belədir. İşgüzarlıq, özünə tənqidi yanaşmaq, həmişə
irəliyə can atmaq - bunlar bir direktor kimi T.Cəfərovun
əsas iş üslubudur.
Bir müəllim kimi professor Telman Cəfərov yaxşı başa
düşür ki, keyfiyyətli dərslik tədrisi irəli aparan əsas
amillərdən biridir. Odur ki həm müasir dərsliklərin
müzakirəsində yaxından iştirak edir, müasir təlim
texnologiyalarına, innovasiya və yanaşmalara, elmi
mənbələrə əsaslanmış təkliflər irəli sürür (N.Mirzənin
"Ana dilimiz. Əlifbamız. Təhsilimiz və konfliktologiya
elmi haqqında bəzi mülahizələr" kitabına ön söz - Bakı,
2009; Ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün
təhsil standartları və tədris planları barədə - Bakı
Dövlət Universitetində keçirilən "Müasir şəraitdə
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini
yüksəltmək yolları" mövzusunda respublika elmi
konfransındakı məruzənin tezisləri, 2011; Kurikulum
konkret hədəflərə ünvanlanmış milli təhsil
konsepsiyasıdır - "Azərbaycan müəllimi" qəzeti, 2012, 21
dekabr; Orta məktəblər üçün alternativ dərsliklər
zamanın tələbidir -"525-ci qəzet", 2013, 25 may; Bizdə
obyektiv təhsil ekspertləri institutu formalaşmayıb -
"Palitra" qəzeti, 2013, 5 iyun və s.), həm də digər
tərəfdən ali və orta ümumtəhsil məktəbləri üçün proqram,
dərslik və dərs vəsaitləri tərtib edir. Metodist alimin
ali məktəblər üçün tərtib etdiyi proqramlar, "Qədim rus
ədəbiyyatı", "Rus ədəbiyyatı tarixi" adlı dərs
vəsaitləri, orta ümumtəhsil məktəblərin 7, 8 və 11-ci
sinifləri üçün hazırladığı "Literatura" dərslikləri,
"Məktəblinin ədəbiyyat lüğəti" və "Məktəblinin lüğəti"
adlı vəsaitləri pedaqoji ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilmişdir.
Müəllim təəssübkeşliyinin nəticəsidir ki, professor
Telman Cəfərov təhsilin, pedaqoji məsələlərin,
məktəbşünaslığın problemlərinə biganə qala bilmir.
Professorun dövri mətbuatda dərc olunan, konfranslarda,
yığıncaqlarda səslənən onlarla məqaləsinin, məruzə və
çıxışlarının adını çəkmək olar ki, təhsilimizin uğurlu
inkişafına işıq salır, çətinlikləri, nöqsanları və
onların həlli yollarını göstərir.
"Alimdir gözümdə ən uca insan" (N.Gəncəvi). Professor
Telman Cəfərovun bir alim kimi də fəaliyyət dairəsi
genişdir. Bu fəaliyyətin əsas istiqaməti rus
ədəbiyyatının Azərbaycanda tanınması olsa da, ədəbiyyat
tarixi, tərcüməşünaslığın problemləri, Azərbaycan
ədəbiyyatının xaricdə tanınması, xalqlararası ədəbi
əlaqələr, pedaqogikanın müxtəlif sahələri kimi qlobal
məsələlərə dair də alimin onlarla əsərləri var. Alim
200-dən artıq elmi məqalənin, 20-dən çox kitabın
müəllifi və tərtibçisi kimi tanınır. T.Cəfərov xaricdə
keçirilmiş onlarla beynəlxalq konfrans, simpozium və
seminar-treninqlərin fəal iştirakçısı olmuşdur. Elmin
müxtəlif sahələrinə, xüsusilə qədim rus ədəbiyyatı,
Azərbaycan və rus ədəbi əlaqələrinə həsr olunmuş
məqalələri mütəmadi olaraq xaricdə nəşr edilir.
Ədəbiyyatımızın təbliği və Azərbaycandakı müasir ədəbi
prosesin mənzərəsinin canlandırılması üçün Moskvada nəşr
olunan "Literaturnaya qazeta" ilə ədəbiyyatşünas alim
davamlı əməkdaşlıq edir. "XV-XVII əsrlər rus
ədəbiyyatında türk elementləri" kitabı 2003-cü ildə
Moskvada, "XV-XVII yüzyıl Rus Edebiyyatında Türkler"
adlı monoqrafiyası 2010-cu ildə Türkiyədə, "Noveyşaya
zarubejnaya literatura" adlı kitabda müəllifi olduğu
"Azərbaycan ədəbiyyatı" oçerki 2011-ci ildə Alma-Atada
çap olunmuş və elmi ictimaiyyət tərəfindən yüksək
qiymələndirilmişdir. "Qədim Rus və türklər XII-XVII
əsrlərin ədəbi abidələrində" monoqrafiyası Həştərxan
Dövlət Universitetinin nəşriyyatı tərəfindən çapa
hazırlanmışdır.
Tərcümə geniş mənada insanlar arasında ünsiyyət
vasitəsidir. Dilləri, ədəbiyyat və mədəniyyətləri
bir-birinə yaxınlaşdırmaq işində tərcümə əvəzolunmazdır.
Bütün bunları dərindən bilən T.Cəfərovun əsas fəaliyyət
istiqamətlərindən biri də tərcüməçilikdir. Bu sahədəki
uğurları digər sahələrdən heç də geridə qalmır.
Professor bir tərəfdən praktik təcüməçi kimi fəaliyyət
göstərir, digər tərəfdən tərcümə nəzəriyyəsi ilə bağlı
elmi məqalələr yazır, respublikada artıq öz sözünü demiş
"Mütərcim" jurnalına baş redaktorluq edir, digər
tərəfdən isə tərcümə və nəşr işi ilə məşğul olan böyük
bir mərkəzə rəhbərlik və təsisçilik missiyasını həyata
keçirir.
Telman Cəfərovun dahi rus yazıçısı F.M.Dostoyevskinin
"Karamazov qardaşları" romanını ilk dəfə Azərbaycan
dilinə çevirməsi tərcüməşünaslıqda hadisəyə çevrildi.
Tərcümə kitabına yazdığı ön sözdə professor Məmməd
Qocayev tərcümənin müsbət məziyyətlərini qeyd etməklə
yanaşı, bu işi qeyrət işi adlandırır: "Əslində
Dostoyevskinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi
bizim tərcümə məktəbimizin qeyrət işidir,
ziyalılığımızın, elmimizin, mədəniyyətimizin
səviyyəsinin göstəricisidir". Təsadüfi deyil ki,
adıçəkilən tərcümə işinə görə Telman Cəfərov Azərbaycan
Yazıçılar Birliyinin Tofiq Bayramov adına mükafatına,
Rusiya Elmlər Akademiyasının Rus ədəbiyyatı İnstitutu və
"Rus aləmi" fondunun təsis etdiyi Beynəlxalq tərcümə
mükafatına, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
"Qızıl kəlmə" ədəbi mükafatına layiq görülmüş, tərcümə
haqqında yüksək rəylər respublika mətbuatı ilə yanaşı,
Moskvada, "Literaturnaya qazeta"da və "Baku" jurnalında
nəşr olunmuşdur.
İdeoloji və dini maneələr üzündən sovetlər dönəmində
dahi rus yazıçısı L.N.Tolstoyun dilimizə çevrilməmiş
hekayələrini tərcümə edərək kitab şəklində
buraxdırmışdır. Professorun rus avrasiyaçı alimlər
N.Trubeskoy, P.Saviski, E.Xara-Davan, L.N.Qumilyov və
başqalarından etdiyi elmi-pedaqoji tərcümələri
"Avrasiyaçılıq ideyaları müasirlik prizmasında"
kitabında toplanmış, "Avrasiyaçılıq və azərbaycançılıq:
təmas nöqtələri və yaxınlaşma perspektivləri" adlı
elmi-nəzəri məqaləsi bir sıra ölkələrin nüfuzlu elmi
nəşrlərində dərc edilmişdir.
Keçən əsrin 90-cı illərində - müstəqilliyin ilk
illərində respublikamızda gedən proseslər, o cümlədən
xarici əlaqələrin (geniş mənada) birbaşa həyata
keçirilməsi dünya dillərindən də birbaşa tərcümə
problemini qarşıya qoydu. Bunu ilkin duyanlardan biri də
Telman Cəfərov oldu və 1993-cü ildə "Mütərcim" Tərcümə
və Nəşriyyat-Poliqrafiya Mərkəzini yaratdı. Əvvəllər
əsasən hüquqi sənədlərin Azərbaycan dilinə çevrilməsi,
xarici şirkət və firmalardan ingilis, alman, fransız,
ispan, türk dillərindən tərcümə sifarişləri qəbul edən
mərkəz tədricən fəaliyyət dairəsini genişləndirdi, elmi
və bədii əsərlərin, dərsliklərin və s. orijinaldan
dilimizə çevrilməsi işini də uğurla davam etdirdi.
Yarandığı gündən indiyə kimi bu müəssisənin nəşr etdiyi
kitabların sayı yüzlərlədir. Telman müəllim Prezident
sərəncamı ilə nəşr olunan 10-a yaxın kitabın tərtibçisi
və onlara yazılmış ön sözün müəllifidir.
Bu yaxınlarda professor Telman Cəfərovun 50 yaşı tamam
olur. Mənə elə gəlir ki, bu yaşda həqiqi bir vətəndaş,
istedadlı, əməksevər, cəfakeş maarif xadimi nələri edə
bilərdisə, Telman müəllim onlara nail olub. Amma ona da
əminik ki, daim irəli, daim uğurlara can atan bu
şəxsiyyəti yeni-yeni zirvələr gözləyir.
Akif MƏMMƏDOV,
pedaqogika üzrə fəlsəfə doktoru, BSU-nun dosenti, BSU
MLK-nın kafedra müdiri |